Edebiyyat.az » Proza » Kənan Hacı - Timsah olmasaydı... (Uzun hekayə)

Kənan Hacı - Timsah olmasaydı... (Uzun hekayə)

Kənan Hacı - Timsah olmasaydı... (Uzun hekayə)
Proza
admin
Müəllif:
22:43, 27 avqust 2021
330
0
Kənan Hacı - Timsah olmasaydı...(Uzun hekayə)


                       


   Sonu tatlıya bağlanan kitaplar yollayın bana...
                                                         Nazim Hikmət

Təbəssüm Leylanın üzündən perik düşmüşdü, sevinc hissi özüylə birlikdə onun səadətini də özüylə birlikdə aparmışdı.
Yeknəsək, cansıxıcı həyat ruhunu didir, parçalayırdı. Gecələrin tənhalığı isə lap dözülməz olurdu, o, canını qoymağa yer tapmır, yaralı quş kimi dörd divar arasında çırpınırdı. Bacısı Rənagilin üçotaqlı mənzilində ona bir otaq ayırmışdılar. İşdən qayıdan kimi öz otağına çəkilir, çox vaxt yeməyini də tək yeyirdi. Rəna nə qədər təkid etsə də mətbəxə keçmirdi. 
Əvvəllər Leylanın özünə qapanmağı Rənanın əri Kamalın eyninə deyildi. Düşünürdü ki, yəqin bacısının evinə uyğunlaşa bilmir, utanır, çəkinir. Amma bu hal davamlı olanda arvadının qulağına pıçıldadı:
-Bacın niyə belə fikirli gəzib-dolanır? Dərdi, illəti nədir? 
Rəna dərindən köksünü ötürüb pıçıltıyla cavab verdi:
-Yazıq qızın bəxti gətirmədi. Əclaf həyatını puç elədi... Vaxtında dedim ona ki, getmə o avaraya. O, ailə saxlayan deyil. Yox e. Kimə deyirsən? Ay belə yaxşı oğlandır, yaxşı pul qazanır, maşını var, nə bilim, neçə yerdə evi var. Axırda gördük. Narkomanın, qumarbazın biri imiş. Özünü elə göstərirdi ki, elə bil imam-peyğəmbər övladıdır. Aldatdı qızın başını, bədbəxt elədi. 
Leyla heç də özünə qapanan qız deyildi. Bəlkə bacısı Rənadan da nikbin, həyatsevər, deyib-gülən qız idi. Yelbeyin qızların tayı deyildi, onun qəlbini ələ almaq o qədər də asan iş deyildi. Çox oğlanlar bu sevdaya düşmüşdü, amma uğursuzluğa düçar olub kənara çəkilmişdilər. Bəxt quşu hələ onun başına qonmağa tələsmirdi. Heç özü də bəxt quşuna məhəl qoymurdu. 
İncə barmaqları pianonun şirmayı dillərində rəqs edəndə tamamən özünü unudurdu, bütün varlığı əriyib melodiyanın içində itirdi. Şopenin prelüdiyaları üstünə yağış kimi səpələnirdi, Bethovenin beşinci simfoniyası onu göylərin yeddinci qatına qaldırırdı, o da buludların arasıyla bəxtəvərcəsinə süzürdü. 
Leyla Musiqi Məktəbində piano müəlliməsi idi. Dərsini deyib evə qayıdanda sanki dünyanın yükü üstünə tökülürdü, o da bu yükün altında əzilirdi, sıxılırdı. Rəna bacısındakı bu ruhi təlatümlərin səbəbini anlaya bilmirdi. Dəfələrlə onu al dilə tutub danışdırmaq istəsə də Leyla bacısına sirr verməmişdi. Rəna da ondan incik düşmüdü: “Bircə bacından başqa heç kimin yoxdur, ondan da söz gizlədirsən...” 
Leyla da eləcə bacısına baxıb gülümsəmişdi, gözlərindəki nisgil, məlal Rənanın ürəyini gizildətmişdi. Bu qızın nə dərdi var görəsən, deyə ağlına min-bir fikir dolmuşdu. 
                                      ****
İstilər qəfil düşdü. Axşam işdən pencəklə, kostyumla gələnlər səhər sarafan köynək geyməli oldular. Günəş bütün enerjisini yer üzünə püskütməkdə idi. Adamlar bu qəfil istini gözləmirdilər. Asfaltdan buğ qalxırdı, küçədə tək-tük adam gözə dəyirdi. Kondisioneri olanlar kefdəydi, olmayanlar da sərinkeşin altında sərinlənirdilər. Daim “istilər düşsəydi, sümüklərimiz qızardı” deyə istinin həsrətini çəkənlər indi də giley-güzar edirdilər: “Bir azca meh əssəydi, nəfəs alardıq. Bu istilər bizi qıracaq”. 
Məhlənin tinindəki ayaqqabı təmiri köşkündə yarım əsr çəkic döyən, az qala, iki nəslin arxasından dəymiş Məcid kişi kişmişi gülüşüylə siqaretin dumanı arxasından müdrikcəsinə qımıldanırdı:
-Qış gələndə deyirsiz soyuqdur, yay gələndə deyirsiz istidir. Ay naşükür bəndələr! Aradabir Allaha şükür eləyin ki, nəfəsiniz gedib gəlir. Allahnan Allahlıq eləmiyceysüz ki!.. 
İsti Leylanı təntitmişdi, musiqi məktəbi ilə bacısıgilin evləri arasındakı məsafə iki-üç kilometr olardı, nədənsə pay-piyada qayıdırdı. Evlərinə çataçatda başmağının ipi qırıldı. Başmağın qırılan tayını əlinə götürüb dabanı üstə birtəhər özünü evə çatdırmaq istədi. Məcid kişinin iti gözündən heç nə yayınmazdı, başını qaldıranda köşkün açıq qapısından Leylanı gördü. Məcid kişinin bu fani dünyada bir kimsəsi yox idi, oğlu uzun illər bundan öncə atasını atıb Rusiyaya qazanc dalınca getmişdi, öldüsündən-qaldısından xəbər yox idi. Arvadı da oğul həsrətiylə qırağını qatlayıb bu dünya ilə alış-verişini bitirmişdi. İndi qoca tək-tənha yaşayırdı. Yırtıq ayaqqabılara yamaq vura-vura Əzrayılın yolunu gözləyirdi. Əlbəttə, Əzrayıl yırtıq ayaqqabı yamatmağa gəlməyəcəkdi. Əzrayılın ayaqqabısı yox idi, onun bu köhnə-küşü köşkə ancaq bir məqsədlə yolu düşə bilərdi – Məcid kişinin canını almağa. Yəqin ki, Məcid kişi bütün müştərilərinin üzünə gülümsədiyi kimi Əzrayılı da gülər üzlə qarşılayacaqdı. Bu xoşbəxtlik hər insan övladına nəsib olmurdu. 
Məcid kişi bu dünyada bir kimsəyə pislik etməmişdi. Hər kəs rahatlıqla ona öz sirrini aça bilərdi, hamı dərdini gəlib ona danışa bilərdi. Məcid kişinin sinəsi dərin quyu idi, bütün sirlər o quyuda qorunurdu. Məcid kişi bu dünyaya ayaqqabı yamamaq üçün, bir də insanların dərdi-sərinə şərik olmaq üçün gəlmişdi. Leyla da bacısına demədiyi pünhan ağrısını ona etibar etmişdi. Məcid kişi onun başına gələn vaqeədən halı idi. Hər dəfə onu görəndə öz doğma balası kimi salamlaşıb hal-əhval tuturdu. Əllərini göyə açıb gözəgörünməzdən bu qızı xoşbəxt etməyi diləyirdi. Evdə mürəbbə bişəndə, ya hansısa əlamətdar günlərdə tort bişiriləndə Leyla həmişə Məcid kişinin də payını ayırırdı. Beləcə, onların arasında ata-bala münasibəti yaranmışdı. 
Məcid kişi qırılmış başmağı tikə-tikə gözaltı müşahidə etdi ki, Leylanın kefi yoxdur, gözünə qayğılı göründü.
-Qızım, nöş belə bikefsən? Kimsə xətrivə dəyib?
Leyla qəmgin-qəmgin gülümsədi:
-Yox, ay Məcid əmi. Elə belə... İstidəndi...
Məcid kişi arif adam idi, sövq-təbii hiss etdi ki, Leylanın nəsə bir sıxıntısı var.
-Yox, ay bala. Səninki isti dərdi deyil. De görüm nolub? Bəlkə bir köməyim dəydi.
Leyla dərindən köksünü ötürüb uzun müddət dinmədi. Qoca pinəçinin mili başmağın dövrəsində naxış vurduqca fikri-xəyalı azca duruldu.
-Məzuniyyətə çıxdım, Məcid əmi. 
-Ay nə yaxşı. Nəyi pisdir ki. Dincələrsən bir az, - Məcid kişi yenə başını aşağı salıb işini görməyə başladı.
-Eh, ay Məcid əmi, harda dincələcəyəm? Rəna doğma bacım da olsa, onların evində rahatlıq tapa bilmirəm. Əri də, özü də hər dəfə məni günahlandırırlar. Əsəblərim pozulub. Axı kim istəyər ki, ailəsi dağılsın, gəlib bacısının küncündə yaşasın? 
Məcid kişi əl saxlayıb fikrə getdi, ürəyində nəyisə götür-qoy edirmiş kimi uzun müddət dinmədi. 
-Hm, qızım, məsələ belədü də. Hər dəfə səni günahkar çıxarmaqları düz döyül. Amma bacının sözündə bir balaca da olsa, həqiqət payı var. Yəqin ki, mənim sözümdən inciməzsən. Bilirsən ki, səni öz doğma balam kimi çox istəyirəm. Hər gün əllərimi göyə açıb sənin üçün dua edirəm ki, İlahi, pərvərdigara, bu qızı xoşbəxt elə. Amma özündə də günah olub da, ay bala. Bu, həyatdır. Özünə qapanmaqla, qəmə-qüssəyə batmaqla heç nə düzələn deyil. Özünü üzüb əldən salarsan. Mübarizə aparmalısan, həyatını yenidən qurmalısan. Allah da səninçün yol açar. Maşallah, əlində gül kimi sənətin var, heç kimə də möhtac deyilsən. Ürəyinə yatan, sənin qədir-qiymətini bilən adam olsa, səni sevsə, ona yox demə. Dadaş əmin də ağsaqqallıq edər, səni darda qoymaz. 
Leyla diqqətlə Məcid kişini dinləyirdi, onun dedikləri qızın dolaşıq düşüncələrini duruldurdu. Məcid kişi başmağı qıza uzatdı:
-Al, geyin. Daha qırılmaz.
Leyla sevincək ayağa qalxıb çantasından pul çıxarmaq istəyəndə Məcid kişi sərt ifadə ilə qızın əlindən tutdu:
-Qızım, əgər belə etsən, bir də üzünə baxmaram. Əvəzində bir yaxşı sərin dovğa gətirərsən.
Leyla ürəkdən güldü:
-Mənim gözüm üstə, Məcid əmi! Təki sən məndən dovğa istə. 
Qız sağollaşıb çıxmaq istəyəndə Məcid kişi onu saxladı:
-Qızım, bir dəqiqə ayaq saxla.
