Edebiyyat.az » Proza » İlahə Səfərzadə - Hökm

İlahə Səfərzadə - Hökm

İlahə Səfərzadə - Hökm
Proza
admin
Müəllif:
16:42, 28 dekabr 2021
789
0
İlahə Səfərzadə - Hökm




 Bu gecə səhərə kimi heç bir dəqiqə də yata bilməmişdi. Eyvana çıxıb səmaya dünya gözü ilə bir daha baxdı. Yer işığa qərq olduqca ən parlaq ulduz olan Dan ulduzunun parlaqlığı itir, adiləşirdi. Bu gün səma gözünə daha sirli, daha əsrarəngiz göründü. Bəlkə də, son dəfə baxırdı, ona görə. Əgər ona həyatını yenidən yaşamaq şansı verilsəydi yəqin ki, hər gününü son günü imiş kimi yaşayacaqdı. Onda həyatdan daha çox ləzzət alardı. Eynən indi bu sonsuz səmaya baxarkən hiss etdiyi anlamsız sevinc kimi. Məgər yaşamaq nə gözəl imiş... Amma onun indi insan arasına çıxacaq üzü qalmamışdı. 
 Əlindəki siqaretə və saralmış dırnaqlarına diqqətlə baxıb düşündü ki, görəsən, bu həqiqətən də, onun əlidirmi? Yox, ola bilməzdi! Bəlkə də, o özü deyildi, ayrı adam idi. Eyvandan otağa keçmək üçün olan qapının ayna şüşəsində özünün əksinə diqqətlə baxdı. İndi onun şəxsiyyət vəsiqəsi olmasaydı, yəqin ki, bu 30 yaşlı xanıma ən az 45 yaş verərdilər. 
  İki il öncə nə qədər də xoşbəxt olduqlarını xatırlamamağa çalışdı. Nəhayətində hər anın bir hökmü var. Sadəcə ona qəribə gələn o idi ki, niyə insan xoşbəxt olduğu zamanı dəyərləndirə bilmir? Niyə bunun fərqində olmur? Bəlkə, heç onda da xoşbəxt deyilmiş, özünü aldadırmış? Dodağı qaçdı, üzünə acı ilə dolu mənasız gülümsəmə yayıldı. İndi bu fəlsəfi düşüncələrə dalmağın yeri yox idi. Artıq qərarını vermişdi və hansısa bir düşüncənin onu bu fikirdən yayındırmasını istəmirdi.
 Kənddə yaşayırdılar. Həyat yoldaşını sevib evlənmişdi. Və bu evlilikdən iki uşaqları dünyaya gəlmişdi. Ailələrində elə də böyük problemlər yaşanmazdı, demək olar ki. Yəni, əvvəllər yaşanmazdı. Kiçik oğulları sağalması çox çətin olan xəstəliyə tutulana qədər. Müalicəsinə pul tapa bilmədikləri üçün ölkədə yardım istəyə biləcəkləri kim var idisə hamısına ağız açmışdılar, amma demək olar ki, heç kim səslərinə səs verməmişdi. 
 Uşağı tez-tez həkimə aparıb gətirmək rahat olsun deyə Bakıda ev kirayələyib burada yaşamağa başladılar. Əri heç nəyə pul çatdıra bilmir, siqareti siqaretə calayır, gündən-günə onların gözünə daha az görünməyə çalışırdı. Vaxtının çoxunu qumarxanalarda keçirir, udmaqdan çox uduzaraq rayondakı bağlarını satdıqdan sonra əllərində olan son müalicə pulunu da xərcləmişdi. İynələr, dərmanlar sanki bir sərvət bahasına idi. Artıq heç mümkün deyildi ki, xəstəxanalarla, müalicə pulları ilə ayaqlaşa bilsinlər. Ərinin bu vəziyyətinə dözə bilmədiyi üçün ailəyə o da maddi dəstək ola bilsin deyə gözəllik salonunda işləməyə başladı. 
 Bir müddət sonra əri burada yaşamağın çox çətin olduğunu və rayondakı işinə geri dönməzsə, artıq işdən tamamilə çıxarılacağını deyərək oraya geri qayıtmalı olduğunu dedi. Kiçik xəstə oğlunu anasının yanında saxlayıb böyük oğlu ilə rayona geri döndü. Üstündən bir həftə keçməmişdən əri ona zəng edib keçmiş əsgərlik dostunun oğlunun müalicəsinə müəyyən qədər pul verəcəyini dedi. Axşam saat səkkizdə pulu götürmək üçün ərinin dediyi ünvana getdi... Və elə ən pis anları da ondan sonra başladı. 
 Oraya çatanda anlamışdı ərinin əsgərlik dostu deyə təqdim etdiyi adamın əslində, onun qumar "dostu" olduğunu. Otağa girib salamlaşdıqdan sonra arxada oturan adamın şkafın aynasındakı əksinin qarşısında müdir masasında oturmuş adama əli ilə "qəşəng şeydir" ifadəsini göstərəndən sonra ayağa durub irişə-irişə çölə çıxdı... 
 Qorxu hissi beynində həyəcan təbilini işə salanda hansısa bir hiss onun həmin otaqdan çölə çıxmağını əngəllədi. Xəstə oğlu! Müalicəsi üçün pul! Və... Və onu çox "sevən" əri! Bir an mədəsinin ağzına gəldiyini hiss etdi. Bu günə kimi əri ilə yaşadıqları bütün günlər film lenti kimi gözlərinin önündən keçdi. Axşam evə gedəndə əri ondan artıq gözəllik salonundakı işindən çıxmalı olduğunu və başqa "dostlarının" da ona yardım edəcəyini dedi. Həmçinin "qazandığı" pulun bir qismini ona göndərməsini söylədi. Həmin gün olan o iyrənc dialoq birdən qulaqlarında çınladı.
 -Bu son idi. Mən artıq görüşmək istəmirəm sənin dostlarınla.
-Səni gizlincə videoya çəkiblər. Görüşməsən, yaxşı olmayacaq. Məni öldürməklə təhdid etdilər. 
-Təhdid? -dodaqlarında isterikadan yaranan acı bir gülüş gəzdi. -təhdid əziyyətinə girməyib öldürsəydilər kaş ki. 
-Yaxşı düşün istəyirsən. Xəstə oğlumuzun müalicəsi üçün pul lazımdır!
 Sonra növbə ilə onun dostlarının hamısı ilə görüşmüşdü. İndi artıq oğlu sağalmışdı amma onun ruhunda dərin yaralar açılmışdı. O artıq hamının tanıdığı başıaşağı, namuslu qadın deyildi... Və oğullarının üzünə baxmağa da utanırdı. İndi ruhu və cismi ayrı-ayrı adamlara aid idi, sanki. Bir bütün təşkil etmirdilər.
 Bir neçə gün olardı ki, oğlunu atalarının yanına göndərmişdi. Əlindəki dərman qutusuna baxdı. Birdən bir neçə il öncə oxuduğu "Veronika ölməyə qərar verir" əsərini xatırladı. Qərar vermişdi amma ölə bilməmişdi. Çünki, gəlib xilas etmişdilər onu. Amma indi onun yanına gələsi heç kim yox idi. Bir də ki, o, öz ölüm hökmünü vermişdi artıq.
 Dərmandan bir ovuc uddu və öz ölüm mələyinin yolunu intizarla gözlədi. Sonra gözünün önündəki hər şey yavaş-yavaş bulanıqlaşmağa, sönməyə başladı. Yuxusuz keçən uzun bir aradan sonra dərin bir yuxuya gedirmiş kimi gözlərini yavaş-yavaş yumdu...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)