Edebiyyat.az » Təqdimat » Nicat Həşimzadə - 17557 nömrəli iş, “İşığımız sönməyəcək”

Nicat Həşimzadə - 17557 nömrəli iş, “İşığımız sönməyəcək”

Nicat Həşimzadə - 17557 nömrəli iş, “İşığımız sönməyəcək”
Təqdimat
admin
Müəllif:
18:47, 09 oktyabr 2021
276
0
Nicat Həşimzadə - 17557 nömrəli iş, “İşığımız sönməyəcək”




    
10 Oktyabr Ömər Faiq Nemanzadənin anım günüdür

“Doğru, bu gün o işıq sönən kimi görünür, lakin əsla sönməz, çünki o işıq özgə işıqdır, çünki özümüz kimi işığımız da qəribə xasiyyətlidir. Görürsən ki, bu işıq əsrlərdən bəri gah ətrafı qaplamış, bir çox yerlərdə hala baqi qalan böyük mədəni əsərlər vücuda gətirmiş, gah azalıb kiçilmiş, həm də o qədər keçilmiş ki, indiki kimi sönəcək zənn edilmiş, lakin sönməmiş. Bir az sonra yenə birdən parlamış, qüvvətli məşəllər meydana gətirmiş, böyüdükcə böyümüş, sonra yenə alçal miş, alçalmağın son dərəcəsinə gəlmiş, hər kəs sönəcək zənn etmiş, lakin sönməmiş. Yenə parlamağa üz qoymuşdur” ( Ömər Faiq, “Açıq söz” qəzeti. 20 yanvar 1916, № 90)

Çoxları Ömər Faiq Nemanzadədən söhbət düşəndə daha çox Ömər Faiq bəyin Mirzə Cəlillə dostluğunu və Molla Nəsrəddin jurnalındakı birgə fəaliyyətlərini xatırlayırlar. Mən Ömər Faiq bəyi Molla Nəsrəddindəki fəaliyyətindən və Mirzə Cəlillə dostluğundan daha çox publisistik fəaliyyətinə görə yüksək qiymətləndirirəm. Biz bu gün Ömər Faiq bəyin “Mən kiməm” məqaləsini bütün cəmiyyət olaraq bütövlükdə anlaya, qavraya bilsək, milli kimliyin, vətəndaşlıq fəlsəfəsinin mahiyyəti barədə dəqiq təsəvvürlərimiz formalaşar. XIX əsrdə milli kimlik məsələsi ciddi mübahisə doğuran amillərdən biri idi. İnsanlar milliyətin nədir sualına düzgün cavab verə bilmirdilər. Dini və milli kimlik arasındakı fərqi başa düşmürdülər. Məhz dini və milli kimlik arasındakı fərqi anlaya bilmədiyimiz üçün düşmən qüvvələr bu boşluğumuzdan istifadə edərək xalqımızı müxtəlif hissələrə bölürdülər. 
Öz soy və millətini tanımamaq, daha doğrusu, özünü bilməmək ən böyük günahlardan, silinməz ləkələrdən biridir. Lakin bu ləkə tezliklə gedən ləkəyə də bənzəmir. Bu ləkə yaman ləkədir. Bu ləkə surətində elə yılancıq (qanqrena) yarasıdır ki, millətimizin vücudunu, türklük varlığını yavaş-yavaş gəmirir, yox edir.
Diqqətlə oxumaq lazımdır bu cümlələri. Ömər Faiq bəy burada iki ardıcıl mərhələdən bəhs edir:     1)Öz milli kimliyini bilmək                                            2) Özünü bilmək
Özünü bilməyin yolu öz milli mənsubiyyətini bilməkdən keçir. Öz soyunu bilməsən, özünü də bilə bilməzsən. İndi biz hansı mərhələdəyik? Məncə, birinci mərhələni demək olar ki, 70 % anlamışıq. Xüsusən də, zəfərlə bitən 44 günlük müharibə milli mənsubiyyət və milli vətəndaşlıq anlayışlarının nə qədər böyük əhəmiyyətə sahib olduğunu hər kəsə göstərdi. İndi biz ikinci mərhələ haqqında düşünməliyik. Özümüzü bilməliyik. Özümüzü bilmək üçün oxumaq, öyrənmək, çalışmaq lazımdır. Özünü bilmək insandan əzmkarlıq tələb edir. Dünyanın dilini bilməliyik. Söhbət beynəlxalq səviyyəli danışıq dillərindən getmir. Dünyanın iqtisadi-siyasi dilini nəzərdə tuturam. Özümüzü və  dünyanı bilmək üçün cəhd etməliyik, çalışmalıyıq, milli iradəmizə sarılmalıyıq. Ümumilli iradə naminə öz fərdi maraqlarımızdan imtina etməliyik. Ömər Faiq bəy belə yazır, belə deyirdi. O sadəcə yazmırdı. Həm də müəllim idi. O sadəcə müəllim deyildi, həm də Şəkidə dərs saatlarından sonra məhəllə-məhəllə dolaşıb mədəniyyəti təbliğ edirdi. Həm də teatr tamaşaları hazırlayırdı. İstəyirdi ki, mədəniyyət, teatr, ali fikir təkcə fərdlərin yox, bütövlükdə milli iradənin təşəbbüsü olsun. 
Ömər Faiq bəy yazır: “Hər işdə camaatın köməkliyi mütləq camaatın öz qanacağı ilə, öz qəlbi və xahişi ilə olmalıdır ki, ondan bir səmərə və nəticə gözlənə bilsin” ( “Açıq söz” ,20 yanvar 1916 ).  