Leyla çevrildi:
-Buyur, Məcid əmi.
-Deyirəm bəlkə on-on beş günlük harasa istirahətə gedəsən? Eynin açılar, həm də havanı dəyişərsən.
Leyla o anlarda Məcid kişini qucaqlayıb bağrına basmaq istədi. Atasını hələ uşaq ikən itirən, ata nəvazişi görməyən qızın boğazında qəhər düyünləndi. Ölüm onu avtomobil qəzasında qarmağına keçirmişdi. Heç doyunca övladlarını əzizləməyə belə macalı olmamışdı. Leyla zaman-zaman atasızlığın nisgilini yaşamışdı, atasıyla gəzintiyə çıxan qızları görəndə ürəyi sızlamışdı, özünü qolsuz-qanadsız, arxa-dayaqsız hiss eləmişdi. Atasızlıq illər boyu onun taleyinə kölgə salmışdı, ona acılar yaşatmışdı. Gəlin köçəndə bu boşluq uçurum kimi qarşısında dayanmışdı. Ər evinə köçən qıza atası xeyir-dua verər. Onunsa atası onu anasının bətninə əkib həyatından qeybə çəkilmişdi. Rəna onun qədər həssas deyildi, atası yadına düşəndə gözündən bir-iki damcı yaş düşürdü, vəssalam. Sonra hər şeyi unudub heç nə olmamış kimi deyilb gülürdü. Amma Leyla onun kimi deyildi, atasızlıqla barışa bilmirdi, tale ona badalaq gələndə yıxılmamaq üçün qüvvətli ata əlinə ehtiyacı olurdu. Atasızlıq uçurumuna yuvarlananda dünyası çilik-çilik olurdu, günlərlə, həftələrlə özünə gələ bilmirdi. 
Atasıyla Məcid kişi möhkəm dost idilər. Evinin qapısı hər vaxt Məcid kişinin üzünə açıq idi. Rəna da, Leyla da Məcid kişinin gözünün qabağında böyümüşdülər. Hər ikisi məktəbə, birinci sinfə gedəndə ayaqqabılarını Məcid kişi tikmişdi. Rəna da, Leyla da ailə quranda məclislərinin yuxarı başında Məcid kişi əyləşmişdi. 
Leyla hər dəfə işdən qayıdanda Məcid kişiyə baş çəkirdi. “Məcid əmi, bir az atamdan danış” – deyə kişini hər dəfə keçən günlərə qaytarırdı. Məcid kişi astaca köksünü ötürüb deyirdi:
-Eeeh, ay qızım, nə danışım?.. Tale bizə birlikdə qocalmağı qismət eləmədi. 
Sonra da yaddaşında Leylanın atası Ariflə bağlı nə qalmışdısa onları ipə-sapa düzürdü. Məcid kişinin danışdıqları Leyla üçün dünyanın ən şirin nağılları qədər doyumsuz, maraqlı idi. O bu “nağılları” dinləməkdən yorulmazdı, xəyalında atasıyla bağlı bir dünya yaratmışdı. Həmin dünyada atası sağ-salamat idi, deyirdi-gülürdü, Leylanı əzizləyir, saçlarına tumar çəkir, ona cürbəcür oyuncaqlar alırdı. 
Birzamanlar dünya ona gözəl görünürdü, ürəyi şirin arzularla çırpınırdı, rəngarəng xəyalların qoynunda xoşbəxtcəsinə üzürdü.Sevgi yelkənlərini qaldırıb onu xəyallar dənizində gələcəyin üfüqlərinə doğru aparırdı. İndi isə düşüncəsi buz parçası kimi rəngsiz və qoxusuz idi. Yaşamaq onun üçün işgəncəyə çevrilmşdi. 
Otağına keçib pallı-paltarlı yatağına sərildi. Gözünə gün düşürdü, bu da əsəblərinə toxunurdu. Qalxıb jalüzü qapadı, qoy dünya pəncərənin o üzündə qalsın. Özünün tarimar olmuş dünyası ilə baş-başa qaldı. Tezliklə bu evi tərk etməsə, dəli olacaqdı. Hər yer – döşəmə, tavan, divarlar – onu sıxırdı. Evin içində özünü tarakan kimi hiss edirdi. Son vaxtlar bacısı da ona laqeyd yanaşırdı, ailə öz qayğılarıyla məşğul idi. Sanki Leyladan büsbütün əllərini üzmüşdülər, cansız kölgə kimi öz otağına sığınmış qız onlara heç bir maneçilik törətmirdi və onlar da onun qapalı dünyasına heç bir maraq göstərmirdilər. Leylanın əri arabir  “çox cansıxıcı qızdır e bu” deyə ağzını büzürdü. Bəzən Leylanın laübalı halı evdə gərginliyin yaranmasına səbəb olurdu və bu gərginlk istər-istəməz ər-arvada, uşaqlara da sirayət edirdi. Leyla fövrən bunu hiss edirdi və özünü günahkar hesab edirdi. “Yazıqların rahatlığını pozuram, mənə görə onlar da çox vaxt naqolay vəziyyətdə qalırlar” deyə düşünürdü. 
Birdən yadına düşdü ki, rəfiqəsi Zeynəbgilin Zuğulbada köhnə bağları var idi. Yay aylarında rəhmətlik atası Dadaş kişinin “Volqa”sına doluşub kəndə gedərdilər. Bağı bir günün içində səliqəyə salıb yerbəyer olardılar. Sübh tezdən oyanıb tut ağacının başına dırmaşar, acqarına doyunca tut yeyərdilər. Bir dəfə hovuza düşüb az qala, boğulacaqdı. Zeynəb Leylanın suda çabaladığını görcək hay-haray salıb qardaşını çağırmışdı, qızı çıxarmışdılar. Axşamüstü Dadaş kişi gəlib hadisədən xəbər tutanda aləm bir-birinə qatmışdı.
-Bu qızı bizə əmanət ediblər. Başına bir iş gəlsəydi, mən anasına nə cavab verəcəkdm? 
Sonra qızları yanına çağırmışdı:
-Uşaqlar, sizi hər gün dənzə aparacağam, orda doyunca çimərsiniz. Amma bir də sizi hovuza dırmaşan yerdə görməyim.  Dibi dərindir, düşsəniz, çıxa bilməyəcəksiniz. Axırıncı dəfə olsun.
Zeynəb sevincək: - Baş üstə, ata. Bir də olmaz. Amma sən bizi hər gün dənizə apar, - dedi və atasına sığındı.
Dadaş kişi qızının başını sığallayıb gülümsədi:
-Sizə söz verirəm, dənizə getməkdən ikiniz də qaraca qıza dönəcəksiniz. 
Qızlar əllərini bir-birinə vurub sevincdən hoppanıb düşməyə başladılar. 
Leyla həmin günləri xatırladıqca  içinə narın bir qüssə dolmağa başladı.
-Necə də bəxtəvər idik... 
İnsan ömrü boyu uşaqlığının xiffətini çəkir. Çünki həmin vaxtlarda dünyanın faniliyindən, həyatın iztirablarından xəbərsiz olur. Böyüdükcə dünyanı tanıyır, dünyanı tanıdıqca həyatın rəngləri solmağa başlayır. Sonra qəfil sevgişimşək kimi başı üstündə çaxır, dünya yenə al-əlvan rəngə boyanır. Sonra sevginin ayrılıq mövsümü gəlir, dünya qaranlığa bürünür. Leyla sevginin vüsal və ayrılıq mövsümlərini yaşamışdı. Dünyanın şirinliyini də, acısını da dadmışdı. Yenidən o xoşbəxt günlərə qayıtmaq istədi. Fikirləşdi ki, görəsən Zeynəb indi haralardadır? Sonuncu dəfə onu toyundan bir-iki həftə sonra görmüşdü. 
-Yoldaşımla Türkiyəyə köçürük, - Zeynəb sevincək demişdi.
-Aa, nə yaxşı? Orda yaşayacaqsınız? – Leyla soruşmuşdu.
-Uzun müddət orda qalmalı olacağıq. Fikrəti mütəxəssis kimi ora dəvət edirlər. Yüksək maaş təklif ediblər. Qərara gəldik ki, gedək.
-Sağ-salamat gedin. Amma sənsiz darıxacağam. – Leyla doluxsunmuşdu. 
Qucaqlaşmışdılar, hər ikisi bir-birinə söz vermişdi ki, əlaqə saxlayacaqlar. Sonra Leyla sevmədiyi oğlana ərə getdi, əri ona heç kəslə, hətta ən yaxın rəfiqələriylə belə əlaqə saxlamağa icazə vermədi. Leyla yalvardı, ağladı, qısqanc ər dediyindən dönmədi. Olmaz, vəssalam! Leylanın özünə qapanmağı da elə o vaxtlardan başladı. Dərdini bir kimsəyə deyə bilmirdi. Bacısından daha çox sirrini Zeynəblə  bölüşürdü. O isə uzaqlarda idi. Bir-iki dəfə bacısına ərindən şikayət elədi. Rəna üstünə elə çımxırdı ki, qız dediklərinə peşman oldu.
-Qələtivi elə, ay qız! Bir-birinizlə dil tapıb yaşayın. Boşanıb bizi biabır etmə. Sonra səni km alacaq? Qalacaqsan ortalıqda.
Leyla hər gün ağır bir duyğunun altında əzilirdi, sanki arzularının üstündən tank keçib xıncım-xıncım etmişdi. Xeyli müddət idi ki, evlənmişdilər, övladları olmurdu. Əri hər gün bunu başına qaxınc edir, “qısır qancıq” deyə onu təhqir edirdi. Taleyi, baxtı yamanlayırdı, sonra da özünü qınayırdı, taleyinin yönünü özü dəyişmişdi. Timsahı xatırladı və kədərli-kədərli gülümsədi....
                                ****
Hələ orta məktəbdə oxuyanda bir gün gecəni yatıb qəribə bir yuxu görmüşdü. Afrika meşələrindən birində çayın kənarında uzanmışdı, günəş şüaları bədəninə sığal çəkirdi.  Sərin meh üz-gözünü oxşadıqca xumarlanırdı. Qəfildən suda bədheybət bir məxluqun başı göründü, sonra çıxıntılı bədəni suyun içində qabardı. Leyla gördü ki, timsah ona doğru sürünür. Bədəni bir anda buza döndü, dəhşətdən gözləri böyüdü, səsi gəldikcə bağırdı:
-Ay anaaaa!!!!
Qəfil çığırtıya anası da, bacısı da yerlərindən dik atıldılar.  Anası yorğanı üstündən atıb Leyla yatan otağa cumdu. Leyla nədənsə lap uşaqlıqdan anasından ayrı yatırdı. Rəna hər dəfə deyirdi ki, bu, oğlan olacaqmış, qız doğulub. Bağçada da, məktəbdə də ancaq oğlanlarla dostluq edirdi. Oğlanların velosipedini əlindən alıb sürürdü, oğlanlarla gizlənqaç oynayırdı. Azəri isə özünə daha doğma bilirdi. Azər onu məktəbdə həmişə qoruyurdu. Azərin qorxusundan bir oğlanın ona sataşmağa, söz atmağa cəsarəti çatmırdı. Qız həmişə özünü güvəndə hiss edirdi. 
