Edebiyyat.az » Proza » Tural Sahab - Danabaşov

Tural Sahab - Danabaşov

Tural Sahab - Danabaşov
Proza
nemət
Müəllif:
16:25, 16 mart 2019
767
0
Tural Sahab - Danabaşov





   Həyatın çox qəribə oyunları olur hərdən. Bunlardan biri də mənim başıma gəldi. Indi bu hadisənin üzərindən illər keçməsinə baxmayaraq, sanki dünən olmuş kimi xatırlayıram. Gənclik illərimdi, ali məktəbi yenicə bitirib, təyinatımı alcağım yeri gözləyirdim. Onu da deyim ki, çox da qoca deyiləm. Qırx yaşım hələ bu payız tamamlanacaq. Nə isə, söhbətimizdən çox kənara çıxmayaq. Bütün uşaqlar növbə ilə gedəcəkləri bölgələri öyrəndi. Mənim gedəcəyim yer isə çox maraqlı oldu. Elə oradan elan olunan kimi, yoldaşlarımdan kimisi gülməyə, kimisi də mənə acımağa başladı. Sən demə mən Danabaş kəndinə müəllim təyin olunmuşam. Bəli, əzizlərim düz tapdınız- Mirzə Cəlilin haqqında danışdığı, o məşhur kəndə. Mirzənin vaxtından bu yana çox vaxt keçmiş, xeyli iş görülmüşdü, ancaq Danabaş kəndi yenə öz əvvəlki aurasında qalırdı. Kənd haqqında çox eşitsəm də, kəndin məktəbi haqqında elə çox şey bilmirdim. Düzünü desək, orada bir məktəbin açıldığından belə xəbərsizdim. Vaxt sürətlə gəlib keçdi. Mən elə o yay hərbi xidmətə yollandım və üç ilə vətənin müxtəlif yerlərində oldum. Hərbi də vaxt elə tez keçməsə də, keçmişdi və mən evimizə qayıtdım. Indi işləmək, pul yığıb evlənmək lazımdı. Bunun üçün də göndərildiyim məktəbə- Danabaş kənd orta məktəbinə ( Xudayar Bəy adına Danabaş kənd orta məktəbi) yola düşdüm. Bəli, eyni ilə mən də sizin kimi şok oldum. Necə yəni, məktəb həqiqətnmi, Xudayar bəyin adına idi. Görünər,məktəb hansısa döyüşçünün vəya görkəmli şəxsin adını daşıyar, ancaq bizim məktəb bir bəyin adını daşıyırdı. Bəy də, bilirsiz də..... dövlət məktəbə rəhmətlik Mirzənin adını vermək istəsə də, kənd camaatı- O, bizi biabr etdi, əgər məktəbə onun adı verilsə, biz öz uşaqlarımızı ora qoymayacağıq- deyir. Məcbur qalıb, kənd ağsaqqallarının da təklifi ilə məktəbə Xudayar bəyin adı verilir. O Xudayar bəy ki, elə ən çox zülmü bu kəndin camaatına edib. Bu hadisə bəs etdi, kəndi və kənd əhlini tanımağıma. İşimin çox çətin olacağını anlayırdım. Xoşbəxtlikdən boş olan evlərdən birini mənə ayırdılar. Evin sahibi çoxdan köçüb, şəhərə getmişdi. Ev problemini həll etdikdən sonra məktəbə yollandım. Hələ bir neçə gün vardı, dərslərin başlamağına. Öncədən gəlmişdim ki, kəndlə, məktəblə tanış olum. Məktəb son dərəcə köhnə bir binada yerləşirdi. Bu bina elə Xudayar bəyin vaxtından qalmışdı, deyəsən.... kim bilir, bəlkə də, onun taxıl anbarı olub...dərslər başlamadığı üçün hələlik sinif otaqlarını gəzmək imkanım olmamışdı. Məktəbin gözətçisi İdris dayının dediyinə görə Sentyabrın birində açılacaqdı qapılar. Daha demədim ki, bəs, bu məktəbdə təmizlik edilmirmi, üç ay boyunca, sıraların üzərini toz- torpaq basmırmı....
