Edebiyyat.az » Proza » Siyavuş - Panik atak

Siyavuş - Panik atak

Siyavuş - Panik atak
Proza
admin
Müəllif:
20:34, 20 dekabr 2021
345
0
Siyavuş - Panik atak



                        
    Gecə saat ikiyə on dəqiqə qalır. Yuxum ərşə çəkilib. Alnımı bumbuz pəncərəyə söykəyib küçəyə baxıram. Küçədə bir inli -cinli gözə dəymir. Yolun kənarında cərgə ilə düzülmüş  dirəklərdəki işıqlar ayıq-sayıq şəkildə gecəyə keşik çəkirlər. Üçüncü dirəkdəki işıqdan başqa. Sanki havanın quru şaxtası onu illərin yorğunluğu üzərindən bir də xəstəlik tapmış  adamlar sayaq tir-tir titrədir. Bütün günü yük maşınlarının  əzişdirdiyi asfalt yol nisbi sakitliyin dadını çıxarmağa çalışır.  Xəfif meh Vahid kişinin üç-dörd baş quzusunun gözündən yayınan hasarın  dibindəki tək-tük gözə dəyən otları rəqs elətdirir. Yolun kənarındakı yoğun qaz turbaları, şikarını udmağa hazırlaşan beton ilanlarını xatırladır. Nə bayır, nə də otaq əhvalımdakı narahatlıq hissinə sığal çəkə bilmir. Otağın təmirsiz bomboz divarları üstümə gəldikcə özümü güllələnmə anında  küncə sıxılılaraq son saniyələrini ölüm qorxusu ilə yaşayan adam kimi hiss edirəm. Tavana baxdıqca ruhum qaralır. Elektrik naqilindən asılan yüz vattlıq lampa iplə özünü tavandan asaraq intihar etmiş adamın cəsədinə bənzəyir.
 Ürəyim sinəmi tez-tez döyəcləməyə  başlayır. Əlimlə nəbzimi tuturam. Bir, iki, Bu... Çatdıra bilmirəm... İki barmağımı boğazıma qoyuram. Burada da nəsə qaydasında deyil. Yenə nəfəs daralması, baş gicəllənməsi. Elə hiss edirəm bu dəqiqə burada yıxılıb qalacağam. Bəlkə infarkt keçirdirəm? Tez mətbəxə keçib dilaltı dərmanımı şkafdan götürüb dilimin altına qoyuram. Stəkana azca su töküb ”korvalol”u suya damızdırıram. Deyəsən iyirmi beş damcı tökməliydim. Tez təsir eləsin deyə suya qırx damcı töküb, stəkanı başıma çəkirəm. Gözlərimdən nanəcövhərin alovu çıxır. Psixoloqumun belə hallarda eləməyi məsləhət gördüyü nəfəs məşqini eləyirəm. Dörd saniyəyə nəfəsimi içimə çəkirəm. Yeddi saniyə saxlayıram. Səkkiz saniyədən sonra geri buraxıram. Üç-dörd dəfə təkrar edirəm. Heç bir xeyri yoxdur. Əlimlə yenidən nəbzimi yoxlayıram. Ürək döyüntülərim  bayaqkından daha çoxdur. Bir azda həyacanlanıram. Döş qəfəsimin sol tərəfində  küt ağrı əmələ gəlir. Evdəkiləri səsləyirəm. “Təcili yardım çağırın” — həyacanla qışqırıram. Həyətə düşüb nə edəcəyəmi bilmirəm. Bordaq danası  damdan bayıra çıxan sayaq  ora-bura qaçıram. Yox təcili yardım maşını gələnə kimi öləcəyəm. Atam məni sakitləşdirməyə çalışır:
—Özünü ələ al, zəng vurmuşam beş dəqiqəyə çatırlar. Dərindən nəfəs al. Gəl uzan tərpənmə. İnfarkt olsam ya öləcəyəm, ya da qalacam. Bunu düşünürəm. Yəqin ki, öləcəyəm . Anam məni addım-addım izləyir. Hiss olunur çox həyacanlıdır. Əlimlə arxamca gəlməməsini işarə edirəm. Görəsən ölsəm anam neyləyər? Yazıq arvad onsuzda təzyiq, şəkər xəstəsidir. Üstəlik oğul dərdi də birtərəfdən. Təzyiqə, şəkərə dözməyinə baxma, oğul dərdinə dözməz, yəqin. Həyətin ortasında yıxılıb öldüyümü təsəvvür edirəm. Hamı ağlaşır. Atam özünü toxtaq tutmağa çalışsa da alınmır. Səssiz şux duruşu bir dağı xatırlatsa da gözündən axan yaş  sürətli dağ çayına bənzəyir. Anam cəsədimi qucaqlayır, nalə çəkə-çəkə “getdi, getdi” — deyir. Bibilərim özləri ağlasa da anamı sakitləşdirməyə çalışırlar. Eşidən-bilən  yavaş-yavaş həyətimizə gəlməyə başlayır. Bakıda fəhlə işləyən qardaşıma zəng vurub tez kəndə gəlməsini söyləyirlər. Qorxutmamaq üçün öldüyümü gizlədib, nəsə başqa səbəb deyirlər. Yazıq uşaq öldüyümü biləndə nələr çəkəcək. Əmilərim hərəsi bir işlə məşğuldur. Biri mollaya zəng edir, o biri qəbir qazanla maraqlanır. Yuyat yeri düzəldən kim, mağar danışan kim. Məni harada kimin yanında basdıracaqlarını məsləhətləşirlər. Qərarları mənə də maraqlıdır. Nəyi maraqlıdır bunun? Onsuzda ölmüşəm. Yox, elə maraqlı olmalıdır. Bundan sonra ölü olacağam. Görüm qor-qonşularım kimlərdir. Allah eləməsin ölüm. Bunu həm anama görə, həm də özümə görə deyirəm. Hələ oğlumu demirəm. Atasız böyüyəcək. Nə yaşım var, axı mənim? Cəmi iyirmi doqquz yaş. İdman da edirəm. Əslində sağlam olmalıyam. Birdən gənc yaşda ölən idmançıları xatırlayıram. Bircə bu çatmırdı. Hansısa futbol komandasının oyunçusu var idi. Adını yadıma salmağa çalışıram. Yadıma düşdü, Antonio Puerto. Oyun zamanı ürəyi tutdu, öldü . Çıx beyimdən, qaramat fikirlər! Həyətin qapısından bağa tərəf keçirəm. Beş dəqiqəyə? Düşünürəm. Gecdir beş dəqiqə. Yəqin o vaxta qədər ölərəm. İndi də başım, əllərim, ayaqlarım, çənəm keyiməyə başlayır. Ayaqlarım qışın soyuğunda yağışa düşmüş adamlar kimi tir-tir titrəyir. Ürək döyüntülərim bir az daha artır. Allahım, sən özün kömək ol! Atam beş dəqiqəyə çatacaq demişdi. Harada qaldı axı təcili yardım maşını? Ürəyim ağrıyır. Boynumun arxasından tutan ağrı məni yerin dibinə soxmağa çalışır. Əlimdə tutduğum korvalolu burnuma yaxınlaşdırıram. Dərindən nəfəs alıb verməyə çalışıram. Yalnız özümün eşidəcəyim səslə “mən yaxşıyam” ,”mən sağlamam” ifadələrini  təkrar-təkrar söyləyirəm. Başqasına məsləhət verirmiş kimi öz-özümə deyirəm: bir az da döz keçib gedəcək. Az qalıb dözməlisən. İndi təcili yardım gələcək. Başımı göyə qaldırıb allahdan özümə güc  istəyirəm. Nəfəs məşqini yenidən təkrar edirəm. Dörd saniyəyə nəfəsimi içimə çəkirəm. Yeddi saniyə saxlayıram. Səkkiz saniyəyə geri qaytarıram. Gözəl şeylər düşünməyə çalışıram. Dörd dəfə təkrar edirəm. Yenə də ürəyimin tələskənliyinə çarə tapa bilmirəm. Bağdan həyətə tərəf qayıdıram. Atama zəng gəlir. Atam evimizə gələn yolu izah eləyə-eləyə darvazanı açır. Təcili yardım maşınından düşən işıq, bütün ruhumu işıqlandırır. Bir əlim sol döşümün üstündə, bir əlim də başımın arxa tərəfində həkimə həyacanla ağrılarımdan şikayət edirəm. 