Anası özünü onun yatağına çatdırdı:
-Nolub, ay qız? Niyə qışqırırdın? – deyə çarpayının böyründə oturub hələ də özünə gəlməyən qızının saçlarına sığal çəkdi.
Leylanın bədəni gördüyü yuxunun təsirindən uçunurdu. Anası qızına su içirtdi:
-İç bunu, özünə gəl. Yenə nə yuxu görmüsən?
Leyla suyu içib toxtadı, sonra yuxusunu anasına danışdı. 
Anası da gülüb: - bəxtəvər başımıza, gedib Afrika sahillərinə çıxmısan, - dedi. 
Leyla hələ də yuxu ilə reallığın sərhədində qalmışdı, gerçək aləmə adlaya bilmirdi. Anası çarpayının böyründə oturub qızın özünə gəlməyini gözləyrdi:
-Bismillah de, qızım. Qorxma, mən yanındayam.
Gecənin qaranlığında otaqdakı əşyalar tədricən aydın görünməyə başladı. Leylanın zehni röyadan tam sıyrılıb gerçəkliyə qayıtdı. Amma timsah vahiməli görkəmi ilə hələ də gözünün qabağından çəkilmirdi. 
Səhər məktəbdə dərsarası fasilədə yuxusunu Azərə danışdı. Azər gülüb əlini əlinə vurdu.
-Səni Afrika meşələrinə özüm aparacağam. Orda timsah da görərsən, pələng də, bəbir də.
Leyla çiyinlərini atıb istehza ilə gülümsədi:
-Pah, birdən Robinzon Kruzo olarsan ha. Adə, meşədə vəhşi heyvanlar bizi parçalayar.
-Dəli deyiləm ki, meşəyə silahsız girim. Üstümüzdə silah olacaq da. Mənimlə gedərsən? – Azər sınayıcı nəzərlərlə Leylanı süzdü. 
Leylanın qaşları alnına doğru dartıldı, şəhadət barmağıyla baş barmağını çənəsinə dayayıb düşüncəli halda ayaq üstə yırğalanmağa başladı:
-Gərək fikirləşəm... Çox qorxulu səfərdir e. Həm də ki, anam məni buraxmaz.
Azər heyranlıqla Leylaya tamaşa edirdi, ürəyindən keçirdi ki, onu özüylə uzaq səfərlərə aparsın, həmişə birlkdə olsunlar, heç vaxt ayrılmasınlar.  Leyla Azərə güvənirdi, onun qayğısı, diqqəti Leylanın xoşuna gəlirdi. İçində anlaşılmaz duyğular baş qaldırırdı və qız bu duyğulardan qəribə hallara düşürdü.  Bu, sevginin ibtidai dövrü idi. Təbii instinktlər və cazibə qüvvəsi onları bir-birinə doğru çəkirdi.
Leylanın anası Məsmə xala qızındakı bu dəyişikliyi hiss edirdi. Bir dəfə kobud tərzdə qızının qolundan tutub özünə tərəf çəkdi:
-Ay qız, nolub? Əl-ayağınla oynayırsan. Özün də bütün günü erkək Fatma kimi oğlanlarla daş-divara dırmaşırsan. Qız xeylağı bir az ağır olar, xingili olma. Sonra böyüyəndə səni heç kim almaz. 
Leyla bu məqamda elə bir söz dedi ki, anasının matı-qutu qurudu, qızını ilk dəfə görürmüş kimi başdan-ayağa süzdü. Leyla anasına belə dedi:
-Mən mal deyiləm ki, kimsə satsın, kimsə alsın. Bəyəndiyim oğlana ərə gedəcəyəm.
Rəna şeytancasına gülümsədi:
-Təbrik edirəm, ana. Qızın artıq uşaq deyil, böyüyüb.
Məsmə xala əllərini belinə qoyub hirsli tövrlə: - Ağəz, birdən kiminləsə cikkildəşərsən ha, – dedi. - Ayağımın altına salıb tapdalayaram səni. Özüvü yığışdırginən! 
Leyla Rənanı kinli-kinli süzdü. Rəna dəfələrlə Leyla ilə Azəri məktəb yolunda ikilikdə görmüşdü. Hər dəfə Leyladan:  - O oğlan səndən nə istəyir? Böyründən əl çəkmir. Niyə ona üz verirsən? – deyə soruşurdu.
Leyla qeyzlənirdi:
-Sənin başqa işin-gücün yoxdur? Nə istəyirsən e məndən? Azər mənim sinif yoldaşımdır, yolumuz da birdir, ona görə birlikdə gedib-gəlirik. 
Rəna da az aşın duzu deyildi.
-Yaxşı, mamaya deyərəm, ondan ağlın başına gələr. O yolu qızlar da gəlir də. Onlar niyə oğlanlarla gəlmir? O gədə sənin böyründən əl çəkmir. Çünki ona çox üz vermisən. 
İki bacı uşaqlıqdan yola getmirdilər. Rənanın xəbərçiliyi ucbatından anası Leylanı dəfələrlə döymüşdü. Bir dəfə Leyla qəzəbindən bilmədi neyləsin, axırda Rənanın ən çox sevdiyi paltarı mürəkkəbə buladı. Rəna xəbər tutunca evdə qiyamət qopdu. Bacısı ağladıqca Leyla sevinirdi:
-Əccəb oldu. Məni anama döydürəndə yaxşı idi?
Rəna Leylanın üstünə cumanda bir anın içində mətbəx bıçağını qızın əlində gördü. Anaları səs-küyü eşidib mətbəxə girəndə Leylanın əlində bıçağı gördü və qıyya çəkdi:
-Vaxseeey! Bircə bu qalmışdı. Lənətə gələsiniz! Bu nə oyundur çıxarırsınız? Qız da bacısının üstünə bıçaq çəkər? Utanmırsan, Leyla? Qızın gül kimi paltarını bulaşdırmısan, indi də onu vurmaq  üçüb bıçaq götürürsən?  Day nə qaldı? O sənin doğma bacındır e, küçədən tapmamışam onu. Nöş mehriban ola bilmirsiz, hə? Nəyi bölüşdürə bilmirsiniz? 
-Onun məni gözü götürmür, paxıllığımı çəkir, - Leyla çımxırdı, - bilmirəm məndən nə istəyir.
-Sən mənim bacımsan, başına bir iş gəlsə, mənim, bir də ananın ürəyi yanacaq. Atamız, qardaşımız yoxdur ki, bizə arxa-dayaq dursun. Başa düşürsən?Mən nə edirəmsə, səni qorumaq üçün edirəm. Bir də ki, mən sənin böyük bacınam, hər halda, səndən bir az çox bilirəm. Oğlanlar yelbeyin qızlardan istifadə etməyə çalışırlar. Sən də yelbeyin olma. O gədə səni tora salmağa çalışır, bilir ki, atan, qardaşın yoxdur ki, qabağına çıxsın. – Rəna  bu sözləri birnəfəsə dedi.
Leyla susdu, sonra əlindəki bıçağı yerə atıb hönkürdü və əlləriylə üzünü tutub otağına qaçdı, arxasınca qapını bərk çırpdı. 
Məsmə xala Leylanı daha çox istəyirdi, ona görə Rənanı məzəmmət elədi:
-Sən də çox üstünə getmə də. Görürsən ki, dəlisov şeydir, Allah eləməmiş, özünə qəsd edər. Sonra başımıza haranın külünü tökəcəyik?
-Yaxşı edirəm. Özbaşına qalsa, ağlına nə yerləşsə edəcək. O, hələ uşaqdır, çox şeyləri anlamır. Həm də çox sadəlövhdür, hər şeyə inanır. Onu aldatmağa nə var ki? 
Məsmə xala başını bulayıb mətbəxdən çıxdı və Leylanın könlünü almağa getdi. Mətbəxdən Rənanın səsi eşidildi:
-O qızı korlayan sənsən. Səndən qorxmur deyə bildiyini edir.
Anası cavab vermədi, Rəna əlini yelləyib yataq otağına keçdi və güzgünün qabağında bəzənib-düzənməyə başladı. Bir azdan nişanlısı ilə görüşə gedəcəkdi. 
Bir neçə gündən sonra qadınların bayramı idi. Səkkiz mart günü oğlanlar qızlara hədiyyə alacaqdı. Kim nə alacaq mövzusunda öz aralarında müzakirə edirdilər. Azər bu söhbətlərdən kənar gəzirdi, oğlanlar onu göstərib bir-birlərinə göz-qaş edirdilər. “Bu niyə özünü qırağa çəkib? Yəqin ki, o da Leyla üçün hədiyyə alacaq”. 
Həmin gün ətir alan da olmuşdu,  gül, qələm, kukla alan da, bir neçəsi isə sadəcə, açıqca ilə kifayətlənmişdi. Azərin hədiyyəsi sinifdə hamının heyrətinə səbəb olmuşdu. O, Leyla üçün timsah almışdı. İri qutunun içində gizlənmiş timsah qutudan çıxanda Leyla heyrətdən içini çəkmişdi. Bu, onun yuxuda gördüyü timsahın eynisi idi. Yanaqlarına qızartı çökmüşdü, sevinc hissini boğa bilməmişdi:
-Aay, nə qəşəngdir! 
-Yəqin ki, bu timsahdan qorxmazsan, - deyə Azər məmnun halda gülümsədi. 
Leyla timsahı sinəsinı sıxdı, timsah dinməzcə başını qızın çiyninə söykədi. 
                                 ******
Azər əsgərliyə gedəndə Leyla ağladı. Axşam çağı idi, tut ağacının aşağı əyilmiş budaqlarının sıx yarpaqları onları yad gözlərdən qoruyurdu. Leylaya elə gəlirdi ki, Azəri sonuncu dəfə görür, bir daha heç vaxt görüşməyəcəklər. Bu hiss ürəyini sıxırdı. Azər qızın çənəsindən tutub özünə tərəf çevirdi:
-Ürəyini sıxma, Leyla. Tez-tez məktub yazacam  sənə. Məni gözlə.
-Gözləyəcəm! Mən də sənə məktublar yazacağam, darıxmağa qoymayacam səni, - gülümsədi, Azərin saçlarını qarışdırdı.
Azər onun belini qucaqlayıb özünə tərəf çəkdi. Leyla əliylə Azərin sinəsindən yüngülcə itələdi:
-Görən olar...
-Qoy heç olmasa, bir dəfə öpüm səni.
Leyla yox demədi... 
                              *****
Qarabağda şiddətli döyüşlər gedirdi. Leyla televizorun qarşısında oturub həyəcanla cəbhə xəbərlərini izləyirdi. “Düşmən cavab atəşilə susdurulub, itgi yoxdur”. Diktor bu cümləni deyəndən sonra qızın ürəyi yerinə gəlirdi. Rəna atmacasından qalmırdı:
-Az qalmışdı ürəyin getsin. Qorxma, ay qız, sevgilinə heç nə olmaz. 
Leyla cırnayırdı:
-Bura bax, mən qorxaq adamlara nifrət edirəm. Sənin sevgilin də qorxaqdır, niyə cəbhəyə getmir? Hansı kişinin oğlundan əskikdir?
Bu dəfə Rəna özündən çıxırdı:
-O sənə qalmayıb. Lazım gəlsə, o da gedər. Sən heç narahat olma. 