   Sakitcə evə tərəf gəlirdim ki, yolda məktəbin müdiri Danabaşovla qarşılaşdım. Ilk gündən xoşum gəlməmişdi bu adamdan. Kişi olsa da, görkəmindən qadına daha çox bəznəyirdi. Qadın da, nə qadın.... yetmiş yaşlarında tökülüb- itən bir qarı. Qalın dodaqları vardı, indiyə qədər heç bir kişidə elə dodaqlara rast gəlməmişdim. Danışanda da ağzını marçıldadır, tez- tez udqunurdu. Başı isə həddindən artıq böyükdü. Soyadının haqqını verir, bir dana başı qədər böyük başı, yumru gövdəsində gəzdirirdi. Bir on metr kənardan baxanda, eni ilə uzunu eyni olan, bir topun yuvarlana- yuvarlana sənə gəldiyini düşünmək olardı. Məni görən kimi- ooo Səlimov, gəlin nahara bizə gedək, arvad yaxşı beçə qızardıb. Yeməkdən sonra da bir nərd atarıq, həyətdəki armud ağacının altında- dedi. Ancaq mən bu təklifi çox incəliklə rədd etdim. Çünki, bu cür insanları yaxşı tanıyırdım. Və belələrinə borclu qalmağı sevmirdim, çünki yaxşı bilirdim ki, ilk narazılıqda başıma qaxılacaq. Evimdə yemək yoxdu, məgər- çox şükür var. Onda niyə, gedib kiminsə qapısında sülənməliyəm. Danabaşovdan ayrılıb evə gəldim və gözəl bir mənəmən bişirdim. Ev o qədər gözəl olmasa da, balaca, şirin bir evdi. Həyətində də ağaclar vardı. Bu ağaclar Danabaşovun ağacları qədər böyük olmasa da, hər halda altında dincəlmək olardı.
   Yeməkdən sonra kəndin meşəsini gəzməyi düşünürdüm. Havalar hələ də isti idi, təbiət yayı yola salmağa çalışır, arabir payız məktublarla gələcəyini xəbər edirdi. Avqustun son günləri, quruyan otlar, yaşıl yarpaqlı ağaclar. Bir an düşündüm ki, bu kənd normal bir kənd olsaydı, bəlkə də, rəhmətlik Mirzə satirik hekayələr yox da, romantik sevgi hekayələri yazardı. Görəsən, bu kənddə heç sevgi yaşanıbmı, yoxsa problemlərdən insanlar sevgi deyilən bir şeyin varlığını unudublar. Nə qədər ümidsiz görünsə də, vəziyyət, bir şeyləri dəyişdirmək olardı. Məktəb vardı, kitabxana da həmçinin. Və kitabların olduğu hər yeri cənnət etmək olardı. Bəzən, həyacanlanır, bir an öncə şagirdlərimlə tanış olmaq istəyirdim. Bütün ümidlərim bu uşaqlara idi. Onlar böyüyüb, bu kəndin üstündəki gülməli ləkəni götürəcəkdi. Bundan illər sonra, Danabaş kəndi, Xudayar bəyləri ilə deyil, öz yetişdirdiyi elm adamları ilə tanınacaqdı. Bu düşüncələrlə meşənin ensiz cığırları ilə gedir, təbiətin gözəlliklərini ruhuma köçürürdüm. Tez- tez qarşıma insanlar çıxırdı. Kənddə qaz olmadığından, kənd əhli qışı odunla keçirirdi. Bax, indidən uzunqulaqlarla odun daşınır, qış üçün azüqə görülürdü. Bir yandan ürəyimə acılar dolur, o bir yandan ümid dolu sevgi nəğmələri külək kimi saçlarımdan öpürdü. Yox, yox bu cür davam edə bilməzdi, etməyəcəkdi....şagirdlərimlə kitabı sevəcək, köhnə düşüncəni insanların beynindən siləcəkdik. Meşədə öz mal- heyvalarını saxlayan insanların qurduqları çadırlara da rast gəlmək olurdu. Yəqin, maraqlı bir həyat olardı bu. Ancaq kitablardan uzaq bir həyatı düşünə bilmirdim. Inanın ki, buradakı insanların çoxu heç bu gözəlliklərdən zövq almırdı, bəlkə də heç zövqün, gözəlliyin nə olduğunu bilmirdilər. Bu kəndi kitabsızlıq bu hala salmışdı. Oxumadan, düşünmədən yaşayırdılar. Bəlkə, bu həyat uzun və sağlam olurdu, ancaq mən belə ömrə insan ömrü deyə bilmirəm. Bu fikirlərimi deyərkən, yadıma bir əhvalat düşdü.
