Edebiyyat.az » Ədəbi tənqid » Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...

Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...

Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...
Ədəbi tənqid
admin
Müəllif:
16:45, 28 dekabr 2021
463
0
Xəyalə Quliyeva - Qıcıqlı insanların əhatəsində...



 İctimai nəqliyyatda gülməyən üzlərlə hər gün hamı qarşılaşır. Elə o hamının içində də kifayət qədər gülməyən üz var. Gülmək deyərkən, təbii ki, boş-boşuna, yolun ortasında dayanıb, öz-özünə gülməkdən söhbət getmir. Amma, adi təbəssüm də azalıb axı. Hamı fikirlidir, hamı dərdlidir... hamının problemləri var, hamı qıcıqlıdır, hirslidir...  Avtobusda qabaqdan minənləri ortaya keçirtmək sərgüzəştinin yəqin ki, çoxunuz şahidi olmusunuz. Ortada və arxada yer ola-ola dayandığı yerdən bir addım belə tərpənməyən insanların, üstəlik də qaşları çatılmış vəziyyəti ilə ətrafa neqativ yayması artıq adi bir haldır. Onsuz 21-ci əsrin bəlalarından biri də stress və depressiyadır. Hamı ahu-zar içindədir. Dərd-dərd üstünə qalanıb sanki... Söz yox, bu boyda pandemiyanı yaşamış və hələ də yaşamaqda olan bəşəriyyət, istər iqtisadi baxımdan çətinlik yaşadı, istər sağlamlıq baxımından ağır vəziyyətə düşdü, istərsə də bütün bunların sintezi kimi stressli bir  yeni həyata qədəm qoydu. “Necə edim, bir tikə çörək qazanım?”- dərdi insanları o qədər məşğul edib ki, yolda gedərkən, nə ətrafa baxır, nə ağaclara nəzər yetirir, nə də digər insanları görür... Evdə uşağı çörək gözləyən bir ata, ağaca və yarpağa, yan skamyada əyləşən yaşlı insana, metroda  qapıya söykənmiş insana rəhimli baxışla baxa bilərmi? Əlbətdə baxa bilər, əgər insani hisslərini itirməyibsə, əgər qəlbi hələ də ali dəyərlərlə döyünürsə, baxa da bilər, hələ üstəlik onlar üçün qəlbində dua da edə bilər. Baxmayaraq ki, özünün də bu saat çox ehtiyaclı bir dönəmidir...
Nə olsun ki, bəzi çətinlikləri var, amma metroda anasının qucağında üzbəüz əyləşən körpəni baxışları ilə güldürə  də bilər... 
 Həyat  o qədər də qara rəngdə deyil axı, çətinliklər var, həm maddi, həm mənəvi, həm də cismani. Amma həmişə çətinlik də olub, xəstəlik də olub. Amma heç vaxt insanlar bu qədər stressli olmayıblar. Qədim dövrlərdən ta bu yana bəşəriyyət nə qədər çətin gün yaşayıb, dara düşüb, amma insani hisslərini indiki kimi itirməyib, yadırğamayıb... Bəlkə də bütünlükdə bəşəriyyətə şamil etmək düzgün deyil, bəlkı də Norveçində, İsveçində insanlar daha firavandırlar, üzləri də gülür, hələ üstəlik yolda bir uşaq görəndə onu əzizləyib, dindirirlər... Amma çox əfsuslar olsun ki, özümüz haqqında bunu deyə bilməyəcəyəm. İnsanlar qıcıqlıdır, əsəbidir. Problemlərimizi, dərdlərimizi öz aramızda çox yaxşı bilirik və bir az da yaxşı bilirik ki, bunlar hardan qaynaqlanır, niyə baş verir, necə yaranır... Dərdliyəm-çünki, xəstəyəm, dərdliyəm-çünki, pulum yoxdur, dərdliyəm-çünki evim yoxdur, dərdliyəm çünki, övladım olmur, dərdliyəm-çünki övladım sözümə qulaq asmır və sairə və ilaxır... dartdıqca-dartılır, uzandıqca-uzanır bu siyahı... Bunların çoxu da çətin həzm olunan dərdlərdir, insanı yaralayan dərdlərdir, insanın könlünü incidən dərdlərdir. Amma, bu dərdlər, heç kəsə ictimai nəqliyyatda bu qədər aqressiv olmağa, avtobusda bir az ortaya keçməməyə haqq qazandırmır! 
 Nəzakət qaydaları cəmiyyətin rifahını yaxşılaşdıran vasitələrdən biridir, ictimayyətdə nəzakət qaydalarının mövcud olması və onlara riayət edilməsi, həmin topluluqların mənəvi xoşbəxtliklərindən biridir. 
  Qıcıqlı insanların , ətrafa zəhər yaydıqları kimi, pozitiv insanlar da ətrafa xoşbəxtlik toxumları səpirlər. Yazını oxuyub, hələ də, mənim min dənə dərdim var, mən niyə pozitiv olmalıyam deyirsəniz, inandırım sizi ki, sizin min yox min bir dərdiniz var, min birincisi neqativ enerji mənbəyi olmağınızdır. Bu da dərtdir, üstəlik çox ciddi bir dərd. Çünki, həmin dərd gəzib-dolaşıb, mütləq öz sahibinə qayıdacaq. Təbiət bizim  ona hasil etdiyimizi özündə heç vaxt saxlamır və özümüzə qaytarır... Ətrafa hansı enerjini ötürürüksə, o da qayıdıb, qəlbimizdə əyləşir.
     Qəlblərimizi pozitivlə dolduraq ki, neqativə nə yer olsun, nə də vaxt!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)