Rənanın nişanlısı Rəhim hansı yollasa özünə xəstəlik kağızı düzəltdirmişdi. Vaxtının çoxunu da Rusiya bazarlarında keçirirdi. Başı pul qazanmağa qarışmışdı, ordan Rəna üçün bahalı pal-paltar alıb göndərirdi. Leylanın nədənsə bu adamdan heç xoşu gəlmirdi. Lovğa, təkəbbürlü insan təsiri bağışlayırdı, üzündəki saxtakar ifadə Leylanı çilədən çıxarırdı. Leyla hər dəfə onun qarasınca danışanda Məsmə xala əlini dodaqlarına aparırdı:
-Ay bala, dilini dinc saxla. O, bacının nişanlısıdır, bacının xatirinə ona hörmət etməlisən.
Leyla özündən çıxırdı:
-O, hörmətə layiq adam deyil, ana. Heç bacımı da sevmir, Urusetdə öz kefini çəkir. Ona arvad lazımdır ki, qulluğunda dursun, onun üçün oğul-uşaq doğsun, vəssalam. 
-Bacının yanında demə bunları. Eşitsə, qırğın düşəcək. – Ana narahat olurdu.
-Eşitsin də, gözüm aydın. Düz söz həmişə acı olur. Mən düz deyirəm. – Leyla da inadından dönmürdü. 
Bir neçə dəfə Leyla üçün elçi gəlmişdi, o da qəti şəkildə “yox” demişdi, “mənim hələ ərə getmək fikrim yoxdur”. Rəna da fürsəti fövtə verməyib onu sancırdı:
-Elə bilirsən o gədə səni alacaq? Heç yadına da düşmürsən. Müharibədir, nə bilirsən nə olacaq? Dərdindən ölən də çoxdur. Yaxşı yerdən elçilərin gəlir. Niyə getmirsən? 
-Ərə gedəndə səndən icazə almayacağam. Mənim şəxsi işimə qarışma, bildin? 
İki bacı arasında belə söhbətlər tez-tez düşürdü. Hətta bir dəfə Leylanın əsəbləri dözmədi, ürəyini boşaltdı:
-Bilirsiniz nə var? Mən kimə ərə gedəcəyəm, özüm bilərəm. Siz mənim yerimə qərar verə bilməzsiniz. Elə etməyin ki, başımı götürüb gedim bu xarabadan! 
Rəna böyüklüyünü nümayiş etdirmək istədi:
-Görürsən, ay mama? O qədər nazıyla oynadın ki, heç səni də saymır. Əməlli-başlı qudurub! Qızı özbaşına qoyanda ya zurnaçıya ərə gedər, ya da halvaçıya. 
-Yaxşı, siz deyən olsun. Görərsiniz... – Leyla qapını çırpıb öz otağına çəkildi.
Axşam yeməyinə də çıxmadı. Məsmə xala ağlayıb gözünün yaşını tökdü, Rənanı yamanladı:
-Nə istəyirsən bu qızdan? Onun anası mənəm, sən deyilsən. Nöş bezdirirsən uşağı? O, həssas uşaqdır, hər şeyi ürəyinə salır, fikir eləyir. Çalış, onunla mehriban dolan, qızım.
Rəna əlini yelləyib televizorun pultunu götürdü və divanda yerini rahatladı. Bir azdan sevdiyi serial başlayacaqdı. 
Məsmə xala Leylanı səhər yeməyinə çağıranda qız hay vermədi. Arvad ürəyi əsə-əsə yataq otağının qapısını aralayıb içəri boylandı. Leylanın yatağı səliqə ilə yığışdırılmışdı. Heç elə bil gecəni burda adam yatmamışdı. Məsmə xala iki əlini dizinə çırpdı:
-Rahat ol, Rəna, uşaq evdən gedib!
Rəna laqeydcəsinə otağa girdi. Üzündə heç bir ifadə yox idi, hiss olunurdu ki, özünü günahkar saymır.
Ana çarpayıya çöküb ağlayırdı:
-İki bacı bir-birinizlə yola gedə bilmirsiniz. Axı sənə dedim ki, o qızı gözümçıxdıya salma. Mən dedim, mən eşitdim. İndi kimə deyək ki, qızımız evdən qaçıb, hə? Soruşmazlar ki, qıza neyləmisiz ki, başını götürüb qaçıb? Biabır olduq! 
-Biabır niyə oluruq e?  - Rəna heç nə olmamış kimi tövrünü pozmadı. – Sən səs-küy salmasan, kim biləcək? Hara gedibsə, qayıdıb gələcək. Ona görə narahat olma. 
Məsmə xala lap özündən çıxdı:
-Necə narahat olmayım? Mən anayam e, qızım xəbərsiz evdən gedib. Allah eləməmiş, başına bir iş gəlsə, mən neyləyərəm? And olsun Allaha, ona bir şey olsa, sənin canını alacam! Mənim əlimdən qurtara bilməyəcəksən, köpəyin qızı!
Rəna məhz indi vəziyyətin ciddiliyini dərk edib təşvişə düşdü:
-Ay mama, bir səbrin olsun da. Qoy fikirləşək görək, hara gedə bilər? Dəlidir də bu qız. Əməlli-başlı dəlidir. Mən heç vaxt onun pisliyini istəmərəm. İstəyirəm ki, o da özünə layiq bir oğlana ərə getsin, xoşbəxt olsun. O isə elə bilir ki, biz bunun düşməniyik. 
Leylanın çarpayısının üstündən bir əlcə kağız tapdılar: “Məni axtarmayın, sizdən ayrı yaşamaq istəyirəm. Leyla”.  
                               ******
Günəş hələ pəncərələri döyməmişdi, xoruzlar inadla banlayıb kənd camaatının yuxusunu dağıtmaqla məşğul idi. Quqqu quşu da xoruzların avazına dəm tuturdu. Qulaqlar bu səslərə öyrəşdiyindən başlar hələ də balınclardan qalxmamışdı. Bu səslərin içinə yad, cod bir səs düşdü və aramsız olaraq taqqıldamağa başladı. Zeynəb yerinin içində qımıldandı, gözlərini ovuşdurdu. Kimsə qapını döyürdü. Adyalı üstündən atıb qalxdı, çiyninə şal salıb eyvana çıxdı. 
– Kimdir? – deyə hay verdi.
-Mənəm, Zeynəb. Leyladı. – qızın hürkək səsi eşidildi.
Zeynəb Leylanın səsini eştcək pilləkanları iki-iki adlayıb darvazaya yüyürdü və rəzəni çəkib qapını açdı. Leyla əlində çamadan qarşısında dayanmışdı.
Zeynəb heyrət, təəccüb və sevinc qarışıq bir hisslə Leylanı qucalqadı:
-Leyla! Bu, sənsən? Nə yaxşı gəldin, sevindim. Ancaq səhər tezdən hardan gəlirsən belə? 
Zeynəb indi gördü ki, Leylanın halı özündə deyil, bulud kimi dolub. Cavab verməkdə çətinlik çəkirdi. Gözlərini yerə zilləyib susurdu. Zeynəb rəfiqəsinin qolundan tutub: - Leyla, sənə nə olub? – deyə təşvişlə soruşdu. 
Leylanın gözlərindən yanaqları boyu yaş süzülməyə başladı. Çiyinləri atıla-atıla için-için ağlayırdı. Zeynəb onu qucaqlayıb başını sinəsinə sıxdı:
-Canım mənim, gəl keç içəri, bir az özünə gəl, sonra danış görüm nə olub. Ağlama,ay qız.
Zeynəb Leylanın əlindən çamadanı alıb qızı içər ötürdü. Birlkdə eyvana qalxdılar. Zeynəb Leylanın yuyunmağı üçün şərait yaratdı, özü də samovarı qaynatmaq üçün həyətə düşüb çör-çöp, çır-çırpı yığmağa başladı. Günəşin iş günü başlayırdı. Leyla eyvanda döyükə-döyükə qalmışdı, qucağındakı timsah baxışlarıyla sanki ona təsəlli  verirdi. Leyla timsahın başına sığal çəkdi, burnunu sıxdı. “Yaxşı ki, sən varsan, Timuş. Mənim talismanım!”
Timsaha ad qoymuşdu – Timuş.Azərə deyəcək sözləri ona deyirdi, Timuş da sakitcə onu dinləyib köksünü ötürürdü, gözləri yol çəkirdi. O, Azərin yerinə danışa bilmirdi, eləcə, qıza həyan olurdu, ümidlərini ölməyə qoymurdu. Zeynəb padnosda süfrəyə çay gətirəndə gördü ki, rəfiqəsi timsahla şirin-şirin söhbət edir. Özünü saxlaya bilməyib qəhqəhə çəkdi, az qaldı ki, padnos əlindən sürüşsün, özünü güclə stola çatdırdı.
-Ay qz, bu nədi? Özüvə təzə padruqa tapmısan deyəsən, - padnosu stolun üstünə qoyub maraqla timsaha baxmağa başladı.
Leyla da güldü:
-Həə, gəl səni Timuşla tanış edim. Amma yazığı qısqanma, sən canın. Mənim ən yaxın rəfiqəm sənsən. Timuş ikimizin də dostu olacaq. 
Bir azdan Zeynəbin anası Gülzaman xala da onlara qoşuldu. Süfrə başında  Leyla başına gələnləri nəql etdi. Gözləri yenə doldu-boşaldı, Zeynəb onun göz yaşlarını silib çiyinlərin qucaqladı.
-Biz səni heç vaxt tək qoymarıq, Leyla. Heç nəyin fikrini çəkmə. Yayın sonuna qədər bizimlə burada qalacaqsan. Mən də darıxmaram, əməllicə əylənərik.
-Yox, Zeynəb, bir-iki gün qalacağam, sizin rahatlığınızı pozmaq, sizə yük olmaq istəmirəm, - Leyla çəkincən halda söylədi.
Zeynəb özündən çıxdı:
-Bax, Leyla, ömür boyu üzünə baxmaram. Bu nə sözdür danışırsan? Heç səndən gözləməzdim. Sən mənim bacımsan, ayıb deyil? Yük olmaq nədir? Bir də dilnə belə söz gətirmə!
Leyla günahkarcasına gülümsədi. Qucaqlaşdılar. Leylanın gəlişinə Gülzaman xala da sevinirdi. Zeynəb bağda çox darıxırdı, bütün günü həyətdən çölə çıxmırdı. Arada ana-bala dəniz sahilinə çıxırdılar, axşam düşməmiş evə qayıdırdılar. Leyla gələndən hər gün dənizə getməyə başladılar. Leyla timsahı da özüylə aparırdı. Zeynəb rəfiqəsinə sataşırdı:
-Təzə padruqan əməlli-başlı qaralıb, gözdən qoyma ha, suya düşüb aradan çıxar, sonra neyləyərsən?
Leyla da söz altda qalmırdı:
-Mənm Timuşum heç vaxt məni atıb getməz. 
Gülüşürdülər, onların şaqraq gülüşləri sahil boyu uzanırdı, ətrafdakı oğlanların da diqqətini cəlb edirdi. Dənizdə çimir, qumsallıqda voleybol oynayırdılar, oğlanları özlərinə yaxın buraxmırdılar. Onlar da kənardan baxa-baxa qalırdılar. 
