Edebiyyat.az » Proza » Kamran Səməd - Azaliya

Kamran Səməd - Azaliya

Kamran Səməd - Azaliya
Proza
nemət
Müəllif:
11:54, 26 may 2019
981
0
Kamran Səməd - Azaliya



Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz!
Siz həyatın radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi,
ondakı hay-küyə gülməyi öyrənməlisiniz! Sizdən başqa heç nə tələb olunmur!
H.Hesse

Səmra yenə də işdən yorğun çıxmışdı. Həmişəki kimi dördüncü mərtəbəyə qədər yorğun addımlarla
qalxmış, 9 nömrəli mənzilinin qarşısında bir neçə dəqiqə boşuna gözləmiş və gözlərini qapının
üzərindəki 9 rəqəminə zilləmişdi. Bir qədər də qapının yanında – divarda əhəmiyyətsiz əşyadan çox da
fərqi olmayan düyməciyə baxmışdı. Bir vaxtlar bu düyməyə aşağıdan yuxarıya başını qaldıraraq
baxardı və evdəkilərə “qapının arxasında adam var” bildirişini göndərmək üçün biraz əziyyətə qapılar –
pəncəsi üstə qalxar, əlini yuxarıya uzadaraq düyməni basardı. Amma məktəbdən sonrakı bu əziyyətin
müqabilində qapı açılar, evin xoştbəxlik peçenyələrinin qoxusu və içəridən gələn şən səslər onu tezliklə
içəri keçərək anasını qucaqlamağa sövq edər və bütün yorğunluğunu unutdurardı. İndi isə zəngi basmaq
– sulu yeməyin üzərindən su içmək qədər əhəmiyyətsiz idi onunçün. Çünki artıq evdə rəngarəng bir
ailə onu gözləmirdi. Böyük bacısı uzun zamandır ki, ərə gedib uzaqlara köçmüşdü, atası iki il bundan
öncə dünyasını dəyişmiş, uzaq dünyaya köçmüşdü. Evdə anası ilə birgə yaşayırdı amma anası da
uzaqlardaymış kimi idi Səmra üçün; demək olar ki, çox az-az görürdü anasını. Anası hər gün Səmradan
sonra gedir işə və ondan gec gəlirdi, buna görə də istirahət günlərini və gün ərzindəki bir neçə saatı
çıxmaq şərti ilə demək olar ki, anasının üzünə həsrət idi.
Hələ də qapının önündə durmuş Səmra xüsusən bu günkü ağır gündən sonra ümumiyyətlə qapını
açmaq istəmirdi. Kaşki indi anası evdə olaydıda qucaqlaşıb dərdini onunla bölüşəydi. Amma adı kimi
əmin idi ki, ev həmişəki kimi boşdur, buna rəğmən Səmranın qorxulu küçələrdən sığınmağı üçün tək və
ən yaxşı məka burası idi.
Səmra qaranlıqda hər yerin, hətda insanların da qorxulu olduğunu anladı bu gecə. Əslində insanlar
gündüz də qorxulu olurmuşlar: bunu da anladı.
Səmra mənzilinin qarşısında durmamışdan öncə tək-tük maşın şütüyən yolların kənarından keçib
vahiməli, qaranlıq dalanlara dalmış, tində-bucaqda qara siluet kimi görünən, onu görən kimi dişlərini
qıcayıb əcayib səslər çıxaran, paltar geyən iki ayaqlı heyvanları görməzdən gələrək yeyin addımlarla
dalanlardan çıxmış, nəhəng dağ kimi binalara arxalanmışdı. Qorxulu dalanlardan sonra bu binaları
görmək cansıxıcı gecədən sonra günəşi görmək qədər rahatlatmışdı Səmranı.
Bu rahatlıq nədən irəli gəlirdi? Yəqin ki, öz isti və təhlükəsiz mənzilinin bu binalardan birində
olduğu üçün. Amma o mənzil sadəcə olaraq yırtıcı cəmiyyətdən qorunmaq üçün qucaq açırdı Səmraya.
Bəs mənzildə olmadığı zamanlarda kim qoruyacaqdı onu?
Yeyin addımlarla gedərkən üçüncü blokun dördüncü mərtəbəsindəki öz yaşadığı mənzilin
kənarından boylanan eyvana baxırdı. Nədənsə mənzili bu gecə həmişəkindən fərqli olaraq heç doğma
görünmədi ona. Onsuzda atası ölərkən mənzilin istiliyini, doğmalığını, rəngarəngliyini də aparmışdı
özüylə.
Mənzili “buz ev” təəsüratı bağışlamışdı ona, bundan əlavə “qorxulu ev” kimi də görünmüşdü
gözünə. Sanki bu dəfə öz mənzili də qucaq açmayacaqdı ona. 9 nömrəli mənzil şeytani baxışlarını ona
zilləyib üstünə bağıraraq qapıdan aralı durmasını tələb edəcəkdi sanki. Sən iyrəncsən, yaxşı qız
deyilsən – kimi sözləri püskürəcəkdi ona mənzil və öz 9 nömrəli qapısını onun üzünə şillə kimi
çırpacaqdı bəlkə də.
Gözlərini eyvandan çəkməyərək binaya yaxınlaşır və yaxınlaşdıqca üzü qaranlıq göyə paralel
vəziyətini alırdı. Hava tutqun idi və çox zəyif çiskin hiss olunurdu. Küləksiz havada uçuşan toz kimi
yağmur Səmranın yuxarı baxan üzünə, incə qaşlarına qonur, kipriklərində xırda muncuqlar yaradırdı.
Gözlərini yuman Səmra yağmurdan xoşhal olmuşdu. Hətda bu gecədən etibarən mənzili belə ona
indiki yağmur qədər rahatlıq verə bilməyəcəyini anlayıb addımlarını yavaşıdı.
Üzündə, çənəsinin altında, dolğun amma pomadasız dodaqlarının yanlarında muncuqlar birləşərək
damcılara dönür və boğazının altı ilə sürüşərək qabarıq sinəsinin arası ilə sürətlə süzülüb bədəninə
hopurdu – bunu, bütün ruhu ilə hiss etmişdi Səmra. Asta atdımlarla olsa belə yeriyə bilməyəcəyini
anlayıb yerində tamam durdu. İçində yaşadığı hissləri son dəfə əli sevdiyi insanın əlinə toxunarkən
duymuşdu. Sonra sevdiyi insanın onun üzünə nəvazişlə toxunması, biruzə verməsə də nəfəsini
kəsəcəkdi o an, hansı ki, indi də yağışın toxunuşuyla həmin hissləri yaşamışdı. O an Səmra utanaraq
qızarıb başını aşağı salmışdısa, indi əksinə yerində şux durmuş, başını yuxarı qaldırmışdı. Yenə də
sevgilisinin yanında olduğu kimi nəfəsinin kəsildiyini, udqunarkən boğazının quruduğunu hiss
eləmişdi.
