Edebiyyat.az » Təqdimat » Amin Namazlının təbriki...

Amin Namazlının təbriki...

Amin Namazlının təbriki...
Təqdimat
admin
Müəllif:
01:10, 23 sentyabr 2021
249
0
Amin Namazlının təbriki...



 Bu gün mənim sevdiyim yazıçı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, qocaman jurnalist, yazıçı Əfqan'ın doğum günüdür. 92 yaşınız qutlu olsun, USTAD! Mənə əsərlərinizlə ədəbiyyatı sevdirdiniz, yazmağa həvəs yaratdığınız üçün təşəkkür edirəm! 
Və onu yenə də görməzdən gələcəklər. Ola bilsin ki, çoxları onu böyük yazıçıların içində görmür və ya görmək istəmir. Amma mən onu əyilməzliyinə, dönməzliyinə, iradəsinə görə sevirəm. 
O bəzi həmkarlarından fərqli olaraq ənənəvi roman, tarixi roman qəlibindən kənarda, öz sözünü, öz qayda-qanununu tətbiq etdiyi formada yazıb əsərlərini. Onun romanlarında "İncil" də deyildiyi kimi başda xəlq olunan "kəlam"ın  işığından var. Onun əsərlərində(Məs:Şahlar Şahı) hər cümlənin, hər rəvayətin öz dili, öz sözü var. O müdrik, ədalətli şah(hökmdar) tipini yaradan, ona kəlamlarla yol cızan, cığır salan yazıçıdı.  Düşünürəm ki, Əfqan həqiqətən də mənim yazıçımdı.

"Şahlar şahı" romanından kiçik bir hissə:

Vəzir Bozorgmehr:
-Sən elə bilirsən mən ölməklə canımı qurtarmaq istəyirəm? Xeyir. Hirsimdən elə deyirəm, oğul. Məsəldir, ət iylənsə ona duz vururlar, duz iylənsə çarəsi nədir? Bizdə duz iylənib, şahzadə. Məzdək peyda olandan ağıllı adamlar saraydan uzaqlaşıb, Şahənşahın ətrafı yaltaqlarla dolub. İsa peyğəmbərin müqəddəs kitabı "İncil"də İblis adında əhrimən divi var. Çalışdığı budur ki, insanlar haqq yolundan çıxsınlar. İblis özünü Allah saysa da, qorxulu deyil, onu Allah kimi tanıyanlar qorxuludur. Köhnədən bir rəvayət bilirəm. Deyir, bir əjdaha şəhərə axan suyun qabağını kəsib, bir qurtum su üçün bir insan qurbanı istəyirmiş. Susuz qalmış, yasa batmış şəhər camaatı birləşib ajdahanı öldürməkdənsə bir-birini inandırmağa çalışır ki, əjdaha olmasa çayın seli-suyu basıb bənd-bərəni dağıdar, zəmiləri yuyar, evləri aparar. Bir yahudi həkimi də mənə belə danışıb ki, onların cəhənnəmindəki isti qır qazanının birində paxılları qaynadırlar. Bütün qazanların qapağı örtülüdür, bir bu qazandan başqa. İblisdən soruşurlar, niyə belədir, axı, onlar çıxıb qaça bilərlər. İblis gülüb deyir, yox, qaçmazlar. Çünki yoldaş-yoldaşının ayağından tutub dartdığı yerdə heç kəs qaçıb canını qurtara bilməz. Belələrinin üzünə xilas yolu həmişə bağlı olar. Bu, yahudi cəhənnəmidir. Adamı qır qazanına zorla atırlar. Mən inanıram ki, bizim camaatı o cəhənnəmə göndərəsi olsalar, qazanı da, qırı da, yandırılacaq odunu da özü ilə aparar ki, iblisə əziyyət olmasın. Bu, dəhşətdir, Əlahəzrət, dəhşətdir. Yaltaq, yalançı peyğəmbərdən də eybəcər məxluqdur, ən yırtıcı əl heyvanıdır. Mən Məzdək haqqında bir pis deyəndə, yüz yerdən şah Qubadın qulağını doldururlar ki, vəzir qocalıb-xərifləyir. Onlar özlərini şirin salmaq üçün gecə-gündüz şahı tərifləyirlər, onun hər hərəkətinə alqış deyirlər. İncimə, şah atan lap Xorasan əmirinə dönüb.
-O, kimdir?-deyə Xosrov maraqla soruşdu.
Vəzir Bozorgmehr qayğılı gülümsündü:
-İndikini demirəm, Əslində indiki əmir də belədir. O, Xorasan əmirinin ətrafına elə yaltaqlar yığıbmış ki, onun hər qələtini tərifləyib, "bu da bir siyasətdir" - deyirmişlər. Əmir hətta çox yeyib gəyirəndə, ya köpüb daldan səs-küylü ağır hava buraxanda da ağız-ağıza verirmişlər ki, "bu da bir siyasətdir." İndi bizim sarayda ağır hava ilə təmiz havanı ayırmaq olmur, oğul. Belə şəraitdə vəzir Bozorgmehr yox, Əflatunla Ərəstun da gəlsə, siyasət yürüdə bilməz.
Əfqan- "Şahlar Şahı"
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)