Arada qulağına səslər dəyirdi:
-Bunlar qorodskoy qızlardı, bizi bəyənməzlər.
-Pay atonnan, bax gör necə forslanırlar?
-Bəh-bəh, alə, marojna kimi qızlardu ee.
-Timsah da bunların teloxranitelidir. – Oğlanlar bu şit atmacaya hırıldaşdılar. 
Rəfiqələr özlərini eşitməzliyə vurub qol-qola sahildə gəzişir, şirn-şirin söhbət edirdilər. 
-Yadındadır, bizim hovuzda az qala, boğulacaqdın. Rüfət səni çıxartdı. – Zeynəb uşaqlıqlarını Leylaya xatırlatdı.
-Həə, axşam Dadaş əmi gəlib xəbər tutanda dedi bir də hovuza düşməyin, sizi hər gün dənizə aparacağam. – Leyla həmin günü təfərrüatı ilə xatırlayırdı. 
-Sənin hesabına hər gün dənizə gedirdik,  - Zeynəb dedi.
-Mən də sənin hesabına əməlli-başlı dincəldim.
Dalğa ləpədöyəndə ayaqlarına sığal çəkib geri qayıdırdı. Bir cür göyərçin ayaqlarını xatırladan ayaq sahil zolağına qoşa iz sala-sala irəliləyirdi. Dənizdən əsən sərin meh onların çiyinlərinə dağılmış saçlarıyla oynayırdı. 
Axşamüstü qumsallıq yolla evə qayıda-qayıda oğlanların atmacalarını xatırlayıb gülüşürdülər. Çox vaxt qapıya çatanda Gülzaman xalanı əlini gözünün üstünə qoyub dəniz yoluna baxan yerdə görürdülər.
-Ay qızlar, sizə deməmişəm ki, axşam düşməmiş qayıdın? Axşam yolda itlər olur, cumarlar üstüvüzə. 
-Ay mama, timsah olan yerdə itlər bizə neyləyəcək? – Zeynəbin ürəkdən gələn gülüşü az qalmışdı ki, timsahın da dodağını qaçırsın. 
-Aaz, bu, fərasətsiz timsaha oxşayır, buna qız etibar eləmək olar? – Gülzaman xala da zarafata qoşulurdu. 
Fərəhli günlərin ömrü bir həftə çəkdi. Bir həftədən sonra Leyla evlərinə qayıtdı. Leylanı çox axtarmışdılar, hər yerdən əlləri üzüləndə Rənanın ağlına gəlmişdi ki, ola bilsin, qız Zeynəbgilə getsin. Səhər yenicə açılmışdı, dəmir darvazanın önündə sarı rəngli “Reno” dayandı, maşının üstündə taksi işarəsi vardı. Rəna maşından düşüb gün eynəyini çıxartdı və ətrafa göz gəzdirdi. Göy rəngli dəmir darvazanın Zeynəbgiln olduğuna əmin olduqdan sonra qapını döyməyə başladı. Dənizin əsrarəngiz mənzərəsi könlünü oxşadı, fikirləşdi ki, kaş bizim də buralarda bir bağ evimiz olaydı. Şəhərin tünlüyündə isti nəfəsimizi kəsir.
Leyla yuxudan oyanıb gözlərini ovuşdura-ovuşdura eyvana çıxanda gördü ki, bacısı sürahiyə söykənib durub. Onu görüncə yüyürüb bağrına basdı, Leyla heç bir reaksiya vermədi. Rəna doluxsunmuş halda bacısının saçlarına sığal çəkirdi:
-Leyla, bağışla məni. Atamızın ruhuna and olsun, bir daha sənə heç nə deməyəcəyəm. Qayıt gəl evə. Mamanın gözünün yaşı qurumur. Məndən zəhlən gedir, bilirəm. Heç olmasa, ona rəhmn gəlsin. 
Leyla yüngülcə bacısını özündən kənar edib eyvanda qoyulmuş divana çökdü. 
-Mən rahatlıq istəyirəm, başa düşürsən? Burda belə deyirsən, sabah yenə eyni şeyləri təkrarlayacaqsan.
Rəna and-aman elədi:
-Yox, vallah. Atamızın ruhuna and içdim, bundan sonra sənin heç bir işinə qarışmayacağam. Mama dözə bilmir sənsiz. Yazıq arvadın neçə gündür təzyiqi oynayır. Gecəsi-gündüzü yoxdur, mənim yaxamdan yapışıb ki, get o qızı hardan tapırsan tap, gətir. Hazırlaş, gedək. Səni görüb ürəyi yerinə gəlsin. 
Leyla evə qayıdandan sonra doğrudan da Rəna onun heç bir işinə qarışmadı. Ara-sıra Azərdən məktublar gəlirdi. Poçtalyon Əhəd məktub gətirəndə Rəna bacısını mənalı-mənalı süzürdü, daha heç nə demirdi.Leyla otağına çəkilib ürəyi uçuna-uçuna Azərdən gələn məktubları oxuyurdu. Azər yazırdı ki, hər şey yaxşıdır, düşmənin burnunu ovuruq, tezliklə bir-iki günlük evə gələcəyəm. Sənin üçün çox darıxmışam. Zarafata salıb timsahın da kefini soruşurdu. Xiffət hissi Leylanın kipriklərində muncuq kimi düzülüb parıldayırdı. Məktubun timsah hissəsinə çatanda ürəkdən güldü və kipriklərində titrəşən göz yaşı yanaqlarına sıçradı. Kədər sevincə qarışıb onun içində əriyib itdi. 
Barıt qoxulu bu məktublar Leylanın yeganə təsəllisi idi, ümidi məktub-məktub çiçək açırdı. Azərin gələcəyi günü səbirsizliklə gözləyirdi. Dönə-dönə açıb oxuyurdu bu məktubları, hansısa cümləni oxuyanda kədərlənirdi, hansısa söz onun xəyallarını qanadlandırırdı, hansısa ifadəyə gülümsəyirdi. Azərin baxışları, gülüşü, hərəkətləri gözünün önünə gəlirdi. Canlı insan kimi nəfəs alırdı bu məktublar. Gecələr Leyla bu məktubları balıncının altına qoyub yatırdı, onda şirin yuxuya gedirdi. Bu məktublar onun yuxusuna bal qatırdı. Hər dəfə poçtalyon Əhədi görəndə ürəyi sinəsində quş kimi çırpınırdı. Poçtalyon Əhəd də siqaret çəkməkdən saralmış bığlarına tumar çəkib gülümsəyirdi:
-Qızım, məktub məndən, muştuluq səndən. 
Leyla bilmirdi neyləsin, evə qaçıb ovcunu konfetlə doldururdu. Poçtalyon Əhəd yumşaq gülüşüyləqızın ovcuna baxıb yumşaq, şokoladlı konfetlərdən birini seçib götürürdü:
-Dişim yoxdu e, bu rahathülqumdu, bircə dənəsi bəsimdir. Bir stəkan çayla aşırdacam getsin. Allah sizi tezliklə qovuşdursun, bu qoca poçtalyonu da yaddan çıxarmazsınız.
-Heç elə şey olar, Əhəd dayı? Səni necə yaddan çıxarmaq olar? – Leyla da xoşbəxtcəsinə gülümsəyirdi. 
Payızın soyuq nəfəsi adamları ev-eşiyə yığandan Azərin məktubları kəsildi. Leyla dalbadal bir neçə məktub yazdı, cavab almadı. Axşam düşüncə yatağına girib yorğanı başına çəkib için-için ağlayırdı. Məsmə xala qızının xiffət elədiyini görüb onu ovutmağa çalışırdı. “Bəlkə məktub yazmağa vaxtı yoxdur, səbrli ol, qızım. Özünü üzmə. Allah səbr edənləri sevir”. 
Leyla yemək də yemirdi, arıqlayıb çöpə dönmüşdü. Anası qızın günbəgün gerilədiyini görüb qorxuya düşdü. Rəna axırda dözə bilməyib özündən çıxdı:
-Demişdim sənin işinə qarışmayacağam, amma daha belə də olmaz da. Bir bax gör, özünü nə günə qoymusan. Ayaq üstə qırxın çıxıb. Ana sənin fikrini çəkməkdən bilmir neyləsin. Niyə belə edirsən? Guya sən ac qalmaqla, fikir çəkməklə nəsə düzələcək? Allah eləməmiş, xəstəlik tapsan, necə olacaq? Ağlını başına yığ, yeməyinə, içməyinə fikir ver! 
Leyla divanın bir küncündə büzüşüb oturmuşdu, bacısının danlağına heç bir cavab vermədi. Anası boşqaba sulu yemək çəkib sinidə gətirdi, qız divanda mütəkkəyə söykənib könülsüz-könülsüz boşqabı qaşıqladı. Rəna dilləndi:
-Ona vitamin iynələri vurmaq lazımdır, bir az özünə gəlsin. Gör nə hala salıb özünü, bədbəxtin qızı. 
Azərgilin evləri Leylagilin məhəlləsindən üç tin yuxarıda idi. Son vaxtlar heç qardaşı, valideynləri də gözə dəymirdi. Məsmə xala Azərdən xəbər bilmək məqsədilə gizlincə soraqlaşıb öyrənmişdi ki, onlar nə üçünsə kəndə köçüblər. Leyla növbəti dəfə Azərin xidmət etdiyi hərbi hissəyə məktub yazıb xahiş etdi ki, onun hal-hazırda harada olduğu barədə məlumat versinlər. Təxminən bir ay sonra cavab gəldi ki, Azər artıq hərbi xidmətdən tərxis olunub. Leylanın qolları sustalıb yanına düşdü. Dilindən bircə kəlmə söz çıxdı: Vəfasızmış... 
                                   *****
Leyla gəlin köçəndə timsahla vidalaşmaq istədi, evdə hər yeri ələk-vələk elədi, timsah tapılmadı ki, tapılmadı. Azərin dönüklüyü Leyla üçün ağır zərbə oldu, qız uzun müddət özünə gələ bilmədi. Ən çox da Rənanın yanında dili qısa olmuşdu. Rəna haqlı çıxmışdı, oğlan qızın hisləri ilə oynamış, ona ümidlər vermiş, sonra da asanlıqla onu unutmuşdu. Leyla Azərin intiqamını timsahdan almaq istəyirdi. Azəri də, timsahı da yerli-dibli unutmaq istəyirdi. Bəlkə də o anlarda Timuş rastına çıxsaydı, onu zibilliyə tullayardı. Axı zavallı Timuşun nə günahı vardı? 
Azərdən bütün ümidlər üzüləndə Leyla üçün növbəti dəfə elçilər gəldi və gözlənilmədən Leyla “hə” dedi. Məsmə xala da onun qəfil razılıq verməsinə təəccüb qaldı. Amma Rəna yenə daş atıb başını tuturdu ki, mənim heç bu oğlandan xoşum gəlmir, səmimi deyil, ədabazdır, yalançılara oxşayır.  Onda artıq Rəna ailə qurmuşdu. Məsmə xala böyük qızına acıqlandı:
-Ay qız, özün yerbəyer oldun, imkan ver, bacın da gedib xoşbəxt olsun də. 
Leyla deyilənlərə məhəl qoymayıb oğlana razılıq verdi və bir aydan sonra toyları oldu... 