Sevgilisindən bu gün ayrılmışdı və elə bu gecə Səmranı başqası ağuşuna alıb onu sevgi ilə
sığallayırdı; lakin bu bir insan deyildi.
Aralı qalmış dodaqlarından ciyərlərinə dərin bir nəfəs çəkərək gözlərini yavaş-yavaş açmışdı. Hələ
də üzüyuxarı baxdığına görə gözlərini açan kimi gördüyü ilk şey – yaşadığı bina olmuşdu. Kipriyində
muncuqlanmış xırda yağış damlaları göz qapaqlarının hərəkətinə tab gətirə bilməyib gözlərinə
süzülmüşdü. O an Səmranın gözlərinə dolmuş su onun görmə qabiliyyətini bir anlıq zəyiflətmiş, başı
üzərində ucalan binanı ona titrəyən, çoxlu gözləri olan və bəzi gözləri işıl-işıl yanan nəhəng bədheybət
kimi göstərmişdi. Gördüyü mənzərədən vahimələnən Səmra bir anlıq qorxmuş və yaş gözlərini bərkbərk
qapayıb başını cəld aşağı əymişdi. Göz qapaqlarını sıxan kimi, gözlərinə dolmuş yağış suyu bir
anda yanağından aşağı süzülmüşdü. Kapyuşonunu qıvrım saçlarının üzərinə ataraq binanın girişinə
doğru yeyin atdımlarla tələsmişdi. Uşaq ya da yeniyetməlik vaxtlarında olsaydı, qaranlıq küçənin
səssizliyində binanı nəhəng bədheybətə bənzədərkən yəqin ki, qışqırar, qaçıb binadan uzaqlaşardı, deyə
həyəcanla düşünmüşdü o an və cəld binaya daxil olaraq pilləkənlərlə yuxarıya qalxmağa başlamışdı.
Bir neçə dəqiqə də əlavə olaraq qapıya baxdı. Əgər mənzilin içindən gözlükdən ona baxan olsaydı
Səmranın daş heykəl olduğunu zənn edərdi. Amma Səmra da bilirdi ki, ona əks tərəfdən heç kim
baxmır. Evdə ola biləcək tək insan anası ola bilərdi, o da bu vaxtı işdə olurdu. Səmranın qorxduğu tək
şey, boş mənzilin ona göz qoyması idi. Həm də mənzilin baxışlarında bir qəzəb hiss edirdi Səmra.
Beynindəki axmaq fikirləri qovmağa çalışdı. Çantasından qapının açarını çıxararaq qapını açdı və
içəri daxil oldu. Qapını astaca bağlayaraq yerində durdu. İçini qəribə hiss sarmışdı: sanki tamam yad
bir mənzildəydi. Düşündüyü kimi, burası çox soyuq idi. Səmranın canına üşütmə düşdü. Səmra
anlayırdı ki, bu, evin soyuqluğu deyil, bu, onun içində zərrə qədər qalmış həyat qığılcımlarının bu gün
tamam yox olmasından sonra yaranmış buz soyuqluğu idi. Mənzilin heç bir günahı yox idi və qapını
açarkən “sən yaxşı qız deyilsən, rədd ol burdan” kimi ifadələri bağıracaq qədər alçaq bir mənzil deyildi.
Bunu daha alçaq bir varlıq demişdi: bu gün ayrıldığı sevgilisinin son sözləri idi.
Az sonra Səmra mətbəxdə pəncərənin önündə durub isti çaydan qurtumlayaraq çölə baxır, sevdiyi
insanın ona bağırdığı alçaldıcı cümlələri düşünürdü. Laiq idimi o cümlələrə? Axı laiq olacaq heç nə
etməmişdi.
Bu zamana qədər sevgisinə sadiq qaldığına görəmi günahkar hiss etməliydi özünü, bilmirdi. Amma
dəqiq səbəbini bilməsə də özünü günahlandırır, özünə acığı tuturdu. Qırılmış saf hissləri Səmranın
boğazında düyünlənərək onu boğurdu. Az öncə qurtum vurduğu çay boğazınakı qəhərə dirənərək aşağı
süzülə bilmirdi.
Atası öləndən sonra özünü gücsüz hiss edən Səmranın anasından sonra sığındığı ikinci insan
sevgilisi idi. Bəlkə də bəzi zamanlarda anasından da çox sevgilisinə sığınır, daha çox onun üzünü
görürdü.
Marketdə satıcı olan Səmra işdə olduğu ərəfələrdə sevgilisi nəsə almaq adıyla onu görməyə gəlir,
hər dəfə iş vaxtı bitdiyində maşını ilə onu evinə ötürürdü. Amma bu dəfəki ürküdücü gecədə öz
mənzilinə tək gəlmək məcburiyyətində qalmışdı Səmra. Bu küçələr və binalar ona ilk dəfə idi ki,
qorxulu görünürdü. Uşaqlıqda qaranlıqdan necə qorxurdusa indidə elə qorxurmuş. Cəmiyyətdən, öz
mənfəətlərini düşünən və cinsi istəklərinin köləsi olmuş insanlardan qorxurdu... və bu gündən etibarən
sevdiyi insanlardan da qorxmalı olduğunu anlamışdı. Həyatdan hər gün yeni bir dərs alırdı və bu gün
aldığı dərs bu idi: biz birini seviriksə, bu, həmin insanın sevgiyə laiqli birisi olduğu anlamına gəlməyə
bilər. Sevgidə diqqətli və məntiqli olmağı bacarmalısan, əks halda başını döndürən hisslər bizi yalnış
insanların hüzuruna çəkə bilər.
Səmra içində boğmağa çalışdığı sevgi hissinə nifrət edirdi. Anlayırdı ki, sevgidən çox məntiqinə
uymalıdır. Bunu anlamış olsa belə heç nə istəmirdi: nə sevgiyə ehtiyacı vardı, nə də məntiqə pənah
aparacaqdı. Ölümdən savayı heç nə istəmirdi.
Bu gündən sonra kimə inanacaqdı, qırılmış hissləri bir daha kimə qarşı birləşəcəkdi? Əgər yenidən
sevsəydi belə necə əmin olacaqdı ki, qarşısındakı insan da əbəs yerə onun ünvanına nalayiq sözlər
işlətməyəcək? Necəki bu axşam işdən çıxarkən sevgilisinin mənzilinə yollandığında acı sözlərlə qarşıqarşıya
qalmış, şəxsiyyəti alçalmış və sonda mənzilinin qapısı oğlanın itələməsi ilə onun üzünə şillə
kimi çırpılmışdı. Səbəb inamsızlıq idi – bu, Səmranın günahı deyildi.
