Edebiyyat.az » Poeziya » Əli Şirin Şükürlü - Ədəbi suprematizm: Tüklü adam

Əli Şirin Şükürlü - Ədəbi suprematizm: Tüklü adam

Əli Şirin Şükürlü - Ədəbi suprematizm: Tüklü adam
Poeziya
Necef Esgerzade
Müəllif:
13:03, 19 aprel 2019
939
0


Tüklü adam Gözləri təəccübdən böyüyür.
Az qala güzgünü vurub
sındıracaq indicə.
Hələ nə baş verdiyini tam
anlaya bilmir 
yuxu ilə gerçəkliyin
sərhəddində ... 

Deməli, 
hadisə belə başlayır: 
bir neçə gün öncə oxuyur ki, 
bir nəhəng canlı tutublar, 
adama oxşayır, daha doğrusu, 
qar adama – bədəni tamam tüklə örtülü. 
Qəfəsdə şəklini də veriblər gözlərində qəribə ifadə: təlaş heyrət qarışıq. 

Ötən gecə isə 
yuxuda görür ki, 
üzünü tük basıb. Qırxır. 
Qırxıb qurtaran kimi, 
yenidən üzünə tük gəlir. 
Sonra bütün bədəni tüklə örtülür 
və getdikcə tük çoxalır. 

Birdən 
hardansa bir dəstə adam 
peyda olub onu qovur. 
Qovaqovda 
adamlar gah tüklü, gah tüksüz görünür. 
Qaçmaq da müşkülə dönüb 
bir yandan, 
o da elə hey çığırır: 
mən də sizdənəm, mən də sizdənəm. 

Hövlnək yuxudan oyanır: 
yuxuda hər şey mümkündü, 
təkcə qaçmaqdan başqa – düşünür. 

Ani xatırlasa da, 
tez də unudur yuxuda gördüklərini. 

Yenidən yuxu aparır onu. 
Bu dəfə görür ki. 
funksiyaya oxşayır: F(t). t – zamandı, sürətlə dəyişir. 
Dəyişdikcə, 
F(t) müxtəlif hallara düşür: 
əvvəl 
körpə, cavan, qoca – yox olur,
sonra tərsinə,
qoca, cavan, körpə - yenə 
yox olur. 

Yoxluğunu da görür yuxuda, 
yəni yoxluğunun varlığın – qeyri-
müəyyən şəkildə: 
qara lövhədə ağ rəngli nöqtəyə 
(ölçüsüz) bənzəyir hardasa. 
Rəngini tez-tez dəyişir lövhə: 
gah böyüyür ağ nöqtə 
(ölçüsü var indi), 
gah da itir – ağ ağa qarışır - 
lövhə ağarınca. 

Sonra 
yenidən “tüklü adam” səhnəsi. 
Sonrasa qarışır mənzərələr, 
cürbəcür vəziyyətlər alır funksiya. 

Və oyanır yuxudan. 

Bax, əslində, 
hadisə belə baş vermişdi 
bu gün səhərki olaya qədər. 

İndi isə dayanıb güzgünün qarşısında, 
üzünü qırxır tələsik təlaş içində.                            

 ... – 16.04.2012.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)