Edebiyyat.az » Ədəbi tənqid » Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək

Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək

Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək
Ədəbi tənqid
admin
Müəllif:
18:27, 20 noyabr 2021
255
1
Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək





 Bəzən qələm sahibləri haqqında yazı yazarkən qəribə bir təzadla qarşılaşırsan: Elə an olur ki, barəsində bir neçə məqalə oxuduğun, bir-iki əsərini vərəqlədiyin yazıçı, yaxud şairlə bağlı səhifələrlə yazmaq gücünü özündə tapırsan, ancaq ömrünü və yaradcılığını nisbətən geniş araşdırdığın sənətkar haqqında isə bir sətir yazarkən belə qəribə bir çətinlik çəkirsən. Bəlkədə birinciyə səbəb, müəllif və yaxud əsərlərlə bağlı hansısa bir qeyrirasional bağlılıqdır ki, az məlumatlı olsanda o haqda yazmağa cəsarət edirsən. İkinciyə səbəb isə yəqin ki, əhatəli məlumatın beyni, düşüncələri qarışdıra bilməsidir. Bu dəfə bəhs etmək istədiyim müəllif – Ömər Xəyyamla bağlı yazımda ikinci vəziyyətlə qarşılaşan kimi oldum. Şairin həyatı barədə mənbələrdə müfəssəl məlumatlar olmasada, onun əsərlərinin tərcüməsini, haqqında yazılan bir çox yazıları oxumuşam. Ancaq yazmağa qərar verdikdə, sanki sözlər xəlvətə çəkilir. Nədənsə rübailəri daha çox rus dilində populyarlıq qazanan, misraları aforizm kimi paylaşılan şairin, dilimizə tərcümə olunan əsərləri, yazılarıda çox azdır. Xəyyam (yaxud da Xəyyami) təxəllüsü ilə dünya ədəbiyyatında nüfuz qazanan rübai ustadı Ömər, 1048-cı ildə Xorasan əyalətinin Nişapur mahalında dünyaya gəlib. Xəyyam təxəllüsü atasının sənətindən (çadırçı) alınmışdır.O gənc yaşlarından poeziyaya maraq göstərmiş, dərin anlamlı rübailər (dördlük, dörd misradan ibarət mənzum əsər) yazmışdır. Bu rübailər Xəyyam yaradıcılığnda az yer tutsada, məzmunca önəmli fəlsəfi fikirlər ifadə etmiş və zamanla Ona şöhrət qazandırmışdır. Düşüncələri valeh edən bu rübailər, həyatın bir sıra vacib məqamlarını özlərində ehtiva edirlər. Sadəcə yazıldığı zamanda deyil, bütün dövrlərdə əhəmiyyətli ola biləcək bu nəzm nümunələri, təkrarsız bir füsunkarlığa sahibdirlər. Bir sıra həyati məsələlərə özünəməxsus şəkildə toxunan Xəyyam, bəzən yaşamın bizə diktə etməyə çalışdığı bir sıra şablonları subyektiv bir şəkildə sorğulamağa başlayır.

Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.

[1] Rübailəri oxuduqca, bu dərinliyə endikcə, anlayırsan ki, motivlər və obrazlar təsadüfi seçilməyib və olaylara yanaşmalar da tək yönlü və dar bucaqdan deyil. Necə ki, Ömər qarşı tərəfə olan hisslərini, arzularını və sevgi ilə bağlı müraciətlərini səthi və rəngsiz formada etmir, əksinə onları öz təxəyyülündə canladıraraq məxsusi bir formaya salır. Könül, rast gəlməsən tikana, xara, Yetişə bilməzsən gül üzlü yara. Yüz parça olmasa darağın bağrı, Heç əli çatarmı ipək saçlara! Xəyyam şair olmaqla bərabər, həm də filosof idi. Elə bu səbəbdən öz dövründə cərəyan edən hadisələri, gizli qalan məsələləri kamil bir formada təhlil edir və öz əsərlərində bunları oxucu ilə bölüşürdü. Digər tərəfdən Ömər Xəyyam qələmə aldığı əsərlərin fəlsəfiliyinə, dərinliyinə və məzmununa xüsusi önəm verirdi. Şair anlayırdı ki, onun rübailərini hər yaşdan, hər zümrədən olan adam oxuya bilər və qələmə alınan mətn fəlsəfi

olduğu qədər də, anlaşılan olmalıdır. Qorxma bu cahanın hadisatından, Çəkir hadisələr dünyada bir an. Ömrü qənimət bil, keçmişdən qorxma! Çəkinmə gələcək gündən heç zaman. Ömər Xəyyam yaradıcılığına yaxından bələd olanlar yaxşı bilirki, şairin həyatla, dinlə, elmlə, eşqlə və asudə vaxtla bağlı spesifik bir yanaşması var. Bir tərəfdən ömrün çətinliklərini, problemlərlə mübarizəni ön plana çəkən ustad, digər tərəfdən də bəzən həyatın bu qarışıqlığından kənara çəkilib, istirahətə, eyş-işrətə, əyləncəyə zaman ayırmağın qaçılmaz olduğunu da israrla vurğulayır. Məsələn aşağıdakı rübaidə sənətkar meyə, şəraba tərif verir, onunla bağlı xoş sözlər işlədir. Bəzən bu digər rübailərlə təzadlı, uyğunsuz görünsə də, əslində ənənəvi bir tandem təşkil edir.

Qocaykən eşqinə bağladım əməl,
Yaşadıqca meydən götürmərəm əl.
Bu şərab satana edirəm heyrət,
O nə alacaqdır şərabdan gözəl?

Yuxarıda qeyd etdiyim kimi yaradıcılığı boyunca sadəcə rübailər yazmayan Xəyyam, məşhur “Cəlali təqvimi” ni ( Nücum cədvəlini) və “Siyasətnamə” əsərini də yaratmışdır. Əhatəli bir sənət arxivinə sahib olan Ömər Xəyyam 1131-ci ildə Nişapurda vəfat etmişdir. Onun əsərlərini oxuyanlara, tədqiq edənlərə isə ədəbi, mənəvi anlamda çox tövhələr vermişdir. 

İstinadlar: 1. https://www.britannica.com/biography/Omar-Khayyam-Persian-poetand-astronomer
2. Ömər Xəyyam – Rübailər. “Lider Nəşriyyatı” BAKI-2004
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)