Səmra bunları düşündükcə başına gəlmiş utanc verici hadisə gözünün önündə yenidən canlanırdı.
Özü utanacaq heç bir şey etmədiyinə əmin idi, sadəcə utanc verici bir hadisənin əsas qəhrəmanı kimi
hiss edirdi özünü. Satıcı işlədiyi supermarketin müdürü şəhvətamiz hisslərlə yaxınlaşmışdı. Heç ağlına
da gəlməzdi ki, mehriban, xoşdilli müdürü ona belə bir şey təklif edəcəkdi. Əslində diqqətli olsaydı
bunu çoxdan anlaya bilərdi. Saflığı ucbatından müdürünün ona qarşı belə bir istəkdə ola biləcəyini
ağlına belə gətirməmişdi.
Səmra son günlərdə işdə bəzi cərimələr etmişdi. Cərimələrlə əlaqədar müdür – Eldar bəy onu
kabinetinə çağırmışdı. Kabinetdə onların ikisindən başqa heç kim yox idi. Müdür Səmranın salamını
alaraq kreslosundan qalxmış, baxışları ilə Səmranı altdan-altdan süzə-süzə kabinetdə gəzişmiş,
kabinetin qapısını bağlayaraq Səmraya yaxınlaşmışdı. Səmranın saçına toxunduğu an Səmra vəziyyətin
nə yerdə olduğunu anlamış, otaqdan dərhal çıxmaq istəyərkən müdürün məngənə kimi pəncəsi onun
zərif qolundan yapışmışdı. Səmra çığırmaq istəsə də boğazı düyünlənmiş, nə edəcəyini bilməz hala
gəlmişdi. İşçilərin qırx yaşlarında olan “sevimli” müdürü işarə barmağını çığırmaq istəyən Səmranın
dodaqlarının üzərində saxlamışdı.
- Səmra... səndən çox xoşum gəlir, - demiş, - dodaqların məni valeh edir, - deyə əlavə eləmişdi
müdür.
Şokda olduğuna görə heç bir kəlmə də deyə bilməyən Səmra başını sərt hərəkətlə geriyə çəkərək
müdürün tütün qoxulu barmağını dodaqlarından ayırmışdı. Sanki Səmranın o an dili açıldı.
– Siz... necə də iyrənc adamsız – demişdi ona. - Murdar əlinizi yoluxdurmayın mənə! - bu dəfə
səsi bir qədər yüksəlmişdi.
Heç kəs eşitməsin deyə qorxuya düşən müdür: “Səmra, Səmra! Sakitləş” - deyərək onu
sakitləşdirməyə çalışmışdı. Sanki Səmradan tamam başqa reaksiya gözləyirmiş.
– Bütün aylıq cərimələrini silmişəm. Sənə bir aylıq məzuniyyət verərəm, get dincəl, - demişdi
müdür. Səmranın nifrət dolu baxışlarının dəyişmədiyini görüncə əlavə eləmişdi: - Sonra da səni
yanımda yüksək maaşla daha yüksək vəzifəyə düzəldərəm.
İyrənc niyyətin altında yatan təkliflərini irəli sürdükcə Səmranı daha da özünə tərəf sıxmışdı.
– Səmra, səni sevirəm, mənim olmağını istəyirəm, - demişdi müdür.
Çırpınan Səmra nəhayət onun əllərində qurtularaq, şir pəncəsindən qurtulan ceyran kimi ondan
uzaqlaşmışdı. Əlini qapının dəstəyinə atdığında yerində durmuş, başını geriyə çevirərək bir daha kinli
baxışlarıyla müdürə baxmış və demişdi: “Heç olmasa, ailənizdən və sizə hörmət edən insanlardan
utanın”. Kolidora çıxaraq qapını da arxasıyca möhkəm çırpmışdı.
Sabahdan işə gəlməyəcəyi ilə bağlı özlüyündə qəti qərar verən Səmra işdən çıxma ərizəsini yazıb
qoymuşdu. Bu gün son iş günü idi və bunu, hər axşam onu evə ötürən sevgilisi bilməliydi. Çünki
sevgilisi tanışlıqla onu supermarketdə işə düzəltmişdi. Anasına da sabah səhər demə şansı olacaqdı.
İndi desəydi qadın əsəbləşəcəkdi, çünki Səmranın əvvəlki işi yenicə buraxdığını və bu işi çətinliklə
tapdığını bilirdi, bu səbəbdən onunla saba ayıq beyinə söhbət edəcəkdi. Ayaqyoluna keçərərək mobil
telefondan sevgilisini yığmışdı və işdən çıxdığını ona demişdi. Telefonda nə qədər sakit danışmağa
çalışsa da hıçqırıqlarını boğa bilməmişdi. Özünü çaqqallarla dolu meşədə tənha hiss etməmək üçün
sevgilisinin mənəvi dəstəyinə ehtiyacı var idi. Sevgilisi səbəbini soruşduğunda Səmra olanları təmkinlə
izah etmişdi və çalışmışdı ki, sevgilisi yalnış anlamasın, əsəbləşməsin. Amma qəribə idi ki, sevgilisi
həqiqətən əsəbləşməmişdi və təəssüf ki, yalnış anlamışdı. Səmranın mənəvi dəstəy umduğu şəxs
telefonun arxasında səbrlə onu dinlədikdən sonra:
– Eldar bəy elə birisi deyil axı... - deyə reaksiya vermişdi.
– Necə yəni, demək istəyirsən ki, o təmiz qəlbli adamdır, amma mən yalançıyam? - deyə marketin
ayaqyolunda telefonu qulağına sıxmış Səmra göz yaşlarına sahib ola bilməmişdi.
– Səmra, xahiş edirəm, yenə uşaq kimi zırıldama.Yaşın az deyil, bir az böyüməyə çalış, - demişdi
sevgilisi. - Oxuduğun kitablar, baxdığın seriallar başını xarab edib. Əgər marketdən çıxmaq istəyirsənsə
hansısa bəhanəyə ehtiyac yoxdur. Onsuzda bir neçə gün idi ki, işin səni yorduğunu deyirdin,
yorğunçuluqdan cərimələrə yol verirdin. Əgər çıxmaq istəyirsənsə bunu normal qaydada desən səni
anlayaram. Nə olsun ki, Eldar bəy işçi tələb eləmədiyi bir vaxtda işə düzəltmişəm səni oraya, hər şeyi
olduğu kimi desən də anlayaram səni.
– Yox, Elvin, işdən çıxmaq istəyimi bildirmək üçün sənə bəhanə gətirmirəm., - demişdi Səmra. -
Həqiqətən məndən xoşlandığını dilinə gətirdi.
– Ay Səmra, bəlkə də bunu yaxşı mənada deyib, bəlkə də yaxşı işçi olduğunu nəzərdə tutub, -
demişdi sevgilisi bezmiş şəkildə.