Sözün düzü, Ömər Faiq Nemanzadənin yaradıcılığı ilə 10 il əvvəl tanış olmuşam. Fəqət Ömər Faiq bəyin fikirlərinin dərinliyinə vara bilməmişdim. 10 il əvvəl 19 yaşım var idi. İntellektinə dərin hörmət bəslədiyim dəyərli dostum Şəhriyar bəy Məcidzadə ilə söhbətimizdə Ömər Faiq bəyin həyat və yaradıcılığı haqqında elə heyrətamiz fikirlər dedi ki, heyrətləndim. Həmin an başa düşdüm ki, Ömər Faiq bəyi oxusam da, anlaya bilməmişəm. Ömər Faiq Nemanzadəni bir cümlə ilə necə ifadə etmək olar? Milli iradəmizin, milli şüurumuzun, ana dilimizin müdafiəsinin və milli kimliyimizin simvolu. 
“Əgər Zəngəzura, Qarabağa vaxtında kömək edə bilməsək, o əhəmiyyətli yerlər əlimizdən çıxacaq. Əgər oralar əlimizdən çıxarsa,yaxşı biliniz ki,cümləmizqeyrət və namussuzluqla yad olunmaqdan savayı bütün məmləkətimiz, bütün həyatımız əbədi təhlükələrə düçar olacaqdır ( “İrşad” qəzeti, 1906, № 282 ).
Ömər Faiq bəy bizi xəbərdar etmişdi. Bir ziyalı kimi illər sonra baş verəcək hadisələri yazmışdı, yol göstərmişdi. Gələcəkdə baş verəcəklər faciələr haqqında öncədən məlumat vermişdi. Təəssüf ki, zamanında oxumadıq, zamanında anlamadıq. 
“ Bir millətin yaşaması dili ilədir. Dil yoxluğu millət yoxluğudur... Mən inanmam ki, dilini sevməyən millətini sevsin, çünki dil millətin tək nişanıdır... milli dildə danışmaq istəməyənin millətpərəstlikdən dəm vurması yalançılığın təzə modasından özgə bir şey ola bilməz”. (“Yeni iqbal”, 2 iyul 1915 ).
Dahi alman filosofu Haydeger hesab edirdi ki, dil varlığın evidir. Ömər Faiq bəy də yazırdı ki, dil millətin varlığıdır. Başqa bir alman filosofu Viqtenşteynsə yazırdı ki, dil düşüncənin sərhədlərini müəyyən edir. Semantik və linqvistik təhlillər apardıqca hər üç böyük şəxsiyyətə haqq qazandırmaq olur. 
“ Əgər açıq bura türkcəsi ilə yazarsaq, İstambula gedən beş – on qəzetimiz anlaşılmayacaqmış. Canları çıxsın anlamasınlar. Bizə beş – on istambullunun anlaması lazım deyil, üç – dörd milyon qafqazlının anlaması lazımdır” ( “Tərəqqi”, 16 mart 1909 ).
Ömər Faiq bəy milli dil deyərkən ərəb, fars sözləri ilə dolmuş osmanlı türkcəsini nəzərdə tutmurdu. O, dilimizdə islahatlara ehtiyac olduğunu deyirdi. Məncə, bu islahata bu gün də ehtiyacımız var. 


