Edebiyyat.az » Ədəbi tənqid » AMİNlə başlayan duamın yazısı

AMİNlə başlayan duamın yazısı

AMİNlə başlayan duamın yazısı
Ədəbi tənqid
admin
Müəllif:
19:08, 08 dekabr 2021
350
1
Aygün Yaşar - AMİNlə başlayan duamın yazısı




 Ədəbi mühit də həyatın bir guşəsidir. Dəyişimləri, gəlişi-gedişi var bu aləmin də. Bir az da söz kürsüsüdür ədəbiyyat aləmi. Ürəyində sözü olanlar, Qələmə gücü çatanlar özlərində cəsarət tapıb sözlərini başqalarına da eşitdirmək istərlər. Ya da bu sonrakı mərhələ olur. 
Müasir Azərbaycan ədəbiyyatı yenə öz ritmi ilə gələnləri qarşılayır, gedənləri yola salır. Haqqı çatmayanları zamanın ələyindən keçirib unutdurur, haqqı çatanları Haqqa çatandan sonra da fani dünyada belə əbədiyaşar edir əlahəzrət SÖZ. Bu yazımızda ədəbi cameədə maraqlı hekayələri ilə diqqət çəkməyi bacarmış Sumqayıt ünvanlı, Göyçə - Qaraqoyunlu kökənli gənc yazar Amin Namazlının barəsində fikirlərimi bölüşmək istədim. 
İnsanı getdiyi yerdə görünüşünə görə qarşılayıb, sözünə görə qiymət verərlər. 17 yaşlı gənc istedadımızı da məhz sözünə görə tanıdım. Onun sözü hekayələridir. 14-15 yaşlarından hekayələri, müxtəlif yazıları ilə mətbuatda çap olunmağa başladığını biləndə yazdıqları ilə tanış olmaq istəyi yarandı məndə. Axı bu az yaşda nə dərəcədə maraqlı bir mətn yaratmaq olar ki, "525- ci qəzet"də, "Ulduz"da, "Ədəbiyyat" kimi yüksək bədii-ədəbi tələbkarlığı olan qəzet və jurnallarda, "Kulis"də, "Edebiyyat. az" da yayımlansın bir imza? Amini oxuyunca həqiqətən də, ədəbiyyatımıza bir istedad gəldiyinə əmin oldum və çox məmnun oldum. "İnsan ağacı", "Dibçəkdəki adamlar", "Ömür işığı" adlı hekayələrini, digər qəzet yazıları və tərcümələrini oxudum. 
"İnsan ağacı".
 Hekayəni əfsanələrimizin ( Aylar keçir,körpə böyüyür. Böyüyüb ağzı üstünə çevrilən zaman tanrı bu şəhəri ağacı köklü-köməcli çıxaran kimi yerindən qoparıb tərsinə çevirir.), rəvayət, nağıl ( Nə yaxınlığımda çıraq var idi ki, sürtəm cin çıxa, nə xalça nə də ağ-qara qoç var idi ki, tərkində oturub çıxıb gedəm.), dastanlarımızın (Qarğalar uçmağında, yas verməklərində dursun, sizə kimdən xəbər verim, özümdən) özətinə bənzətdim. Fantastik müstəvidə şəkildən-şəklə düşən qəhrəman gah kiçilib qərənfil saplağının içində gəzir, gah səhraların üzərindən süzür, gah dənizlərdən keçir. "Dəvə kimi incəlib iynənin deşiyindən keçmədim, amma kiçilib qırılmış qərənfil gövdəsindən içəri girdim. Hüceyrələrlə salamlaşdım, liflərlə dostlaşdım, arabir ayağım şirəyə yapışdı, axır gəlib bir dəhlizə çıxdım."
Amin hekayə içində sanki bir neçə əfsanə danışır, hər cümlədə maraqlı aləmlərə aparır oxucunu. 
"Dibçəkdəki adamlar" hekayəsi də əfsanə, rəvayət bulağından gəlib Aminin qələminə. Ona görə də doğmadır, səmimidir, maraqlıdır. 
Gicitkən, gülxətmi, lalaxaş bitkilərinin adlarına hərəsinə bir "dastan" bağlayan gənc yazarın ifadə bacarığı oxucunu hekayənin sonuna qədər özünə bağlaya bilir. Az yaşda müasir dövrün yetirməsi olaraq yaşıdlarının, bəlkə də, eşitmədikləri kəlmələrdən yazılarında istifadəsi Aminin ən gözəl özəlliyidir.
" Axşamın sazağı məni qulaqlayıb evimizin həndəvərinə kimi gətirdi..
...duzu ocağın üstünə əldənləyib kəm gözlərə üfürməsinlər...
Kəndin oğlanları yollara pələsəng olub...
Qapılarında ərasət millət olurmuş...
İrəli zamanda...
Həmin gün anam dəmir maşanı əlinə alıb kənd aşağı məni teyim-teyim teyləmişdi.
...  Necə deyərlər çıtmıqları göyə çıxır... 
 "Ömrün işığı" hekayəsini oxuduqda düşünmüşdüm ki, ən maraqlı əsərləri elə uşaqlar yaza bilərdilər. Uşaq təxəyyülü daha əsrarəngiz və fərqli olur. Cansız varlıqların da dili, şüuru, səsi, sözü olduğuna inanırlar axı azyaşlı balalar. Elə buna görə də böyüklər onlara məsum, saf varlıqlar  kimi baxırlar. Guya uşaqlardan daha çox bilirlər böyüklər dünya haqqında. Bəlkə də, elə uşaqların dünyası və düşüncəsi həqiqətə daha uyğundur?! Bəlkə onlar daha çox bilirlər, tanıyırlar dünyanı. Qeybdən yenicə dünyaya gəlmiş uşaq Ruhlar böyüdükcə, böyüklərin adiləşmiş, rəngsiz, məsumluğunu və saflığını itirmiş dünyasında yaşadıqları hər ötən gündə Yer adamına çevrilirlər, təxəyyül imkanları məhdudlaşır. Uşaqların yazıçılıq bacarıqları olsaydı, xəyallarındakı aləmləri sözə çevirə bilsəydilər, ən gözəl fantastik əsərləri məhz onlar yazardılar. 
Aminin hekayələrindəki əfsanə enerjisi, fantastik olaylar əslində oxuduğu şifahi xalq ədəbiyyatı nümunələri, ətrafındakı sinəsi söz dolu nənəli-babalı ailə mühiti ilə bərabər, həm də ruhən hələ də uşaq saflığının imkan verdiyi təxəyyülü ilə bağlıdır. Amma Aminin hekayələrindəki qəhrəmanların özlərinə kənardan baxmaq qabiliyyəti, yeri gələndə sarkazmla kinayə ilə  dərddən, acıdan da söz aça bilməsi onu artıq sadəcə yaşı az,  dünya görüşü və düşüncələri isə böyük olduğunun sübutudur. 