* Iki dost jurnalistka fakültəsini bitirir. Bunlardan biri kənddə, digəri şəhərdə qalır. Illər keçdikdən sonra bunlar bir tələbə yoldaşlarının dəfn mərasimində görüşürlər və kənddə yaşayan jurnalist, öz şəhərli dostunu kəndlərinə dəvət edir. Bu zaman şəhərli işlərini bəhanə edərək gəlmək istəmir. Indi o tanınmış qəzetlərdən birində işləyir, pis də qazanmırdı. Yazacağı nə isə olmasa, heç bir yerə getmirdi. Bunu anlayan kəndli jurnalist, onun diqqətini maraqlı bir əhvalatla çəkir. Deməli, kəndlərində yüz iyrimi yaşlarında bir qoca yaşayırmış. Bunu duyduqda istər- istəməz şəhərli dostunun ağzı sulanır. Öz aləmində düşünür- gör, bu insanın danışacağı nə qədər əhvalat var. Beləliklə yola düşürlər. Kəndə gəlib çatanda, qocanın meşəyə getdiyini öyrənib, kənd sovetinin başçısının maşını ilə gedirlər qocanın qabağına. Nə isə qoca ilə salamlaşdıqdan sonra, nə qədər edirlər ki, ay baba – gəl, sən maşınla gedək, eşşəyini başçı gətirər, ancaq qoca bununla razılaşmır. Bu dediyim sizə gülməli gəlməsin, o zaman jurnalistə çox böyük hörmət vardı və kəndə bir jurnalist gəlsə ən hörmətli qonaq kimi qarşılanardı. Nə isə, jurnalist məcbur olub, qoca ilə birlikdə piyada gələsi olur. Evə çatdıqda dostu nə qədər edirsə, onu evlərinə apara bilmir. Elə deyir- vaxt itirmək olmaz. Bu gecə qoca ilə söhbət edim, ondan bu illərdə gördüklərini soruşum. Dostu onunla razılaşmalı olur. Sabah açıldıqda, kəndli jurnalist dostunun yanına gəlib, soruşur- öyrənə biildinmi, bir şey?- bəli, öyrəndim. Indi bilirəm ki, bu qoca neə bu qədər uzun yaşayıb. Sən demə, onun həyatdan bildiyi, ancaq ala it və boz eşşəkdi. Başqa heç nə bilmir..
   Yəqin ki, indi nə dediyimi anladınız. Onun üçün kitabla tanış edib, oxumağı sevdirmək lazımdı, bu insalara. Nəhayət sentyabrın biri gəldi və dərslər başlandı. Elə ilk narazılığmız da, bu gün baş verdi. Danabaşov və digərləri ilə. Digərləri deyəndə ki, məndən başqa üç müəllim vardı. Biri müdir, Danabaşov, digər ikisi də yaşlı- kolxoz sədrinə bənzəyən iki müəllim. Elə ilk görüşdə bunların diplomu, necə aldıqlarını düşündüm. Narazılıq necə yarandı. Deməli bunlar uşaqlara himn oxudur, bir çaşan olanda isə ağıllarına gələni deyib, uşaqları təhqir edirdilər. Mən buna dayana bilməyib etiraz etdim. Düşüncəmə görə şagirdləri bu qədər insanın içində təhqir etmək olmazdı və himn oxunacaqsa, onu müəllimlər də şagirdlərlə birlikdə oxumalıdır. Bunları deyəndən sonra Danabaşov və onun qolubəyləri az qaldı məni məktəbdən qovsun. Ancaq olmadı, mən elə zəif biri deyildim ki, ilk etirazda qaçam, öz arzularımdan əl çəkəm. Bu ilk hərəkətimlə şagirdlərin qəlbini qazana bilmişdim. Bu da ilk gün üçün çox böyük uğurdu. Bundan sonra heç kimə fikir vermədən dərslərimlə məşğul olurdum. Dərsdən sonra isə mütaliə və gəzintilər. Bura gələrkən özümlə kitablarımdan da gəirmişdim. Ancaq bir müddət sonra yeni kitablara ehtiyac