Səmra daha da qəzəblənmişdi:
– Sən necə şərəfsiz birisisən! Sənə deyirəm ki, müdür məndən xoşlandığını dedi, saçıma toxundu,
qolumdan tutdu... - deyə bağırmışdı.
– Üstümə qışqırma, Səmra! - sevgilisi də səsini ucaltmışdı. - Uşaqca hərəkətlərinlə bezdirmisən
məni! Belədir ki, sən yaxşı qız olsaydın, imkan yaratmazdın saçına toxunsun! - deyib telefonu
Səmranın üzünə bağlamışdı.
Sonuncu cümlədən şoka düşən Səmra bir neçə dəqiqə yerində donaraq güzgüdəki əksinə baxdı.
Qulağına bərk-bərk sıxdığı mobil telefonu əlinin titrək hərəkəti ilə cibinə qoydu. Nə telefona geri zəng
gəldi, nə də Səmranın uçan nəfəsi geri qayıtdı.
Səmra marketdəki işinə bir dəfəlik son verərək havanın qaranlığında yollanmışdı Elvinin mənzilinə.
Elvini çox sevirdi və içində hələ də bir ümid var idi: bəlkə Elvin yorğun idi, ya da o an içkili olub.
Amma içindən digər bir səs “artıq bitdi” siqnalı verirdi: xüsusən də Elvin üçün. Elvin sanki ayrılmağı
dünəndən qərarlaşdırıbmış kimi, Səmranın dediklərini laqeydliklə dinləyirdi telefonda.
Səmra pilləkənləri qalxaraq Elvinin mənzilinin qarşısında durmuş və həyəcanını yatırmaq üçün bir
neçə saniyə toparlanmış və qapının zəngini basmışdı. Bir neçə dəqiqə də gözlədikdən sonra qapının
cəftəsi içəridən çəkilərək açılmış və azacıq aralanmış qapıdan Elvinin başı görünmüşdü.
– Niyə gəlmisən? - Soruşmuşdu Elvin. Dağınıq saçları üzünə yayılmışdı.
– Mən... səninlə danışmaq üçün gəldim, - deyə sakit səslə demişdi. Elvinin hələ də davam edən
laqeydliyi onu sındırırdı. Gözləri dolduğundan və boğazı qəhərləndiyindən danışa bilməyəcəyini
anladı.
Elvin bəzən əsəbləşəndə Səmranın qəlbini qırar, sonra özünə gəldiyində həmişə yumşaq qəlbli
Səmranın könlünü almağa cəhd göstərər və özünü bağışladardı. Əslində Səmra indi də Elvindən bir jest
gözləyirdi: ən azından qapını açıb onu içəri dəvət edəcək, içəridə söhbət əsnasında ondan üzr istəyib
məsələnin dərinliyinə varacağını düşünmüşdü. Amma Elvin sadəcə başını qapı arxasından göstərərək
Səmranın başına gəlmiş iyrənc məsələyə laqeyd olduğunu nümayiş etdirirdi. Elvinin üzünə dağılmış
bir topa saçı onun üzündəki ifadəni də gizlədirdi Səmradan.
– Nə danışacaqsan mənimlə? - deyə səs tonunu ani olaraq qaldırmışdı Elvin. - Eldar bəyin səni
necə əlləşdirdiyini təsvir edəcəksən mənə? Belə bir məsəl var; yaxşı at özünə qamçı vurdurmaz. Eldar
bəyi hamı tanıyır, onun uşaqları da mənim dostlarımdı, onlar ailəvicə gözəl insanlardırlar, - Elvinin səsi
daha da yüksəkdən çıxmağa başlamışdı. - Sən yaxşı qız olsaydın özünü əllətməzdin.
Səmranın gözlərində yığılmış su damcıları bir-bir süzülürdü.
– Mənim başıma belə bir şey gəlməyib heç vaxt, - hıçqıra-hıçqıra özünün səhvsiz olduğunu
bildirmək istəyirdi Səmra. - O. Mənim qolumdan yapışdığında özümü itirdim... və nə edəcəyimi
bilmədim. Ondan artıq heç nə etməyinə izin vermədim, qaçdım ordan. Nolar inan mənə...
– Nə üzlə gəlmisən qapıma? Küçədəki oğlanlar sənə baxdığını da görmüşəm, tək olanda yolu
necə burcuda-burcuda keçdiyini də görmüşəm. Lap biri şərəfsiz olar baxar, ikisi şərəfsiz olar baxar,
daha o qədər də yox da! Sənin keçmişdə kim ola biləcəyini tində hansısa narkamandan eşitmək
istəmirəm, - demişdi Elvin əsəbi şəkildə, - rədd ol qapımdan, - bağıraraq yarımçıq açılmış qapını sərt
hərəkətlə bağlamışdı. Bu, qapını bağlamaq deyildi, bu, Səmranın həyatını söndürmək idi.
Bircə günün içində baş vermiş bu hadisələr bircə-bircə Səmranın gözünün önündən keçdikcə içində
bir sızıltı hiss edirdi. Amma bu sızıltı sönmüş bir ocağın qalıntısı idi və artıq Səmranın gözlərində
yaşlar əmələ gətirə bilmirdi. Ürəyində çığırıb-bağırsa da xaricdən hərəkətsiz və siması ifadəsiz idi.
Sanki pəncərədə çölə mənasız ifadəylə baxan canlı meyid idi.
Yavaş-yavaş içindəki fəryadı da susmağa başladıqca artıq heç bir şeyin mənası qalmırdı onunçün.
Anbaan duyğusuzlaşırdı və Səmranın gözündə ətrafdakı rəngli nə var idisə öz rəngini itirir, parlaq nə
var idisə nurunu zəyiflədirdi. Meyid kimi ağarmış və buza dönmüş əlini havaya qaldıraraq fincanı
dodaqlarına yaxınlaşdırdı. Buz kimi çayı dodaqlarında hiss edən Səmranın içinə üşütmə girdi. Fincanı
stolun üstünə qoyaraq aram atdımlarla mətbəxi tərk elədi. Qonaq otağının tən ortasında duraraq
gözlərini yumdu və əllərini yana açdı.
Səssizlik...
Otağın səssziliyi ona meyid olduğunu hiss elətdirməyə çalışırdı sanki.
Meyid olmaq...
Ölmək... necə də cansıxıcıdır.
Qulağına çox zəyif səs gəldi, duydu o səsi. Otağın ölü sükutunda Səmranın ölmüş duyğularına sığal
çəkib oyadacaq naməlum varlığın səsini eşidməyə başladı.
