Edebiyyat.az » Poeziya » Nemət Mətin - Mahir Mehdinin “Bir eşq redaktəsi” kitabı haqqında...

Nemət Mətin - Mahir Mehdinin “Bir eşq redaktəsi” kitabı haqqında...

Nemət Mətin - Mahir Mehdinin “Bir eşq redaktəsi” kitabı haqqında...
Poeziya
admin
Müəllif:
21:56, 12 sentyabr 2021
449
0
Nemət Mətin - Mahir Mehdinin “Bir eşq redaktəsi” kitabı haqqında...

                  


 

 

Satıla biletlər

bütün günlərə,

dolasan, özünə

yerin qalmaya...

 

 Mahir Mehdinin kitabını oxuyuram. Nə ön söz var, nə pafoslu başlıq yazısı, nə də hansısa professorun rəyi. Sadə, başdan-başa şeir olan bir kitab. Mahir Mehdinin şeirlərindən hissə-hissə yazmaq istəyirəm, amma adamın allahı var, hər bəndin öz çəkisi, hər misranın öz mənası var. Ona görə müəllifin bu kitabını mütləq oxumaq lazımdır. Bir-iki şeirlə tanımaq çətin olar.

 

Əsas girişi bağlayıb,

söhbəti

açdım yandan.

Günü dartıb uzadaraq,

çölə çıxdım

zamandan

 

  Nəsimidən, Nizamidən, Füzulidən təsirlənərək yazanlardan fərqli olaraq Mahir Mehdi özünə çəkilir şeirlərində. Qucaq açmır kainata, əksinə içinə çəkilir. Özünə qayıdır. Vulkan püskürmür, lavanı özünə dartır. Yanır, alışır. Tərif, tanımadığımız yer adları, pafos yoxdur deyə rahat və axıcı şeirləri sadəcə diqqətlə oxuyub düşünmək zövq verir insana...

 

Ölçüdən

böyük sev bir az,

həmişə ol əynimə...

 

 Mahir Mehdi türmədən çıxandan sonra ondan soruşurlar ki, saat neçədə azadlığa çıxdın? Şair özünəməxsus qəribəliklə cavab verir:

 

“Saat 11-də. Vaxtı çatanların qəribə arzuları olur; biri çıxan kimi özünü yaxınlıqdakı kafeyə verib qutab yeməyi, biri xaş yeməyi, biri kabab yeməyi arzulayır. Mən gəlib çox sevdiyim “Moy laskoviy i nejnıy zver” filmindəki məşhur musiqiyə qulaq asdım...”

 Türmədə çoxlu nəsr əsəri oxuyan Mahir Mehdi demək olar ki, şeir oxumurdu. Dediyinə görə oxumaq istədiyi şeirləri yazırdı. Şairin şeirlərini müəllifi tanımadan oxusan yazılışından, işlənməsindən, üslubundan kimə məxsus olduğunu duyarsan.

 

İçib ayılarsan

sərxoşluğunu,

sərxoşluq özü də 

səndən ayılar.

 

 Antik mifologiyada peripetiya sözü qəflətən uğursuzluq yaşamaq mənasına gəlir. Tanrıların özündən razı qəhrəmanları cəzalandırma üsulu da deyirlər. Dramaturgiyada isə süjetin inkişafında gözlənilməz dönüşü ifadə edən və süjeti çətinləşdirən bir texnika kimi başa düşülür. Aristotel “Poetika” əsərində peripetiyanı  hadisənin əksinə dönməsi mənasında işlədir. Bu baxımdan Mahir Mehdinin şeirləri sanki sondan başlanğıca addımlayır. 

 

...O qədər iç-içəyik ki

cütdü bizim

təkimiz

Çəkdirdiyimiz fotoda

bir düşürük

ikimiz…

 

 Şair şeirlərinin çoxunda sanki böyük bir pazzlı yığdıqdan sonra dağıdır və ən lazımlı hissəsini göstərir. 

 

Başımı işlədib 

bitirdim tamam,

özgə ayaqlarda

yetişdim bura.

Öldüm əvvəlini

hamıdan qabaq,

sonranı yaşadım

hamıdan sonra.

 

 Əsl sənət odur ki, onu tam çözə bilməyəsən. Mahir Mehdinin şeirlərini tam çözmək olmur. Hər kəs bir cür məna verəcək şeirə. Rembrandtın rəsmləri yadıma düşdü. “Burada rəssam nə demək istəyib” soruşanda çaşıb qalırsan…

 

Qalmışdın aralıqda,

yer tapmırdın

enməyə.

Gördüm yaratdım səni

başladın görünməyə.

 

 Mahir Mehdinin poeziyası unikaldır. Təkrar deyil. Azərbaycan müasir poeziyasının nümayəndəsi kimi şairi dünyaya çıxarmalıyıq. Çünki onun şeirləri dünya üçün yazılıb. Belə şairlərin qədrini çox gec bilirik. 



 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)