Ailə həyatının ilk günündən Leylanın ətraf aləmlə əlaqələri büsbütün kəsildi. Dörd divar arasında qalan qız bir neçə dəfə intihara cəhd eləsə də son anda əri onu ölümdən xilas eləmişdi. Bir dəfə hamama keçib arxadan qapını bağlamışdı və ülgüclə damarlarını kəsmişdi, başqa  gün bir ovuc yuxu dərmanını ağzına doldurub udmuşdu, güclə boğazına barmaq salıb onu qusdurmuşdular. Axırda baldızını gəlinin üstündə nəzarətçi qoymuşdular, su başına çıxanda da böyründən çəkilmirdi. Bu da Leylanı rəncidə edirdi. Bir gün gecə əri sərxoş halda gəlib qızı vəhşicəsinə döymüşdü. Həmin gecə Məsmə xala gəlib Leylanı evlərinə aparmışdı və Leyla bir daha ər evinə qayıtmamışdı. 
Zavallı qızın əsəbləri büsbütün pozulmuşdu, gecələr yuxusu qaçaq düşmüşdü, sübh açılına qədər yatağında qıvrılır, ağlayır, yuxuya gedəndə də qışqırıb ayılırdı.  Fiziki işgəncələr, mənəvi sarsıntılar  onu ruhən çökdürmüşdü. Qızın gözlərinin işığı tamamən sönmüşdü. Rəna onu bir neçə dəfə psixiatr yanına apardı, uzun müalicələrdən sonra qız tədricən özünə gəlməyə başladı. Hər gün sakitləşdirici dərmanlar qəbul edirdi, bütün günü susqunluğa qərq olub evin içində xəyal kimi gəzib dolaşırdı. Məsmə xala qızının bu halını görüb öz otağına çəkilird və xısın-xısın ağlayır, kürəkənini qarğıyırdı: “Allah o igid ölmüşün bəlasını versin! Onu görüm lənətə gəlsin! Gör uşağımı nə günə qoyub”. 
Arvad gün-gündən zəifləyib gücünü-qüvvəsini itirirdi. Bacılar görürdü ki, ananın taqəti tükənir, əvvəlki kimi sübh tezdən oyanıb biş-düş, yır-yığış edə bilmir. Məsmə arvadın ayaqları ağrıyırdı, pilləkanları qalxıb-düşməkdə çətinlik çəkirdi. Tez-tez “ayaqlarımı ovun, sümüklərim sızıldayır” – deyirdi. Bir gün qızlar evdə olmayanda pilləkandan yıxıldı və sağ dizi çatladı. Onu xəstəxanaya apardılar. Məlum oldu ki,  yıxılanda insult keçirib. O gündən Məsmə arvad yataq xəstəsinə çevrildi. Gecələr uzana bilmirdi, divanda oturaq vəziyyətdə yatırdı. Həkim tapşırmışdı ki, arvadı bir dəqiqə də gözdən qoymaq olmaz. 
Rəna iki uşaqla ərinin qulluğunda dayanırdı, üstəlk, işə səhər gedib axşam qayıdırdı. Gözəllik salonunda yaxşı pul qazanırdı. O da anasının dərmanlarını alıb verirdi. Leyla Musiqi Kollecinin sonuncu kursunda oxuyurdu. Anasına qulluq edə-edə imtahanlara hazırlaşırdı, oxumaqdan və yuxusuzluqdan həmişə gözləri qıpqırmızı olurdu. Anası yatanda xəlvəti qulağını sinəsinə söykəyib nəfəs alıb almadığını yoxlayırdı. Anasını itirmək qorxusu içində kök atmışdı, yatanda da səksəkəli yatırdı, hər səsə hövlnak ayılıb həyəcanla anasının yatağına yüyürürdü. Arvad allı-güllü yorğanın içində günbəgün balacalaşırdı. Leyla bir az kif, bir az köhnə sabun, bir az da qədimi mebel qoxusu gələn bu otağa girəndə ürəyi bir az da sıxılırdı, nəfəsi tıncıxırdı. Pəncərədən otağa ölü, yıpranmış işıq düşürdü.
Leyla fikirləşdi ki, ev yaman köhnəlib, divarların suvağı tökülür, döşəmə ayaq altda cırıldayır, qapı-pəncərələrin də rəngi çoxdan solub. Evin yorğun görkəmi insanın içini qüssə ilə doldururdu. Sonuncu dəfə evi rəhmətlik atası təmir etdiribmiş, o dünyasını dəyişəndən hər şey olduğu kimi qalmışdı. Kişi gücü tələb edən işləri kim görəcəkdi? Rəna bir neçə dəfə ərindən xahiş etmişdi ki, ananın evinə yüngülcə əl gəzdirək. Əri hər dəfə bu sözləri qulaqardına vurmuşdu, ondan sonra Rəna da yoruldu, daha ona heç nə demədi. Leyla tələbə idi, hələ pul qazanmırdı, o neyləyə bilərdi? 
Köhnə məhəllələrin plana düşəcəyi ilə bağlı söz-söhbətlər gəzməyə başlayanda Məsmə arvad da, Leyla da sevindilər. Pul alıb başqa yerdən ürəkləri istəyən evi ala biləcəkdilər, canları bu dar-düdək, kif qoxuyan evdən qurtaracaqdı. Amma bu söz-söhbət də yavaş-yavaş səngidi, ümidləri qar kimi əriməyə başladı. “Ev plana düşənəcən ömrümüz də qurtarar”. Məsmə arvad fikirli-fikirli gileylənirdi. Ömür doğrudan da tükənmək üzrə idi. Arvad göz-görəti geriləyirdi və Leylanın həyəcanları da artırdı. Rəna ilə məsləhətləşib Məsmə xalanı xəstəxanaya yerləşdirdilər. Leyla bir ay palatada anasının yanında qalıb ona qulluq elədi. 
Bir dəfə həkimin otağına girib anasının vəziyyəti haqda ətraflı öyrənmək istədi. Həkim qızın ümidlərini qırmaq istəməsə də həqiqəti deməyi lazım bildi:
-Sözün düzü, vəziyyəti o qədər də pis deyil. Amma insult keçirib, yaşı da az deyil. Bundan o yana nə qədər yaşayar, yaşayar. Mən sizi aldatmaq istəmirəm. Təzyiqini daim nəzarətdə saxlamaq lazımdır. Yeməyinə-içməyinə diqqət yetirməlisiniz. 
Leyla qarşısında uçurum kimi açılan tənhalığın dəhşətini bütün varlığı ilə hiss etdi. Bu uçurum ac canavar kimi onu udmağa hazırlaşırdı. Oturduğu yerdəcə büzüşdü, çarəsizlik ağır bir yükə dönüb çiyinlərindən basdı. Dinib-danışa bilmədi. Həkim onun vəziyyətini anlayıb quru təsəlli ilə qızı özünə gətirməyə çalışdı:
-Üzülməyin, çalışın ananıza yaxşı baxın. Onda xeyli müddət yaşayar. Narahat olmayın. Biz əlimizdən gələni edirik ki, səhhətində müsbətə doğru irəliləyiş olsun. Görürsünüz ki, əvvəlki günlərə nisbətən xeyli yaxşılaşıb, danışığı da qaydasına düşür. Hər gün dəhlizə çıxarıb gəzdirin, ayağı da yavaş-yavaş açılacaq. Amma yenə deyirəm, nəzarətsiz qoymayın. Yıxılsa, çox pis ola bilər. 
Leyla həkimin otağından bir qırıq ümidlə çıxdı. Anasına bir az da möhkəmcə sarıldı. Məsmə xalanın ayağının keyi getdikcə açılırdı deyin sevincək olmuşdu. 
-Sağalım, ayağa durum, yenə baş-başa verib yaşayarıq, qızım. 
Anasının bu sözləri Leylanın ürəyini titrətdi, göz yaşlarını gizlətmək üçün bir bəhanə ilə palatadan çıxdı. Dəhlizin küncünə çəkilib doyunca ağladı. Məsmə xala Leylanın fikrini çəkirdi, düşünürdü ki, bir gün bu dünyada olmasa, Leyla tək necə yaşayacaq, bu zalım dünyayla neyləyəcək? Bu ağır düşüncələr Məsmə xalanın onsuz da zəifləmiş ürəyindən daş kimi asılıb qalmışdı. Leylaya bir söz deyə bilmirdi, qız tezcənə özündən çıxır, əsib-coşurdu. Məsmə xala dərdini ürəyində çəkirdi. Ürək isə yorulmuşdu... 
Həmişə sübh obaşdandan durardı, bu dəfə yuxu onu öz dərinliklərinə doğru çəkmişdi. Tutaş kiprikləri hələ də yuxusunun keşiyini çəkirdi. Hər an ölümün anasını yaxalayacağı qorxusu sanki hörümçək kimi üzündə tor salmışdı. Bundan sonrasını yazmamaq da olar. O dəqiqələrdə anası son dəfə dərindən nəfəs alıb susdu. Bundan sonra onu əbədi dinclik gözləyirdi. Bu cümlə üç nöqtəlik deyil, burda məhz nöqtə - bir ömrün sonuna qoyulmuş nöqtə - Leylanınsa həyatında yeni abzas başlayır. Nöqtələri cümlələrin sonuna ovuc-ovuc səpməklə fikirləri doğrayıb-tökürsən, adı qızıl kitaba düşməkdə olan oxucu da başını itirir; bilmir əvvəl hardadır, son harda. Hərçənd, hekayəmizin sonuna iki-üç dayanacaq qalıb. 
Demək, Leyla köhnə evdə tək qaldı. El dilində desək, ana qızından nigaran getdi. Leylanın Məcnunu itgin düşmüşdü, o da həyatının ən böyük səhvini edib İbn Salama ərə getmişdi. Bu da axırı. “Sevmə sən sevməyəni, Misirdə sultan olsa da”. 
Nə başınızı ağrıdım, Məsmə arvad qırağını qatlayıb haqq dünyasına yola düşəndən sonra köhnə evi dəyər-dəyməzinə satdılar və Leyla bacısıgilə daşındı.
                                *****
Leylanın ağlına da gəlməzdə ki, illərdən bəri görmədiyi rəfiqəsi şəhərin tülyan istisində qəfildən rastına çıxacaq. Uzaqdan güllü yay donunda bir qız ona tərəf gəlirdi, Leyla onu görən kimi Zeynəbi xatırladı. Qızın gözündə eynək vardı, amma yerişi, boyu-buxunu eynən Zeynəbinki idi. Leyla düşündü ki, yox, ola bilməz, Zeynəb neçə illərdir Türkiyəyə köçüb, orda yaşayır. Necə də Zeynəbə oxşayır!.. 
Üzbəüz gəldilər, hər ikisi ayaq saxladı. Qız eynəyi gözündən çıxaranda Leyla sevincdən içini çəkdi:
-Zeynəb?! 
-Leyla! – Zeynəb özünü rəfiqəsinin üstünə atdı.
Küçənin ortasında bir-birlərinə sarıldılar. O buna dedi “vəfasızsan”, bu ona. Leyla and-aman elədi ki, həmişə onu axtarıb, eşidəndə ki, Türkiyəyə köçüb, axtarmaqdan əlini üzüb. Zeynəb bir aylıq gəlmişdi, bağda dincəlirdilər. Dedi ki, şəhərə anasına baş çəkməyə gəlib, həm də ayın-oyun alıb bağa qayıdacaq. Leyla başına gələnləri qısa şəkildə rəfiqəsinə danışdı. Zeynəb doluxsundu,  Leylanın uğursuz taleyinə acıdı.