Beynindəki düşüncələri durduraraq ruhunu səsin dərinliyinə enməyə vadar etdi. Səsin nə olduğunu
hələ də ayırd edə bilməlişdi amma səs dalğalar yaradaraq içinə axırdı. Həmin səsin ritmi ilə ürək
döyüntülərini duymağa başladı. Sanki həmin sirli səs onun ürəyinə də sığal çəkmişdi. Sonra mədəsinin
üzərində yanğı hiss elədi. Bədəninə istilik yayan bu yanğı Səmranın ayaqlarında yüngülləşməyə və
əsməyə səbəb oldu. Sanki o naməlum səs indi də mədəsinin və sonra da ayaqlarına sığal çəkmişdi.
Mədəsinin üzərindən sinəsinə doğru sığal çəkildiyini təsəvvürünə gətirdikcə ürəy döyüntüləri daha da
sürətlənir, daha tez-tez nəfəs alıb verirdi.
Bütün bədəni alışıb yanınca əvvəlcə gözlərinin birini, sonra digərini açaraq qarşısına baxdı. Bütün
otaq onun gözlərində ağ-qara rəngdə idi. Bircə eyvana açılan qapının önünü örtən pərdədən başqa evdə
tək rəngli olan o idi sanki. Səmra titrək ayaqlarını irəliyə qoyaraq pərdəyə yaxınlaşdı və halsız əllərini
güclə havaya qaldıraraq pərdəni yana itələdi. Eyvana baxan qapı və pəncərənin önündə durdu. İçinə
sığal çəkən səsin nə olduğunu artıq bilirdi: bu, qapının və pəncərənin şüşəsinə döyəcləyən yağış
damlalarının səsiydi.
Uşaqlıqdan yağışı sevirdi Səmra. Sən demə yağış da ona aşiq imiş. Uzun illərdən sonra yağış boşuna
deyil də Səmranın sevgisinə qarşılıq verməyə gəlmişdi. Onu sığallamağa gəlmişdi. Onu insanlardan
çox sevdiyini deməyə gəlmişdi. Onu qucaqlamağa gəlmişdi. Onu öpməyə gəlmişdi. Onunla sevişməyə
gəlmişdi. Bəlkə də onu əbədi olaraq özüylə aparmağa gəlmişdi...
“Hə, əgər həqiqətən məni aparmağa gəlmisənsə səninlə getməyə hazıram - deyə özlüyündə
pıçıldayaraq eyvanın qapısını açdı. - Xain insanların sevgisindənsə ruhumu yağışın sevgisinə təslim
edərəm.”
Dördüncü mərtəbədən şəhərə baxan eyvana toxunub keçən zəyif külək çiskin yağışa qarışaraq
Səmranın qıvrım saçlarına sığal çəkdi. Səmra son bir neçə ildə ilk dəfə özünün bu qədər sevildiyini hiss
edirdi. Yağışın ona toxunmağı daha etibarlı idi, nəyinki şəhvətpərəst insanların toxunması. Yaxşı ki, bu
vaxta qədər öz pak bədənini insanlardan qorumuşdu deyə düşündü, bu gecə gözünü qırpmadan öz
bakirləyini yağışa təslim edəcəkdi.
İrəliyə addım ataraq eyvanın həndəvərinə yaxınlaşdı. Sürahidən tutaraq aşağıya boylandı. Asfalt
döşəmədə çox zəyif su gölməçəsi əmələ gəlmişdi. Yol kənarındakı işıq dirəyində parlayan işıq
gölməçənin üzərinə düşən yağış damlalarını daha da sehirli göstərirdi Səmraya. Suyun üzərinə çırpılan
su damlaları “yağış adam”ın əlinə çevrilərək gölməçəyə işarə edirdi. Sanki asfaltın üzərindəki
gölməçəni “yağış adam” görüş yeri kimi təyin etmişdi və Səmranı gölməçəyə atılmağa səsləyirdi.
Səmra diqqətlə aşağı baxdı. Suya çırpılan damlaların yaratdığı dalğalar gölməçənin üzərində
gülümsəyən smaylik əmələ gətirirdi.
Bu, o idi!
“Yağış adam” idi - Səmranı hər kəsdən çox sevən varlıq. Gəlmişdi Səmranı bu dünyadan bir dəfəlik
özüylə aparsın. Qucağını açaraq Səmranın atılmasını gözləyirdi. Səmra onu çox gözlətmək istəmirdi.
Sürahinin üzərinə qalxmağa çalışdığında ayaq saxladı və başını çiyni üzərindən geri çevirərək son dəfə
mənzilinə baxdı. Pəncərənin arxasında canlanan qonaq otağının işılqarı yanmış olmasına baxmayaraq
otaq daxil hər yer ağ-qara qədər rəngsiz idi. Hər bir əşya Səmranın gözündə təbiiliyini itirmişdi. Artıq
yağışdan başqa heç nə gerçək deyildi və bu ağ-qara yalan dünyada yaşaya bilməzdi. Qərarında qəti
olduğunu hiss etdi və yağışın qucağına atılmaq üçün baxışlarını mənzildən ayırdı. Tam da bu an,
eyvanın bir küncündə yerə düzülmüş dibçəklərin arasında yeni bir gül gözünə sataşdı. Diqqətini onun
üzərində cəmlədi. Bu gülün yanındakı digər güllərdən iki fərqi var idi və bu fərqlər Səmranın yorğun
baxışlarına tuş gəlmişdi: digər dibçəklərdən fəqrli olaraq bu dibçəyin tezliklə quruyub məhv olacağı
görünüşündən bilinirdi və bu dibçək digər hər şey kimi ağ-qara deyildi, bütün rəngləri (yarpaqlarının
solğun yaşılı və bükülmüş çiçəklərinin zəyifləmiş çəhrayısı) bərq vururdu Səmranın gözündə. Çox
qəribə idi. Səmra bu dibçəyi ilk dəfə idi ki, görürdü, əmin idi ki, bu vaxta qədər qulluq elədiyi
güllərinin arasında belə bir güllləri olan dibçəy heç vaxt olmayıb. Həm də olsaydı, Səmra əsla
yarpaqlarının və çiçəylərinin qurumasına izin verməzdi, digərləri kimi ona da vaxtında qulluq edərdi.
Ən qəribəsi də o idi ki, ətrafdakı hər bir şeydən fərqli olaraq bu dibçək ağ-qara deyildi. Səmra dibçəyin
canlılığına hipnoz olaraq yorğun-ağır hərəkətlərlə sürahidən ayrılaraq dibçəyə yaxınlaşdı və əyilərək
codlaşmış yarpaqları əlinə aldı: yaşılllığını güclə qoruyub saxlayırdı sanki. Büzüşmüş çiçəklərini
barmağı ilə sığalladı. Açıq çəhrayı rəngdə idi, solmuş deyilə biləcək qədər açıq rəngdə olmasına
baxmayaraq digər dibcəklərdəki şax durmuş rəngini itirərək ağ-qara olmuş güllərə nisbətən daha rəngli
idilər. Yağış hər bir şeyin ruhunu bu gecə alıb aparmışdı, hətda Səmranın çox sevdiyi güllərinin də.