Qanlı illər, qırmızı terror, repressiya
Repressiya dalğası 66 yaşlı ahıl Ömər Faiq bəydən də yan keçmədi. Onun həbsi konkret sifarişlər əsasında oldu. Ömər Faiqin həbsində Odabaşyan xüsusi həvəs göstərirdi. Odabaşyan həbs edilən türk xalqları nümayəndələrinə qarşı qəddar münasibəti ilə tanınırdı. Ömər Faiq Nemanzadə Gürcüstan SSR Cinayət Məcəlləsinin 58-10 və 58-11-ci maddələri ilə ittiham olunurdu. Yetərli dəlillər tapılmadığı üçün yalançı şahid xidmətindən istifadə etdilər. Aqaradakı “Yeni kənd” kolxozunun sədri Fəyzull Qvaramadze Ömər Faiqə böhtan atdı. Protokolda onun dilindən belə ifadələr yazılmışdı.  “Ömər Faiq kəndlilər arasında sosializm əleyhinə çox həyasızcasına təbliğat aparırdı... onlara qəzet oxuyur, sovet quruluşunu zəif hesab edirdi. O, deyirdi ki, ölkəmiz iqtisadi böhran keçirir, belə bir ölkədə sosializm qurmaq olmaz. Həm də deyirdi li, camaat başdan – başa savadsızdır...”
66 yaşlı ziyalı bir insana təzyiqlər göstərmək, böhtanlar atmaq SSRİ-nin “ali əxlaqı” idi. 
Sənədlərin içərisində 1937-ci il avqustun 5-də tərtib edilmiş bir akt vardır. Aktda göstərilir ki, “Biz Ömər Faiq Nemanzadənin istintaqa düzgün mə’lumat verməsini tələb edəndə o, cəld yerindən sıçrayıb stəkanı qapdı və onu sındırıb şüşə parçası ilə venasını kəsməyə cəhd etdi və qışqırırdı :” Mən özümü öldürürəm!” Stəkanın qırıqları zərfdə istintaq materiallarına əlavə olunur. Onun özünü öldürməsinin qarşısı alındı.” 
İstintaq materiallarından aydın olunur ki, dindirilmələr zamanı Ömər Faiq Nemanzadəyə işgəncələr verib, əvvəlcədən hazırlanmış materiallara imza çəkməsi tələb olunmuşdu. Ömər Faiq bu tələblə razılaşmadığı üçün özünə qəsd etməyə çalışmışdı. 66 yaşlı bir insana qarşı belə rəzil hərəkətləri ancaq SSRİ edə bilərdi. Onu öz “günahlarını” etiraf etməyə məcbur etdilər. Kənardan çox şey asan görünür. 2021-ci ildəki şərtlərlə repressiya hadisəsinə qiymət vermək olmaz. Hər hansısa bir tarixi hadisəyə obyektiv qiymət vermək üçün həmin dövrün siyasi, sosial-ictimai şərtlərini nəzərə almaq lazımdır. Ömər Faiq təslim oldu. Öz əleyhinə olan sənədlərə imza atdı. Başqa nə edə bilərdi ki? SSRİ 66 yaşlı Ömər Faiqdən qorxurdu. Bu qorxu SSRİ-ni  Ömər Faiqi “zərərsizləşdirməyə” məcbur etdi. Cəhalət həmişə bilgidən qorxur. Bilgi yeniliyi təmsil edir. SSRİ isə bilgili, ləyaqətli adamlardan qorxurdu. Qorxu təhlükəli hisdir. İnsanı səhvlər etməyə məcbur edir. Sistemin qorxusu insanın qorxusundan daha böyük olur. Sistem insandan fərqli olaraq daha qorxunc səhvlər edir. SSRİ bir sistem olaraq böyük nöqsanlara yol verdi. İlahi ədalət mütləq öz yerini tapır. Ömər Faiqə işgəncələr verən Kabulova 1953-cü ildə güllələnmə cəzası verildi. Moskvada güllələndi. Ömər Faiqsə bəraət aldı. Ömər Faiqləri Kabulova görə tanımırlar. Kabulovları Ömər Faiqlərə görə tanıyırlar. Burada da bir ilahi ədalət var. Nə qədər ki, Kabulovları Öməq Faiqə görə tanıyacaqlar, əmin olun ki, işığımız sönməyəcək. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)