-Leyla, sənə bir söz deyim. Ola bilməz ki, Azər səni həmişəlik atsın. Görünür, onun başına nəsə xoşagəlməz bir hadisə gəlib. Axtarmaq, maraqlanmaq lazımdır.  – Zeynəb bu sözləri ilə sönmüş ocağı üfürüb altındakı közü alışdırdı. 
Leylanı uzun illərdir şübhə içində saxlayan bu gümanlar yenidən beynində baş qaldırdı. Azər gözünün önünə gəldi, onun duru, sevgi dolu gözlərini xatırladı. Azər yalançı, saxtakar ola bilməzdi. Məktublarının qəfil kəsilməsi, ailəsinin səssiz-səmirsiz şəhərə köçməsi sonsuz suallar yaradırdı. Leyla bu suallara cavab tapa bilmirdi. Zeynəb onu fikirdən ayırdı:
-Leyla, gəlsənə, bir müddət bizim bağda qalasan? Mən də darıxmaram, birlikdə qəşəngcənə dincələrik. Sənin də fikrin dağılar, bir az özünə gələrsən. Yaman sınıxmısan. Sənə yaxşıca qulluq edərəm, rəngin-ruhun özünə qayıdar. Hə, nə deyirsən? 
Leyla rəfiqəsinin bu təklifinə ürəyində sevinsə də fikirləşdi ki, yaxşı düşməz, gənc ailə üçün narahatlıq yaradacaq.
-Zeynəb, mən sizin rahatlığınıza mane olmaq istəmirəm. Birdən yoldaşın narazı qalar, sən də pis vəziyyətə düşərsən. Amma nə yaxşı ki, səni gördüm. Elə darıxmışdım ki, səninçün.
Zeynəb əl çəkmədi:
-Nə danışırsan, ay qız? Yoldaşım elə adam deyil, müasirdir, tez-tez qonaqları yığışıb gəlirlər, deyib-gülürük, dənizə gedirik. Elə günü sabahdan yığış gəl.
Beləcə, Leyla rəfiqəsigilin dəniz kənarında yerləşən bağına qonaq getdi. 
-Yay mövsümünün sonunacan bizimləsən, vəssalam! – Elə taksidən düşən kimi Zeynəb rəfiqəsinin bağda qalma müddətini təyin etdi.
Leylanın etiraz etməyə macalı olmadı. 
Sahldən yüz əlli, iki yüz metr kənarda, alçaq qayaların arxasından kəndə burulan qumsal yolda yerləşən bağ evi o qədər də diqqəti cəlb etmirdi. Köhnə dəmir darvazanın üstünə xallar düşmüşdü, elə Leylanın uşaqlıqda gördüyü həmin bağ idi, heç bir dəyişiklik yox idi. Beton pilləkanın kənarları qopmuş, armaturlar üzə çıxmışdı. Eyvanın qarşısındakı kiçik hovuzun ətrafı mamır bağlamışdı. Talvardan yenicə yetişməyə başlayan üzümlər gün işığında kəhrəba kimi işıldayırdı. Köhnə döşəmənin boyası bozarmışdı, dirəklərə sarmaşıqlar dolaşıb üzüyuxarı qalxmışdı. Eyvanın ətəyini sarı, qırmızı, çəhrayı çiçəklər yalayırdı. 
Tut ağacının gövdəsindən asılmış yelləncəyi görəndə duyğulandı; bu yelləncəkdən görünən səma göy qurşağı ilə bəzənmişdi və balaca Leyla göy qurşağına heyran-heyran baxanda əlləri yelləncəyin ipindən qopmuşdu və qız isti, yumşaq qumun üstünə düşmüşdü.  Hər gün səhər yuxudan durub yelləncəyə minirdi ki, o göy qurşağını yenə görsün. Dadaş əmi ona demişdi ki, bax, bu yelləncək sehrlidir, onun üstündən göy üzü rəngbərəng görünür, quşların lələkləri minbir rəngə boyanır, onlar səmada gəlin kimi bəzənirlər. Bu rəngli dünya Leylaya o qədər əsrarəngiz görünmüşdü ki, yuxularında da rəngli səmanı görürdü, quşlarla söhbət edirdi.Uşaqlığı üçün darıxdı, doluxsundu: “Nə gözəl günlər idi...” 
Leyla bağa yerləşəndən özündə qəribə bir yüngüllük hiss etdi, anladı ki, burda heç vaxt qəribsəməyəcək, bu yerlərin hər qarışı ona doğma idi, hər ağacın dibində bir xatirəsi uyuyurdu. Xatirələr çətin günləri ona unutduracaqdı. 
Gecəni o qədər rahat yatdı ki, səhər oyananda ləzzətlə yerinin içində gərnəşdi. Çoxdandı yuxudan belə xoş duyğularla oyanmırdı. Burnuna samovur tüstüsünün qoxusu dəydi, adyalı üstündən atıb yerindən qalxdı, eyvana çıxanda gördü ki, Zeynəb samovar qalayıb, süfrədə isə bal, qaymaq, pendir, şor, soyutma yumurta, təndir çörəyi, təzə yuxa onların yolunu gözləyr. Zeynəbin həyat yoldaşı Onur isə sübh açılar-açılmaz dənizə çimməyə getmişdi. O, hər səhər obaşdan qalxıb dənizə yollanırdı, sahil boyu xeyli qaçır, sonra isə dənizdə çimir, günəş vannası qəbul edirdi. 
Zeynəb Leylanı görcək gülümsədi:
-Tənbəl qız, nə çox yatırsan? Özüm səni oyatmadım ki, doyunca yatasan. 
Leyla yatıb qaldığına görə utandı. – Çoxdandı belə rahat yatmırdım, - dedi. 
-Leyla, bax, özünü qonaq kimi hiss eləmə. Sərbəst ol, yaxşıca dincəl. Dəniz də yaxındadır. Hər gün çıxıb doyunca çimərik, özümüzü quma basdırarıq, günəşlənərik. Bütün ağrı-acıların canından çıxacaq, inan. 
Leyla üzündə sevincək ifadə ilə: - Nə yaxşı sənə rast gəldim, Zeynəb, - dedi. – Heç bilmirdim səni necə, hardan tapım. 
-Bz Türkiyəyə köçəndən sonra bir müddət problemlərimiz oldu. Başımız qarışıq oldu. Onur mənim işləməyimi istəmirdi. Amma mən təkid etdim, çünki evdə qalıb darıxırdım. Onur səhər gedib axşam gəlirdi, mənsə bütün günü evdə qalırdım. Qayınatamgil başqa şəhərdə yaşayırdı. Ancaq telefonla əlaqə saxlayırdıq. Axırda evimizin yaxınlığında musiqi kollecinə işə düzəldim. Sonra uşaqlar oldu, başım uşaqlara qarışdı. Bakı üçün, valideynlərim üçün, sənin üçün burnumun ucu göynəyirdi. Bir dəfə anam dedi ki, Leyla ərə gedib. Sevindim, xeyli müddət keçəndən sonra eşitdim ki, boşanmısan. Elə pis oldum ki. 
İki rəfiqə səhər yeməyini birlikdə yeyib ötən günlərə səyahət etdilər. Leyla da başına gələnləri Zeynəbə danışdı. Rəfiqəsi “can, can” deyib təəssüflənirdi. Birdən yadına nəsə düşübmüş kimi dedi:
-Ay qız, dayan e, axı səni istəyən bir oğlan vardı. Adı nəydi, yadımdan çıxdı. Qarabuğdayı, hündürboy oğlan idi. Bəs o, necə oldu? 
Leylanın sanki yarasına duz basdılar, inildədi. 
-Müharibəyə getdi, sonra da səsi-sorağı gəlmədi, - gözləri yol çəkdi. 
-Sevirdin onu? – Zeynəb maraqla soruşdu.
Leylanın dolmuş gözləri Zeynəbin sualını cavablandırdı... 
                               *****
Hər səhər günəş üfüqdə görünməyə başlayanda dənizin sahilinə düşürdü, bədənini günəşin və dənizin ixtiyarına verirdi. Dalğalar ruhuna dinclik gətirirdi, ləpələr yaralarına sığal çəkirdi. Günəş onun sirdaşına çevrilmişdi, qəlbinin bütün sirlərini onunla bölüşürdü və bu ona inanılmaz xoşbəxtlik bəxş edirdi. Günəş deyirdi ki, hər şey yaxşı olacaq. Qız suyun üzündə uzanıb eləcə Günəşə gülümsəyirdi. Çopur qayalar nə qədər dinşəsələr də bu səssiz dialoqdan bir şey anlaya bilmirdilər. Leylanın həyat eşqi günbəgün, saatbasaat özünə qayıdırdı, özü də bu canlanmaya məəttəl qalmışdı. Zeynəb rəfiqəsindəki bu dəyişikliyi görüb sevinirdi. Günəş, dəniz onun antidepressantı idi, ruhundakı qüssə, kədər duzlu sulara qarışıb gedirdi. Suların qoynunda balıq kimi üzürdü və bu asudəliyin bitməsini heç istəmirdi. Özünü bir qum dənəsi kimi, yarpaq kimi küləklərin ixtiyarına vermək istəyirdi. Dəli duyğular içində cövlan edirdi. 
Düşünürdü ki, həyat bu qədər gözəlmiş. Özünü azad və xoşbəxt hiss edirdi.  Sanki hansısa sevgi dolu bir macəra ərəfəsindəydi və bu da onun köksünü fərəh hissiylə doldururdu, bütün bədəni bu xoş xəbərin sorağında uçunurdu... 
Bir gün yenə sübh tezdən oyanıb qumsallıq yolla dənizə yollandı. Günəş köhnə dost kimi üfüqdən ona əl yelləyirdi. O da əlini qaldırıb Günəşi salamladı. Əynini soyunub suya girmək istəyəndə ləpədöyəndə qumdan düzəldilmiş gənc qız və timsah fiquru ayaqlarını yerə pərçimlədi. Həyəcanlı duyğular beynində burulğana döndü. 
Gənc, gözəl bir qız qumsallıqda uzanıb yerə dirsəklənmişdi, uzun saçları kürəyi boyu uzanırdı, aralıda isə timsah gözlərini ona zilləmişdi. Yaş qumdan hazırlanmış bu fiqurlar o qədər diri, canlı idi ki, Leyla bir anlıq özünü itirdi, çığırmaq istədi. Heyrət, qorxu və heyranlıq hissi bir-birinə qarışmışdı. Sahildə dayanıb bu mənzərənin seyrinə dalmışdı. Uşaqlıqda gördüyü yuxunu xatırladı, Azərin ona hədiyyə etdiyi timsah gözləri önünə gəldi. Ətrafa boylandı, yaxınlıqda bir kmsə yox idi. Uzaqda qayaların üstündə tilovu suya atıb gözləyən balıqçılar gözə dəyirdi. 