 Amin ədəbi mühitə yeni qədəm qoysa da, çoxlarının uzun illər ərzində qazana bilmədikləri diqqəti və rəğbəti qazana bildi. Gündəmdə olmayan, az qala unudulmuş böyük nasirlərimizlə görüşləri sanki iki nəslin arasında körpüyə çevirdi Amini. Yaşlı nəslin qarşısına ədəb-ərkanı, zəngin mütaliəsi, ağıllı sözü-söhbəti ilə çıxan gənc nəslin ən gözəl nümunəsi olaraq yaşlı ədəbiyyatsevərlərin gələcəyə ümidi və ürək dolusu fəxri oldu Amin. Elm yolunda "əlinə əsa alıb", "dəmir çarığını geyinib", "xurcununa" Azərbaycan, Türk ədəbiyyatını, mədəniyyətini, tarixini götürüb doğulduğu, böyüdüyü şəhərdən çıxıb daha çox bilgilər qazanmaq üçün səfərə çıxıb. Elm dalınca Çinə olmasa da, Isparta elinə gedib. Qardaş Türkiyəmizə əmanət verdiyimiz Amin elm yolunda "dəmir çarığının altı yeyilənə" qədər Türk dünyasının bilgəsi, aydını olacağına əminəm. Onun missiyası da yəqin belə yazılıb taleyinə Yaradan tərəfdən. Biz də Aminin yola çıxdığı bu qutlu səfərdə arxasınca xoş dualarla iki ovuc nur səpib "Uğur olsun, Amin!" deyirik!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)