yarandı. Bu zaman təbii ki, kənd kitabxanası düşdü yadıma. Təxminən bir aya yaxın oranı işlədən adamı axtarmalı oldum. Kitabxananın qapısında yekə, paslı bir kilid vardı. Hiss olunurdu ki, illərdir bura açılmır. Sonra məlum oldu ki, kitabxanaçı həm də çobanlıqla məşğul olur. Yayda yaylağa, qışda qışlağa gedən bu cənab kitabxanın açarını da özü ilə gəzdirir. Rayon mərkəzinə bir neçə dəfə gedib, gələndən sonra nəhayət ki, kitabxananın idarəsini mənə verdilər. Içəridə bütün kitablar olmasa da, xeyli kitab vardı. Bir neçə gün də buranı təmizləməyə sərf etməli oldum. Indi Danabaş kəndinin kitabxanası istifadəyə hazırdı. Bircə qalırdı oxucu tapmaq. Yaxşı bilirdim, bu oxucular böyüklərdən olmayacaqdı. Hər gün dərsə gedəndə əlimdə bir kitab aparır uşaqlara göstərir, bəzən boşluq olanda yanlarında oxuyurdum. Ancaq qısa zaman sonra mənim bu davranışımı sözə qoydular. Güya Səlimov dərs keçmək yerinə, dərsdə kitab oxuyur. Həqiqəti mən bilirdim, Allah da görürdü... onun üçün insanların nə dediklərinin önəmi yox idi. Hətta yuxarı sinif şagirdlərindən belə yazmağı, oxumağı bacarmayanlar vardı. Ən təəssüf etdiyim də, nə qədər çalışdımsa, bacarmadım- o şagirdlərə yazmağı, oxumağı öyrədə bilmədim. Hər dəfə onlara ürək ağrısı ilə baxırdım, çünki onlar bu kəndin gələcək keçmişləri idi. Ancaq onu deyim ki, savadlı şagirdlərim də, vardı. Artıq kitaba maraq yavaş- yavaş yaranırdı. Ədəbiyyat dərslərində oxuduğum müəlliflərdən, hekayələrdən danışır, mən danışdıqca da uşaqların necə həvəslə dinlədiyini görüb sevinirdim. Indi dərsdən sonra da bir neçə şagird yanıma gəlir, tapşırıqlarını edərkən yardım istəyirdilər. Dərslər hazırlandıqdan sonra isə, açıq havada kitab oxuyur, təbiəti seyr edirdik. Burada sevgi də varmış, sadəcə kitablardan qorxudları kimi sevgidən də qorxurdular. Onu deyim ki, kənd əhli çox əxlaqlı insanlardı. Namus üstündə ölüb, öldürəcək qədər əxlaqdlı... oğlanlar uşaqlıqdan şərəfli, qızlar isə namuslu olmağı öyrənirdi. Sadəcə sevgi günahdı, bir yasaq meyvədi... nə bilim, bəlkə də haqlı idilər. Insana bu qədər acı verən bir duyqunu yaşasaq nə olar... yaşamasaq. Ancaq yenə də bizim işimiz sevgini, gözəlliyi insanlara çatdırmaqdı. Ən çox Mopasanı sevdik burada. Onun sadə insanların hekayələrini... əslində burada yazılacaq o qədər hekayə vardı ki, özü də tənqidi yox, həyat dolu hekayələr. Şagirdlərim yavaş- yavaş kitabları sevir, birlikdə saatlarca oxuyurduq. Mən də çox şey öyrənirdim, çox hekayələrlə tanış oldum. Boş vaxtlarımda kəndi dolaşır, yaşlı insanlarla söhbət edirdim. Kitabı sevməsə də, məni sevdi buranın insanları. Danabaşov isə əlindən gələn qədər məni bitirməyə çalışırdı. Haqqımda çıxarmadığı söz- söhbət qalmamışdı. Ancaq təslim olmaq olmazdı. Indi illər sonra geriyə baxıram da, özümlə qürur duyuram. Nə yaxşı ki, təslim olmadım, savaşdım. Yoxsa bir ömür boşuna keçmiş olacaqdı...
