Edebiyyat.az » Proza » Nemət Mətin - Axmaq zarafat

Nemət Mətin - Axmaq zarafat

Nemət Mətin - Axmaq zarafat
Proza
nemət
Müəllif:
23:14, 16 mart 2019
920
0
Nemət Mətin - Axmaq zarafat



  Bu gün təyyarə ilə evə dönürdük. Buludlar arxasında gizlənərək gizlənqaç oynayan günəşi seyr edə-edə xumarlanırdım. Dostum Tahir ilə Türkiyəyə səyahət etmişdik. İkimiz də yorğun halda kresloya çökmüşdük. Təyyarə enməyə hazırlaşanda, bir ay öncə dostlarımın içində məni pərt etmiş Tahirdən əvəz çıxmaq qərarına gəldim. Ürəyi təmiz dostum özü də bilmədən məni pərt eləmişdi. Düzdü sonra üzr istədi, amma ürəyimdə xal qalmışdı. Mən də başına oyun açıb sonra üzr istəyəcəkdim. 

  Təyyarə perronda dayandı. Sərnişinlər bir-bir trapla aşağı enirdilər. Mənim hələ düşmək fikrim yox idi. Özümü çantalarla məşğul kimi göstərib Tahirə dedim:

 - Qardaş, sən düş, gəlirəm.

 Yarıyuxulu vəziyyətdə razılaşıb aşağı enən Tahir heç nədən şübhələnmirdi. Hamının düşməyini gözlədim. Çantadan kağız çıxarıb qələmlə üstündə qeydlər apardım. Böyük hərflərlə yazdım: TƏYYARƏDƏ BOMBA VAR. MƏNİ TAPA BİLSƏNİZ ZƏRƏRLƏŞDİRMƏ KODUNU DEYƏRƏM. 0*03559*55

 Sakitcə kağızı Tahirin oturacağına qoyub bayıra çıxdım. Uzaqdan Binənin körpüsü görünürdü. Həə, deyəsən Bakıdayıq. 

   Bir həftə keçməmiş Tahirə zəng gəldi. Tahirin rəngi ağarmışdı. Zəngdən sonra mənə zəng edib hadisəni qorxa-qorxa danışdı. Ürəyimdə gülməkdən keçinmişdim. Bir təhər özümü saxlayıb dedim:

 -Səhv salıblar. Olan şeydir. Anlaşılmamazlıq olub. Araşdırıb tapanda üzr istəyəcəklər. Narahat olma. 

  Daha bir həftə keçməmiş mənə zəng gəldi. 

-Salam. Kapitan Babayevdir. N saylı bölmədən, filan şöbə və sairə və ilaxır... 

Bu dəfə əlim-ayağım əsdi. Tahir kimi məni də bölməyə çağırdılar. Barmaq izlərimin rəsmini göstərib hər şeyi olduğu kimi danışmağımı əmr etdilər. Mən də utana-utana, qorxa-qorxa hər şeyi danışdım. Qollarıma qandal keçirib dəmir barmaqlığa apardılar.

 Artıq 2 ildir ki, zindandayam. Apellyasiya məhkəməsinə müraciət etmişəm. Cavab gözləyirəm. Zarafatım uğursuz alınmışdı. Tahir azadlığda gəzdiyi halda, mən içəridə çürüyürdüm. Məndən bərk küsmüşdü. Yanıma gəlmədi. Axmaq zarafatın sonunu düşünməmişdim. 

  Sonralar bildim ki, təyyarəyə kağız qoyub çıxdıqdan sonra stüardessa oturacağın üstündəki vərəqi tapıb. Oxuyandan sonra qışqıraraq salondan qaçıb. Daxili işlər nazirliyindən tutmuş, daha haralara kimi tökülüb gəliblər. Enlikürəkli, hündür, eynəkli, silahlı əsgərlər təyyarəyə doluşublar. Ələk-vələk etsələr də heç nə tapmayıblar. Əməliyyatın aparılmasına görə otuz min manat pul ayrılıb. Sonunda mənim zarafat etdiyimi öyrəniblər.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)