Səmra tək həyat işartısı qalmış həmin yad dibçəyi digər dibçəklərin sırasından çəkib çıxartdı.
Yarpaqlarının arasında kiçik bir kağız bərkidilmişdi. Bilinməyən səbəbdən kağızı ordan çətinliklə
qopara bildi. İki yerə qatlanmış kağızı açdığıda içindəki yazını gördü və ürəyində oxudu: “Qızım
səndən xahiş edirəm, bu dibçəy ölmək üzrədir, ona qulluq et”. Məlum məsələ idi ki, anası yazmışdı,
amma normalda çox səliqəli yazı xətdi olan anası bu bir cümləni çox səliqəsiz yazmışdı. Yəqin ki,
yazarkən işə gecikirmiş. Kağız Səmranın yorğun barmaqları arasından yerə düşdü və yaş oldu. Kağızın
düşməyini hiss etməyən Səmra bu an dibçəyin kənarındakı qayçının fərqinə vardı. Güllərə qulluq
edərkən bu qayçıdan istifadə edirdi, indi də onun köməyinə ehtiyacı vardı.
Qurumaqda olan bəzi budaqları kəsir, çürümüş yarpaqları qoparırdı. Bu dibçəyin cismi məhv olmağa
məhkum olmuşdu, Səmra özü yağışa qovuşmamış onu xilas etmək istəyirdi. Səmradan fərqli olaraq o
yaşamağa aşiq imiş, əks halda solmuş olmasına baxmayaraq hər şey kimi o da rəngini itirərdi, amma
dirənərək yağışa ruhunu təslim etməmişdi.
Görəsən niyə? Yağışla niyə mübarizə aparsın ki? Bəlkə yağış düşündüyüm qədər yaxşı niyyətli
deyildir? Yoxsa o da insanlar kimi məni aldatmaq istəyirmiş? Əgər aldatmırdısa, niyyəti məni xilas
etmək idisə niyə ətrafdakı hər bir şeyin ruhunu alaraq nurunu özünə sovurmuşdu? Axı getmək istəyən
sadəcə mən idim, bu güllərin nə günahı var idi?
Dumanlı düşüncələrə qərq olan Səmra eyni zamanda əllərinin yorğun hərəkətləri ilə bitkiyə qulluq
edirdi.
Olmaya yağışın da niyyəti məkrdir, onun da istəyi zərər verməkdir? Belədirsə onun insan xislətindən
nə fərqi oldu?
Səmranın gözləri qapanırdı artıq. Amma sanki qarşısına önəmli məqsəd qoyubmuş kimi, dibçəydən
əl çəkmək istəmirdi. Sanki ölməyə hazırlaşan bu bitkini həyata qaytaracağına dair and içmişdi və nəyin
bahasına olur olsun həmin anda sadiq durmağa çalışırdı.
Başmaqlarının üzərinə oturmuş Səmra bitkinin canını qurumuş budaqlardan və yarpaqlardan
qurtardı. Yorğunluqdan göz qapaqları bir-bir bağlanır, güclə açılırdı. Son olaraq qayçının ucları ilə
bitkinin bərkimiş və qurumuş torpağını ehmalca yumşaltdı və susəpənlə dibini suladı. Susəpəni kənara
qoymaq istəyəndə başı gic getdi və əlini yerə bərk-bərk dayayaraq özünü dibçəklərin üzərinə
düşməkdən son anda qorudu. Bir neçə dəqiqə həmin vəziyyətdə qaldı.
Külək tamam susmuşdu.
“Yağış adam” bu gecəki damlalarını Səmranı aparmaq üçün elçi göndərmişdisə də damlalar
Səmranın ona cavab vermədiyini görüb geri qayıtmışdılar.
Amma hələ də gec deyildi, asfalt yolun kimsəsiz bir küncündə yığılmış su hövzəsi hələ də Səmranın
atılacağına ümüd edirdi. Lakin, bu heç nəyi dəyişmirdi, çünki Səmranın gözləri bağlanmışdı...
* * *
Səmra özünü atmışdı...
Bağlı gözlərini açdığında eyvandan aşağıya doğru küləyi yararaq asfaltın üzərindəki gülümsəyən su
hövzəsinə doğru sürətlə yaxınlaşdığını gördü. Suyun üzərindəki gülümsəyən sima kənarlara açdığı
qolları ilə Səmranı qucaqlamağa hazırlaşırdı. Səmra gülümsəyən “yağış adam”a yaxınlaşdıqca onun
simasındakı hər xırda cizgiləri görə bilirdi. Üz cizgiləri saf bir gülüşdən xəbər vermirdi, gülüşdəki
şeytanilik Səmranı qorxutdu. Uzaqdan hər şey gözəl görünürmüş.. Havada sovrulan və gülüşün cazibə
qüvvəsinə tabe olan Səmra yana açdığı qollarını qorxudan yığsa da özünü düşməkdən qoruya bilmirdi.
Tezliklə uçuş bitəcəkdi və Səmra bu iyrənc gülüşün qurbanı olacaqdı. Səmra “yağış adam”a
yaxınlaşdıqca onun iyrənc simasının əslində müdürü Eldar bəyə bənzətdiyində havada çırpınmağa
başladı. Ölməkdən deyil də Eldar bəyin qucağına düşəcəyindən qorxdu. Artıq gec idi, zamanı geriyə
çəkə bilməzdi. Həyatının ən pis və sonuncu enişini edəcəkdi.
Və suya çırpıldığı an...
...
Üzünə sıçrayan soyuq su damlalarını hiss elədi və diksinərək yuxudan ayıldı. Başını qaldıraraq daş
kimi ağırlaşmış göz qapaqlarını açdığında pərdələri yana çəkilmiş pəncərədən otağa düşən parlaq gün
işığı gözlərinə doldu. Əlini gözünün önünə – havaya qaldırmaq istədiyində yuxarı qalxmaq istəməyən
əlinin bədəninə bürünmüş adyalın altında olduğunu anladı. İşığa tab gətirməyən gözlərini müvəqqəti
bağlayaraq əlini güclə də olsa adyalın altından çıxartdı və gözlərini işıqdan qorudu. Gözlərini yenidən
açdığında bu dəfə ətrafını normal sayılmasa da görə bildi. Gözlərinin biri hələ də tam açılmamışdı və
tam açıq olan gözü də bir qədər dumanlı görməsinə rəğmən başının üzərində anasının durduğunu görə
bildi. Anasının bir əlində su dolu sprey qabı var idi, digər əlini də belinə qoymuşdu. Sprey qabını
Səmranın üzünə tuşlamışdı.
– Əgər hələ də ayılmamısansa məcbur qalıb yenə vuracağam, - dedi anası. Barmağını sprey
qabının tətiyində hazır vəziyyətdə tutmuşdu.