—Narahat olma, ciddi problemin yoxdur. İndi iynə vuracağam, hər şey düzələcək. 
Həkim təzyiq ölçən aparatını qoluma taxıb, ölçür.
—Təzyiqim neçədir ? 
—Narahat olmamağım üçün elədə çox deyil, bir az qalxıb — deyir. 
İki iynə vurur mənə. Bir dənə də dərmanı dilimin altına qoymaq üçün verir. Həkim on-on beş dəqiqə keçəndən sonra baş barmağı ilə biləyimdən nəbzimi yoxlayır.
—Bax düzəlirsən, narahat olmağa əsas yoxdur. Sadəcə belə anlarda özünü ələ almağı bacarmalısan.
—Xeyr həkim, mən bilirəm ürəyimdə nəsə problem var. Düşünürəm ki, sabah ilk işim kardeoloqun yanına getmək olacaq. Baxmayaraq ki, ev ürəyimin kordeoqramma kağızları ilə doludur, mən yenə də sabah ürəyimdə hansısa problemin çığacağından əminəm.
Daha sonra  həkim qeydlər aparmaq üçün  şəxsiyyət vəsiqəmi istəyir. Yuxu   göz qapaqlarımı bağlayaraq məni öz dünyasına aparır. 
Artıq oyanmışam. Səhər saat səkkizə on dəqiqə işləyib. Alnımı bumbuz pəncərəyə söykəyib küçəyə baxıram. Küçə, işçi qarışqaların yuva ətrafında qaynaşdığı kimi adamlarla qaynaşır. Günəş, küçədə cərgə ilə düzülmüş dirəklərdəki işıqların keşik çəkdiyi gecəni sarı-mavi rəngə boyayıb.Üçüncü dirəkdəki işıq şaxtalı gecədən sonra günəşin al şəfəqlərinin isti münasibətindən xoşhallanaraq  mürgüləyir. Pəncərədən evə dolan şüa otağımdakı toz dənəciklərini işıq rejissorunun teatr səhnəsindəki aktyorları izlədiyi kimi üzə çıxarır. Artıq fikrimdən daşınmışam. Həkimə getməyə ehtiyac yoxdur. Hər şey qaydasındadır. Qalaqlanmış kitabların üstündən dünən yarımçıq saxladığım İrvinq Stounun “Yaşamaq yanğısı”nı götürüb oxumağa davam edirəm. Yazıçı Van Qoqun şaxtaya enmə səhnəsini elə canlandırıb ki, sanki özüm şaxtaya düşürəm. Təsəvvür etdiyim şaxta səhnəsi məni boğur. Havam çatmır. Kitabı bağlayıb kənara atıram. Həyətə düşüb ucsuz-bucaqsız səmaya baxıb, insanların kilometrlərlə yerin altında bir qarın çörək üçün necə işlədiklərini düşünürəm.
Gecədir. Yuxum  istəsəm belə çata bilməyəcəyim uzaqlıqdadır. Elə bil ürəyimi üç-dörd nəfər var gücü ilə kötəkləməyə başlayır. Ayağa durmaq istəsəmdə döşəmə məni özünə çəkib qucaqlayır. Gözüm sol biləyimdə tərsinə fırlanan qol saatıma sataşır. İkiyə on dəqiqə qalır...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)