Edebiyyat.az » Poeziya » Əziz Yaqubzadənin yeni şeirləri

Əziz Yaqubzadənin yeni şeirləri

Əziz Yaqubzadənin yeni şeirləri
Poeziya
nemət
Müəllif:
22:45, 15 dekabr 2019
2 471
0
Əziz Yaqubzadənin yeni şeirləri






Yol

 

 

Gəlməyini biləndən

Əcəb evdarlaşmışam.

Sənə öz əllərimlə

Bugün süfrə açmışam.

 

Kaş bir bilsən bu anı

Nə qədər gözləmişəm.

Gəlsən üşümə deyə

Çayı da dəmləmişəm.

 

Mən də bu havalarda

Darıxıram bilirsən.

Hansı səmtə boylanım,

Ha tərəfdən gəlirsən?

 

Görən nə geyinmisən?

Saçını yığmısanmı?

Sənə aldığım şarfı

Boynuna taxmısanmı?

 

İndi yolda başını

Görən nəylə qatırsan?

Sən də qovuşmaq üçün

Dəqiqələri sayırsan?

 

Kitabını oxuyub

Yuxuya gedirsənmi?

Tez çatmaq üçün sən də

Dualar edirsənmi?

 

Yollaramı baxırsan,

Mənə yol gələ-gələ?

Sən gəldiyin yolların

Başına dönüm elə...

 

 

 

 

Bilmirdin ki?

 

 

Bilmirdin ki, tərk edilən, qəlbini

Hər kəsə, hər şeyə bağlayır axı.

Gündüzlər gizlincə, səssiz-səmirsiz,

Gecə hönkür-hönkür ağlayır axı.

 

İndi səndən ürəyimə dərd damır,

Məgər eşitmirsən, ordan sədamı?

Belə tez unutmur adam adamı,

Ağlının küncündə saxlayır axı.

 

Kaş elə unutmağa çataçatda

Məni qurtarardın bu batabatdan.

Qatillər də öz qurbanını hətta

Ölübmü-qalıbmı yoxlayır axı...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Film kimi şeir...

 

 

Mən bu filmi izləmişəm bir dəfə,

Bilirəm də sonu necə qurtarır.

"Siz"dən "sən"ə dönən xitablı söhbət

Axşamlar başlayır, gecə qurtarır.

 

İlahi, necə də xoşbəxt olursan,

Həmin gecələrin hüzurunda sən.

Daha öncə sevib, əzizlədiyin

Hər kəsi bir ona qurban edirsən.

 

Qollarını vətən sanıb, hər görüş

Vətəninə qovuşmağa gedirsən.

Bircə dəfə saçlarını oxşasa

Həmin tellərə sitayiş edirsən.

 

Sonra da yox yerə, səbəbsiz yerə

Araya soyuqluq adlı sədd düşür.

Həmin o mesajlar, həmin görüşlər,

Damcı-damcı axıb, 

gözündən düşür.

 

Ay gözümün nuru, başqa film tap,

Nə qədər ki, tezdir, axşam olmayıb.

Mən bu filmi izləmişəm bir dəfə,

Bir də izləməyə gücüm qalmayıb..

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)