– Ana, eləmə, - deyə etiraz elədi Səmra gözlərini yenidən bağlayaraq.
Bir daha gözlərini açdığında artıq anası başının üzərində deyildi. Eyvanın qapısına yaxınlaşırdı.
– Saat onun yarısıdır, onda işə getməlisən. Qalx artıq, - dedi anası.
Səmra işə getməli olduğunu eşidən kimi gözlərini bərəldərək yerindən qalxdı. “Nə iş? Mən dünən
gecə işdən çıxdım. Əgər işdən çıxdımsa deməli Elvinin mənzilinə yollanmışdım. Ora yollanmışdımsa
deməli öz mənzilimə qayıdıb eyvandan özümü atıb intihar eləmişdim” - deyə bir anın içində düşündü
Səmra. Düşünərkən gözləri ilə otağı analiz edir, əllərinə mat-mat baxır, əllərini bədəninə sürtərək sağ
olduğuna əmin olmaq istəyirdi. Hər şey real idi, hətda anası da. Bəs dünən baş verənlər? Yuxuydumu?
– Allahım! Səmra, gəl bu gözəlliyə bir bax! - eyvanda durmuş anası açıq qapıdan Səmranı səslədi.
Səmra hələ də şokdan ayılmamışdı və oturduğu yerdən eyvana baxdı.
– Nə olub orda? - dedi Səmra.
– Gəl, gəl, bu gözəlliyi öz gözlərinlə görməlisən.
Dünənki hadisələrin təsirindən ayılmayan və hələ də yaşananların yuxu ya da gerçək olduğunu ayırd
edə bilməyən Səmra istəmsizcə divanın üzərindən ayağa qalxaraq eyvanın açıq qapısına yaxınlaşdı.
Qapıya yaxınlaşdıqca günəşin parlaqlığı daha da gözqamaşdıran olurdu və sərin mehi daha yaxından
hiss edirdi. Anası eyvanın tən ortasında durub sevinc dolu heyrətlə yerdə nəyəsə baxırdı. Qapının
önündə durub ehtiyyatla eyvana boylandı Səmra. Anasının nəyə baxdığını təxmin etmişdi deyəsən,
amma anasının çağırmasından əlavə içini bürüyən maraq gətirdi onu eyvana. Bu, tünd çəhrayı rəngə
boyanmış çiçəkləri olan, yarapqaları yam-yaşıl, günəş şüasında parıldayaraq göz qamaşdıran bir dibçəy
gülü idi.
– Azaliya! - sevincdən dodaqları yana qaçmış anası pıçıldadı. - Belə tez bir zamanda canlanması
əsl möcüzədir!
Azaliyanın çiçəkləri günəşin şüaları altında sehirli görünürdü. Səmra çiçəyin sehrinə hipnoz
olubmuş kimi addımını irəli ataraq anasının yanında durub azaliyaya daha yaxından tamaşa elədi.
“Bu həmin çiçək idi: dünən gecə ölümdən qoruduğum çiçək. Deməli dünən yaşananlar gerçək imiş:
müdürün iyrəncliyi, işdən çıxmağım, Elvinin mənzilinə getməyim, söyülməyim, danlanmağım, sonra
evə gəlib “yağış adam”a qovuşmaq eşqi ilə eyvana yaxınlaşmağım, sonra yağışı unudub azaliyaya
qulluq eləməyim. Bircə intihardan başqa hamsı gerçək imiş. Bəs bütün bunları, bu xoş gündə anama
necə deyəcəm? Ən əsası işdən çıxdığıma nəyi bəhanə edəcəm?” deyə düşündü Səmra.
– Bu azaliyanı iş yoldaşım mənə verdi,- dedi anası. - Güllərə baxmağa vaxtı olmadığından
dibçəklərini dost-tanışa paylayırmış, mən də bunu götürdüm. Evə götürdüyümdə heç yaxşı vəziyyətdə
deyildi, səhərə qədər quruyub məhv ola bilərdi. Mənim də vaxtım olmadığından sənin ona yüngülvari
qulluq etməyinçün məktub yazdım sənə, - bir qədər susandan sonra əlavə elədi. - Sən bir gecənin içində
bu gülə sehirmi elədin, bu belə dirildi? Gecə yarısı işdən çıxıb evə gələndə səni qonaq otağında divanın
yanında yerdə oturduğunu gördüm, torpağa bulaşmış qucağında azaliyanın dibçəyini bərk-bərk
tutmuşdun. Eyvanın qapısı da aralı qalmışdı. Çox yorulmuşdun deyəsən. Hətda sayıqlayırdın da.
Səmra fikirli baxışlarını azaliyadan çəkərək anasına baxdı.
Anası dibçəklərə doğru əyilərək spreylə yarpaqlarını suladı. Dedi:
– Yuxulu idin, yağış öldürəcək gülü, deyirdin, qoyma öldürsün, deyə sayıqlayırdın. Mən də
dibçəyi səndən alaraq səni elə orda divana uzandırıb üstünü örtdüm, dibçəyi də eyvana qoydum. Və
səhər qalxdığımda belə gözəl mənzərə ilə qarşılaşdım: azaliyanın dünənki küskünlüyündən əsər-əlamət
yox idi.
Anası ayağa qalxaraq açıq qapıdan qonaq otağına keçdi. Səmra isə hələ azaliyaya baxmağa davam
edirdi.
– İş yoldaşım deyir ki, bu bitki qışda da gül verir, sadəcə daha diqqətli qulluq tələb edir, - dedi
anası. Qonaq otağında gəzərkən ayaq səsləri Səmranın qulaqlarında əks-səda verirdi. - Rütubəti sevən
bitkidir, dibinə tökəcəyin su da təmiz olmalıdır, ya da onunçün ən yaxşısı yağış suyudur.
“Nə? Yağış suyu?” Səmra diksinərək gözlərini dibçəkdən ayırıb qonaq otağındakı divanın üzərini
yığışdıran anasına baxdı. Səmra özü də səbəbini anlamadan canına üşütmə düşdü. Üzərinə bol gün
şüası düşməsinə baxmayaraq üşüyən yalın qollarını qucaqladı. Anası hələ də danışırdı. Səmra diqqətini
ondan çəkərək eyvanın sürahisinə yaxınlaşdı. Ehtiyyatla və bir qədər də qorxaraq aşağıya boylandı,
sanki kiminsə onu aşağı çəkəcəyindən qorxurdu. Qıvrıq saçları üzündən aşağıya sallanaraq sərin mehin
sığallarıyla yellənirdi. Asfalt doşəmədə – yolun kənarında ovuc qədər su hövzəsi qalmışdı və elə həmin
dəqiqə döngədən burulan “Jiquli” suyun üzərindən şütüyüb keçdi. Cəmi bir neçə saniyə ərzində ovuc
qədər su ətrafa sıçrayaraq yox oldu. Elə həmin an Səmranın bədənindəki üşütmə də yox oldu. Dərindən
nəfəs alıb qamətini düzəltdi, başını yuxarı qaldıraraq açıq səmaya baxdı.
