Edebiyyat.az » Proza » İtalo Kalvino - Vicdan

İtalo Kalvino - Vicdan

İtalo Kalvino - Vicdan
Proza
nemət
Müəllif:
15:28, 24 mart 2019
759
0
İtalo Kalvino - Vicdan


   Müharibə başlayanda Luici adlı bir adam peyda olmuşdu, könüllü yazılmaq istəyirdi. Hamı onu tərifləyib göylərə qaldırırdı. Luici silah paylanılan yerə gedib birini götürdü və dedi: “İndi gedib Albertonu öldürəcəm”. Ondan Albertonun kim olduğunu soruşdular. “Düşməndir Alberto, mənim düşmənim”, – deyə cavab verdi. Ona istədiyi hər adamı öldürməyə icazə verilmədiyini, yalnız bəlli düşmənləri öldürməli olduğunu başa salmaq istəyəndə, “Nədi?!” deyib bozardı: “Siz məni axmaqmı hesab eləyirsiz? Alberto elə ən böyük düşməndi. Onlara qarşı müharibəyə başladığınızı eşidəndə, dərhal sizə qoşulmalı olduğumu düşündüm, çünki yalnız bu halda Albertonu öldürə bilərdim. Elə buna görə indi yanınızdayam. Onu yaxşı tanıyıram, əclafın, alçağın yekəsidir. Mənlə xaincəsinə davrandı, qadının yanında üzüqara oldum, alçaldım… Köhnə söhbətdi, istəyirsizsə sizə danışım”.
– Yox, lazım deyil, səni başa düşürük, – yoldaşları dedi.
– Yaxşı, onda mənə Albertonun harda gizləndiyini deyin.
– Bilmirik.
– Eybi yox, onun yerini bilən birini taparam. Onsuz da əvvəl-axır
əlimə keçəcək.
Luicinin qandırmağa çalışdılar ki, bunu eləməyə ixtiyarı yoxdur,
hara yollasalar ora getməli, yalnız ordakıları öldürməlidir.
Alberto haqqında isə heç kimin məlumatı yoxuydu.
“Mənə baxın”, – Luici yenə israr elədi: “Görürəm sizə baş
verənləri danışmalıyam. Bu Alberto həqiqətən oğraş adamdı,
ona qarşı döyüşməklə yaxşı iş görürsüz”.
Amma yoldaşları onu dinləmək istəmədi. Luici də söz qanan
adam deyildi, dirəşdi: “Üzr istəyirəm, hansı düşməni
öldürməyim sizin vecinizə olmaya bilər, amma Albertonu yox,
bir başqasını öldürsəm, çox pis olaram”.
Yoldaşlarının səbri tükəndi. Onlardan biri Luiciyə müharibənin
nə olduğunu, kefi istədiyi adamı öldürmək ixtiyarının olmadığını
uzun-uzun başa saldı.
Luici etiraz elədi: “Əgər elədirsə, onda mən yoxam!”
“Varsan və olacaqsan!” – yoldaşları üstünə qışqırdı. “İrəli marş!
Bir-iki, bir–iki…”, – beləliklə Luicini müharibəyə yolladılar. Xoşbəxt deyildi Luici, Albertoya ya da ailəsindən kiməsə tuş gələr deyə qabağına çıxanı güllələyirdi. Öldürdüyü hər adama görə ona medal verirdilər, amma Luici yenə də xoşbəxt ola bilmirdi. “Əgər Albertonu öldürə bilməsəm”, – düşünürdü: “bu qədər adamı boş yerə öldürmüş olacam”. Özünü pis hiss edirdi.
  Hələ də ona növbənöv medallar verirdilər – qızıl, gümüş… Luici götür-qoy edirdi: “Bu gün bir-ikisini öldürərəm, sabah bir neçəsini, ən axırda sayları azalar və bu əclafın da növbəsi mütləq gəlib çatar”. Amma Luici Albertonu tapa bilməmiş düşmən təslim oldu. Luici heç nədən o qədər insanı öldürdüyünə görə özünü çox pis hiss edirdi. İndi sülh dövrüydü. Aldığı bütün medalları çantasına doldurub düşmən ölkədə ölənlərin arvad-uşağına, yaxınlarına paylayırdı. Belə günlərin birində Albertoyla qarşılaşdı. “Həə, axır ki, əlimə keçdin, gec olsun, güc olsun”, – deyib Albertonu
öldürdü. Luicini dərhal həbs etdilər. Cinayəti sübuta yetirildi və onu edam elədilər…
Məhkəmədə vicdanının səsini dinlədiyini dəfələrlə təkrar etmişdisə də, heç kim ona inanmamışdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)