Leyla qumun üstündə oturub dizlərini qucaqlamışdı və qarşısındakı mənzərəyə baxıb səssizcə ağlayırdı. Kimsə onun illər öncə gördüyü yuxunun rəsmini çəkmişdi və Leylanın belə bir mənzərə ilə rastlaşması möcüzə idi. Bu, təsadüf idimi? Leyla inana bilmirdi. Axı niyə bu mənzərə məhz onun qarşısına çıxmışdı? Bu nə sirri-xuda idi?!
Leyla suya girmədi, gün kürəyini qızdırana qədər qızla timsahın keşiyini çəkdi. Yaşananları xəyalən yenidən yaşadı, yenidən sevindi, yenidən kədərləndi. Gözlərini yumub yenidən uşaqlaşdı, yuxusunu Azərə danışanda oğlanın necə şirin-şirin gülümsədiyini xatırladı. Bu təbəssüm çörək üstə çəkilən kərə yağ kimi ürəyinə yatmışdı. Xəyalında belə bir mənzərə yaratmışdı: timsah yenə onun üstünə gəlir, Azər bir göz qırpımında qızı qucağına alıb timsahın cəngindən xilas edir. O da qollarını Azərin boynuna dolayıb sinəsinə sığınır...
Leyla suya girib çıxanda gördü ki, ora-bura qaçan uşaqlar bu sənət əsərini dağıdıb yerlə bir ediblər. Bircə timsahın quyruğu qalmışdı, dalğa inadla onu da silməyə çalışırdı. Təəssüfləndi. Sabah yenə eyni mənzərə ilə qarşılaşacağı ümidilə evə yollandı. Qız bu sənət əsərini düzəldən adamı görmək istəyirdi. Çox güman ki, buralara tez-tez gələn adamdır, yəqin ki, növbəti dəfə də sahildə öz əl işini qoyacaq, - deyə düşündü. 
Səhəri gün əvvəlkindən də tez sahilə yüyürdü. Möcüzə idi; eyni mənzərə ilə qarşılaşdı. İncəbelli, uzun saçlı bir qız qumun üstündə uzanıb dirsəklərini torpağa dayamışdı, yaxınlıqda isə timsah ona doğru sürünməkdə idi. Qız cəld ətrafa boylandı, xeyli uzaqda dörd-beş cavan oğlan çimirdi, sahildə kimsə gözə dəymirdi. Günəş üfüq çarpayısından yenicə başını qaldırıb dünyaya nəzər salmaqda idi. Həmin gün də Leyla tərəddüdlü duyğuların əlində əsir-yesir qaldı. Sanki Günəş ona pıçıldadı ki, yaş qumun üstündə rəsm çəkmiş həmin naməlum adamı mütləq axtarıb tapsın. O, özündə mühüm bir sirri saxlayır və bu sirrin Leylaya da aidiyyatı var. Leyla öz-özünə gülüb: - bu nə axmaq fikirlərdir beynimə dolur? – dedi. – Bu, tam təsadüfi bir şeydir, mən də özümdən nağıl uydururam.  
Amma ürəyində heç cür bu əhvalatın təsadüf olduğuna inanmaq istəmirdi. İnadla hər gün səhər tezdən dənizin sahilinə gəlirdi və eyni mənzərə ilə qarşılaşırdı. Bir gün qızla timsahı sahildə görməsəydi, bütün ümidləri suya düşəcəkdi və ən çox da bundan qorxurdu. 
Bir gün... Yeyin addımlarla ayaqları quma bata-bata dənizə sarı gedəndə sahildə gözünə qaraltı dəydi. Addımlarını yavaşıtdı. Kimsə ləpədöyəndə oturub qumla oynayırdı. Həyəcanla o səmtə yaxınlaşdı. Nəhayət! Qumdan fiqurlar düzəldən adamı iş başında “yaxalamışdı”. Sevincdən nə edəcəyini bilmədi. Kənarda oturub naməlum adama mane olmaq istəmədi. Naməlum adam onu görcək əl saxladı, iti nəzərlərlə qızı başdan-ayağa süzdü. Qız ona salam verdi:
-Salam. Neçə gündür timsah qıza yaxın düşə bilmir, - deyə gülümsədi. 
Naməlum adam qızın salamını aldı:
-Salam. Həə, timsaha imkan vermirəm ki, qızı qamarlasın.
Bu səs Leylanın ürəyini titrətdi, diqqətlə oğlanın üzünə baxdı, üzündə yanıq izləri vardı, bu da onun üz cizgilərini itirmişdi. Sifətindəki ifadəni oxumaq olmurdu. 
-Bilirsiniz, mən ilk dəfə bu mənzərəni görəndə neçə illər bundan əvvəl gördüyüm yuxunu xatırladım... – Leyla astadan dilləndi. 
Bu vaxt oğlanın gözlərində elə bir işartı gördü ki, bütün bədənindən soyuq bir gizilti keçdi, çiyinləri yığıldı. Bu işartı ona o qədər tanış gəldi ki, qız şaşırıb qaldı, nə deyəcəyini bilmədi. Oğlan qızın halının dəyişdiyini hiss edib baxışlarını yayındırdı və öz işiylə məşğul olmağa başladı.  
Qız tərəddüdlər içində çırpınmaqda idi.
-Siz bu tərəflərdə qalırsınız? – deyə soruşdu.
Oğlan başını qaldırmadan laqeydcəsinə cavab verdi:
-Yox, dostumun bağına beş-on günlük qonaq gəlmişəm. Bir-iki günə çıxıb gedəcəyəm.
Hava isti olmağına baxmayaraq Leyla nədənsə üşüdü. Oğlan işinə ara verib siqaret yandırdı, dərin qullab vurub tüstünü havaya buraxdı və gözlərini dənizin sonsuzluğuna zillədi. 
-İşinizi niyə yarımçıq saxladınız? – Leyla ehtiyatla soruşdu.
Oğlan qəfildən əsəbi şəkildə düzəltdiyi firuqları dağıtdı, ayağıyla qumu ətrafa yaydı. 
-Elə-belə başımı qatırdım. Nəyimə lazımdır?
Leyla oğlanın qəfildən özündən çıxmağına təəccübləndi.
-Niyə belə etdiniz? Gərək mən sizə yaxınlaşmazdım, fikrinizi dağıtdım. Üzrlü sayın.
-Yox, qətiyyən. Sizə görə etmədim bunu, - naməlum adam həyəcanlı görünürdü.  – Yəqin siz də buralarda qonaqsınız, şəhər qızına oxşayırsınız.
-Hə, mən də rəfiqəmgilin bağında qalıram, - Leyla tələsik cavab verdi.
Bu ucaboy, enlikürək oğlan qıza kimisə xatırladırdı. Bədəncə belə yaraşıqlı oğlanın üzünün yanmasına heyfsiləndi. Səbəbini soruşmağa ürək eləmədi. Oğlan onun nə demək istədiyini sövq-təbii hiss etdi.
-Yəqin üzümün yanmağına heyfsilənirsiniz...
-Uşaq vaxtı olub? – Leyla titrək səslə soruşdu.
Oğlan uzun müddət dinmədi, sanki ürəyində nəyisə götür-qoy edirdi. Handan-hana köks ötürüb dilləndi:
-Yox... Müharibədə olub... 
Leyla diksindi, yaxınlaşıb oğlanın üzünə diqqətlə baxdı. Oğlan üzünü çevirdi, bu an boynundakı qəhvəyi xal qızın gözünə sataşdı, onu sanki ildırım vurdu, qışqırmamaq üçün əlini dişlərinin arasına salıb sıxdı, bütün bədəni titrədi.
-Azəəər!!!! – Bütün vücudundan qopan bu ağrılı, fəryada bənzəyən səs qayalarda əks-səda verdi.
-Azəəər! Azəəər! Azəəər!
Qız səndirləyib yıxılanda oğlan onu tutdu, üzünə-gözünə dəniz suyu çırpdı:
-Özünə gəl, aç gözlərini. Eşidirsən? Aç gözlərini!
Leyla bu yanmış sifətdəki bir cüt gözün həyəcandan necə böyüdüyünü görürdü. Oğlan özünü itirmişdi, nə edəcəyini bilmirdi, qızın ayaqlarını suya salıb dayanmadan üzünə su çırpırdı. 
...Qaranlıq düşmüşdü, sahildən əl-ayaq çəkilmişdi. Qumsallıqda oturub çiyin-çiyinə söykənmişdilər. Azər başına gələnləri Leylaya danışırdı, qızın yanaqlarından səssizcə yaş süzülürdü. 
-Taleyin işinə bax! Gör bizi harda görüşdürdü... Mən deyirdim axı, bu, təsadüf ola bilməz. Ola bilməz!.. 
Azər qızğın döyüşlərin birində ağır yaralanmışdı, mərminin dalğası onu kənara tullamışdı və o andan sonra heç nəyi xatırlamırdı. Üzünün xeyli hissəsi yanıbmış. Bunu bir həftədən sonra xəstəxanada gözlərini açanda bilmişdi. 
-Düşündüm ki, daha bu sir-sifətlə sənə lazım deyiləm. Sən də mənə yaxın durmazsan. Ona görə daha sənə məktub yazmadım. Dedim qoy elə bilsin ki, ölmüşəm.
Leyla özünü saxlaya bilməyib hönkürdü:
-Azər! Niyə axı? Niyə? Niyə belə düşünürdün? Mən səni hər halınsa qəbul edərdim. Axı səni necə sevdiyimi bilirdin... 
Azər günahkarcasına qıza tərəf çevrildi, titrək əlləriylə qızın saçlarına sığal çəkdi. Leylanın bütün varlığı titrədi. O, illər boyu bu sığalı gözləmişdi, incə beli Azərin möhkəm qolları üçün darıxmışdı. 
-Bağışla məni, Leyla... Bacarırsansa, bağışla... Müharibə mənim arzularımın üstündən tank kimi keçdi. Səni xoşbəxt edə bilmədim... 
Leyla hıçqıra-hıçqıra pıçıldadı:
-Sən də məni bağışla, Azər. Sənin sevginə xəyanət etdim...
-Sənin heç bir günahın yox idi. Axı sevdiyi insan ona üz çevirəndən sonra bir qız neyləməlidir? Günahkar mənəm. Düşündüm ki, məni qəbul etməzsən.
-Axxx, Azər!.. Bilmirəm sənə nə deyim. Sən itgin düşməklə mənə nələr yaşatdın, bir bilsən... Hansı əzablardan keçdim, hansı ağrılara dözəsi oldum, təsəvvür edə bilməzsən... 
-Timsahı saxlamısan? – Azər gülümsədi.
Yanıq üzün arxasındakı təbəssüm Azərin bütün üz cizgilərini bərpa etdi!.. Leyla da xoşbəxtcəsinə gülümsədi.
-Hə, əlbəttə, saxlamışam. Sənin iyini ondan alırdım. 
Azər sahildə qumdan qız və timsah fiquru düzəltdi.
-Qorxma, timsah qızı heç vaxt uda bilməyəcək.  – Azər əminlikə dedi.
Leyla yumşaq ağ əllərini ustufca Azərin üzündəki yanıqlara sürtdü. Azər gözlərini yumdu... 
Ay göyün üzündə gülümsəyirdi. Leyla kəndə tək gəlmişdi, şəhərə Azərlə birlikdə qayıtdı... 

12-22 avqust, 2021-ci il 
Qax, İlisu     




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)