– Qızım, işə gecikəcəksən. Birazdan saat on olacaq, - deyə qonaq otağından anasının səsini eşitdi.
“İşdən çıxdığımı anama necə deyəcəm? Birdən Elvinə dediyimdə qarşılaşdığım hal ilə yenə
qarşılaşaramsa? Birdən anam da məni günahlandırarsa? Əslində Elvindən qabaq anama deməli
deyiləmmi? Əlbətdə Elvinə də deməliydim, çünki o məni işə düzəltmişdi, çıxmağımın səbəbini
soruşacaqdı, amma anamın da mütləq bilmək haqqı var idi və məcbur qalıb indi onunla danışmalıyam”
- deyə düşündü və aram addımlarla eyvanın qapısına yaxınlaşdı.
– Qızım, gəl çayını iç, - anasının səsi mətbəxdən gəldi. - Səninlə bir məsələ haqqında
danışacağam. - Səsi uzaqdan gəlirdi, sonuncu cümləsini deyərkən hecaları şən bir vurğu ilə uzatmışdı.
“Görəsən nə barədə danışmaq istəyir? Ağlıma heç bir şey gəlmir? Əgər sevindirici bir haldırsa, onun
yerində olsam heç sevinməzdim, çünki birazdan mənim ona deyəcəyim sözlərdən sonra kefi yaman
pozulacaq” - deyə düşündü Səmra. Hələ də eyvanı tam tərk eləməmişdi, qapının önündə durmuşdu.
Qızının gəlmədiyini görən ana bir qədər sonra özü qonaq otağında peyda oldu.
– Səmra, mən bu gün evdəyəm, özüm güllərlə məşğul olacağam, gəl keç çayını iç ki, evdən
vaxtında çıxasan və işə də gecikməyəsən. Həm də sənə deyəcəyim bir xəbər var. Gəl danışaq, - dedi
anası. - Səmra, məni eşidirsən, səninləyəm? - Qızından cavab almayacağını görən ana onun çox yorğun
olduğunu düşündü və danışacağı məsələni ayaq üstə demək qərarına gəldi. - Qızım, mənim iş yerimin
yanında gül dükanı var idi ha, orada işləyən qız da işdən çıxacaq. Mənə azaliyanı verən iş yoldaşımın
qızıdı o, sənə dedim axı iş yoldaşım başqa yerə köçəcəyindən gülü mənə verdi. Bax həmin ana-bala
köçürlər burdan. - Anası divanın yanında çöməlmiş kətili düzəldərək öz altına çəkdi və əyləşdi. - Yəni
demək istəyirəm ki, gül dükanına - həmin qızın yerinə satıcı lazım olacaq, bəlkə sən orda işləyəsən?
Bilirəm ki, gülləri çox sevirsən, həm də bilirsənki mənim iş yerimin yanındadır. Orda mənim
yaxınlığımda işləsən çox sevinərəm, - deyib susdu anası. Diqqətlə Səmraya baxırdı.
Səmra hələ də qapının astanasında durmuşdu. Bir addım geriyə qoyaraq azaliyaya baxdı. İndi
fərqinə vardı ki, gün şüasında bərq vuran çiçəkləri Səmraya gülümsəyirmişlər. Səmra azaliyanı xilas
etdiyi gecə əslində azaliya Səmranı xilas eləmişdi. O, azaliyanı “yağış adam”dan qoruduğu an, əslində
azaliya onu “yağış adam”dan qoruyubmuş. Azaliya onu ölümdən döndəribmiş.
Səmra gülümsəyən üzünü azaliyadan çevirərək anasına baxdı. Anası onun təbəssümünü görüb özü
də sevindi. Üzündə çiçəklər açırdı. İşlə əlaqədar qızının üzünə həsrət qalan ananın ən böyük arzusu
qızını daha çox görmək idi əlbətdə. Yandakı gül dükanına keçib qızıyla ürək dolusu söhbət edəcək, öz
işlədiyi şirniyyat dükanından ona şirni aparacaq, hər istədiyində ona baxa biləcəkdi.
Səmra indi paralel bir aləmdə eyvandan atılaraq ölən Səmranı təsəvvür elədi. Anası o aləmdə heç də
belə şad görünmür yəqinki. Bütün gecəni ağlamaqdan halsız olub, gözlərinin altı şişib. Axı onun
Səmradan başqa kimi var? Onun yoxluğu anasına nə qədər böyük acı verəcəyini anladı bir anlıq, içi
sızıldadı, digər tərəfdən də eyvandan atılmadığı üçün sevindi. Özünü öldürməklə necə də axmaq bir iş
görmüş olacağının indi fərqinə varmışdı. Böyük minnətdarlıqla azaliyaya baxdıqdan sonra anasının
yanına gələrək onu qucaqladı. Boğazında düyünlənən qəhər gözündən yaşların süzülməsinə səbəb
olduğu an Səmra anasını qucaqlayıb başını onun çiyninə qoydu ki, anası göz yaşlarını görməsin.
– Qızım, sözün düzü, sizin müdürünüz Eldar bəydən heç xoşum gəlmirdi, - dedi anası. - Düzü,
ondan bir pislik görməmişəm və heç kim də onun haqqında pis bir şey söyləməyib, amma nə bilim, heç
xoşum gəlmirdi o kişidən. Məncə marketdən çıxıb gül dükanına gəlsən gözəl olar.
Səmranı bərk-bərk qucaqlayan anası onun kürəyini yüngülcə ovxalayırdı. Başı çiyinində olan qızının
səssizcə ağladığından xəbərsiz idi ana.
– Çiçəyim mənim, bilirəm çox yorğunsan, amma bir azdan işə getməlisən. Son dəfə get, ərizəni
yaz çıx. Çiçək dükanı sənə çox yaraşacaq, qızım, oradakı çiçəklərə gözəllik qatacaqsan.
Səmra artıq işdən çıxdığını anasına deməyəcəkdi, çünki buna ehtiyac yox idi. Əvəzində çantasına
rəsm çəkmək üçün ləvazimatlarını, uzun müddətdir yarımçıq saxladığı Hermann Hessenin
“Yalquzaq”ını, ipodunu çantasına qoyub dəniz kənarı parka gedəcəkdi. Bir neçə saat özüylə baş-başa
qalıb sonra yeni bir həyata davam edəcəkdi. Sıfırdan başlayacaqdı və eyni səhvlərdən uzaq olaraq anası
ilə gözəl həyat quracaqdı özünə.

Son

2019.04.19
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)