   Çox qəribə hadisələr gəlirdi başıma. Çoxu yadımdan çıxsa da, bəziləri ağlımda qalıb. Bir gün beşinci sinifdə imtahan keçirirdim. Sinifdə on nəfər şagird vardı. Ancaq mənim uşaqlara verdiyim ilk sual...” beşinci sinifdə 25 şagird oxuyur...”- deyə başlayırdı. Dərsdən sonra Danabaşov üstümə hücum çəkdi ki, bəs, sən səhv etmisən. O sinifdə on şagird var. Nə qədər etdimsə, onu başa sala bilmədim. O gün əsəbimdən az qalsın, öləcəkdim. Günlərcə özümə gələ bilmədim. Axı bu necə ola bilərdi, belə savadsız bir insan necə bir təhsil ocağında rəhbər
vəsifədə işləyərdi.... həmin gecə yuxuma rəhmətlik Mirzə girdi və bir cümlə ilə məni özümə gətirdi...” bura Danabaş kəndidi, oğul. Burada hər şey ola bilər”
   Dediyim kimi indi aradan xeyli vaxt keçir. Bu yaxınlarda bir tədbirdə iştirak edirdim. Tədbir hansısa elm sahəsi üzrə idi. Böyük konfrans zalında bir dənə də boş yer qalmamışdı. Hər kəs maraqla tədbirin başlamasını, daha doğrusu professor M. Sultanovun mühazirə oxumasını gözləyirdi. Bu alimə tv- lərdə çox rastlasam da hələ yaxından görməmişdim. Onun üçün də məni də qəribə bir həyacan bürümüşdü. Bu formada yarım saatdan çox gözlədik. Və o gözlənilən an gəldi, tədbir başlandı. Başlanması ilə bitməsi o qədər tez baş verdi ki... onu deyim, səhv başa düşməyin. Vaxt baxımından demirəm. Tədbir o qədər maraqlı oldu ki, vaxtın necə keçdiyini anlamadıq. Mən ilk sırada əyləşmişdim. Heç təsəvvür eləməzdim ki, Sultanov mənə yaxınlaşsın. Ancaq ağlımıza gəlməyənlər başımıza gəlir bu həyatda. Gəlib düz qarşımda dayandı və əlini mənə uzatdı. Bu zaman gözlərinin dolduğunu hiss etdim. Axı nə olmuşdu, bu cavan oğlan niyə kövrəlirdi. Birdən qulağıma incə bir uşaq səsi gəldi- Tahir Müəllim.. o an tanıdım Muradı. Danabaş kəndindən ali çıxan ilk elm adamını, o zamanların balaca, arıq Muradını. Çıxışda bir çay evində əyləşib xeyli dərdləşdik. Mənə kənd, insanlar haqqında geniş məlumat verdi. Məni ən çox sevindirən isə məktəbə artıq Mirzə Cəlilin adının verilməsi idi. Muradla söhbətimdən sonra orada baş verənləri qələmə almaq istədim. Ancaq nə yazıq ki, çox az hadisə yadımda qaldığından böyük bir roman olacaq hadisələri, kiçik bir hekayədə gizlətməli oldum. Muradın dediyinə görə mən oradan çıxan il məktəbə düz beş nəfər müəllim gəlir və onbirinci siniflərin hər biri ali məktəbə qəbul olur ( Mən orada düz on il qalmışdım). Bu hadisədən sonra Danabaşov yavaş- yavaş ağlını itirir və gecələrin birində kənddən meşəyə doğru getdiyini görürlər, ancaq nə qədər axtarılsa da ondan heç bir iz tapılmır. Sadəcə on beş şagird qəbul olmamışdı, o il ali məktəbə, həm də on beş ailə elmlə, kitabla tanış olmuşdu. Beləliklə bir əsrdən artıq davam edən “ Danabaş kəndi” əfasəni bitir. Oxuyub geri dönən də olur, şəhərdə təhsilini davam etdirən də.. ancaq ağız birliyi ilə kəndin adını dəyişdirirlər. Indi kəndin adı “ Ümid” kəndi, məktəbin adı isə “ Mirzə Cəlil adına Ümid kənd tam orta məktəbidir”. Muradla söhbət edərkən o kövrəlir, mən isə əməlli- başlı ağlayırdım. Sən demə orada keçirdiyim illər boşuna keçməyib. Muradın növbəti mühazirəsinin adı da “ Ümid” oldu. Bunu birlikdə düşündük. Deməli Sultanovla rayonbarayon gəzib gənc müəllimlərə mühazirələr oxuyacaqdıq. Daha doğrusu o, oxuyacaq, mən isə yaşadıqlarımdan danışacaqdım. Beləliklə yüzlərcə kənd məktəbinə, kənddə yaşayan uşağa ümid işığı olacaqdıq.
Sonda Murad haqqında bir- iki cümlə də deyim. Bunu onun yanında da deyə bilərdim, ancaq birdən ürəyinə toxunar deyə, demədim. Murad elə Danabaşovun öz oğludu. Muradın oxumaq yolunda apardığı mübarizəni demirəm, çünki inanıram ki, təsəvvür edəcək qədər ağıllısınız. Hə bir də çalışın insanları tənqid etməkdən çəkinin. Gücünüz yetsə sadəcə bir ümid işığı da siz yandırın ki, illər sonra geriyə baxanda, yaşamışam deyə biləsiniz....
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)