Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - XALQ HAKİMİ – XALQ ADAMI

VAQİF OSMANOV - XALQ HAKİMİ – XALQ ADAMI

VAQİF  OSMANOV - XALQ  HAKİMİ – XALQ  ADAMI
Ədəbi tənqid
admin
Müəllif:
00:49, 15 noyabr 2021
164
0
VAQİF OSMANOV - XALQ HAKİMİ – XALQ ADAMI





Kənan Hacının “Hakimə açılan atəş” romanı üzərinə qeydlər
 
Müharibə nədir? Cəvahirləl Nehruya görə, müharibə humanizmin və həqiqətin inkarıdır. Bizə işıqlı sabahlar vəd edən, kommunizmə gedən yollarımızı işıqladan V.İ.Lenin “baba”mız isə “mərhəmət”lə və “humanizm”lə yazırdı ki, sülh müharibələr arasında fasilədir. Müharibə ac canavarlar kimi ağız-ağıza yatan siyasi güclərin, silah mafiyasının daha çox sərvət toplamaq istəyidir. Müharibə olmasa nə olardı? Şair Rafiq Əliyevin düşüncəsinə inansaq, quşlar  topların lüləsində yuva qurardı, dünyanı nəğmə ilə tutardılar atəşə. Böyük  Məmməd Arazın yazdığı kimi:

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar,

Bəşərin gülləsi - söz,

Sözü - məhəbbət olar -

Müharibə olmasa...

 

Son 30 ildə Azərbaycan xalqı və tarixi müxtəlif qanlı olaylara, ən başlıcası, xain və  nankor düşmənimizin şüurlu şəkildə nifrəti, yalanı insanlara aşılamasına şahidlik etmişdir. Əsrin üçdə birindən də az vaxtda xalqımızın qismətinə və taleyinə iki Vətən müharibəsi düşmüşdür. Hərçənd bəzi yazıçı-məmurlar birincini inkar etsələr də...

 

Müxtəlif  ədəbi obrazlar və xarakterlər yaratmaq bacarığını müəllifi olduğu 20-ə yaxın  kitabda sübut etmiş Kənan Hacının “Hakimə açılan atəş” romanı real faktlar əsasında qələmə alınıb. Əsərin qəhrəmanı Zərdab Rayon Məhkəməsinin sədri, iki cəbhənin müsəlləh əsgəri Məhərrəm Məmmədovdur. Yazıçı haqq-ədalət qoruyucusunun  mükəmməl obrazını yaratmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.

 

Romanda birinci Qarabağ müharibəsi dövründə antik ilahə Femidadan qalma ədalət tərəzisinin əyilməsinə bütün fəaliyyəti boyu imkan verməyən, həm də torpaqlarımızın müdafiəsinə maddi və mənəvi dəstək olan xalq hakiminin - xalq adamının  həyat yolu işıqlandırılır.

 

Əsər Azərbaycanın hərb və ədalət salnaməsinin qürurlu və yaddaqalan səhifələri kimi gözümüzün önündə Vətən tarixinin keşməkeşli, xaoslu günlərini canlandırır. Kənan Hacı birinci Qarabağ müharibəsinin xronikasını tarixi, ictimai-siyasi faktlarla bədiiləşdirmişdir.

 

Romanın ilk cümlələri qan-qadadan uzaq bir ovqata köklənmişdir:

 

“Söyüdlər sanki sulara tilov atmışdı. İnsan özünü ölümsüz-itimsiz, təbiətin həyatverici  bir sehrində hiss edir. Hər yerdən əmin-amanlıq “yağır”.

 

Hələlik topların gurultusundan, güllələrin tükürpədən ulartısından  xəbər-ətər yoxdu. Həyat gözəldir...

 

Bu əsəri təkcə mütaliə etmədim, həm də  bir insanın - Vətən oğlunun taleyinin dolanbac, mübarizə yollarını təsvir edən film kimi izlədim. Hətta təxəyyülümdə bir döyüş filminin ssenarisinin bəzi fraqmenlərini canlandırdım. Gözümün önündən kinokadrlar keçdi.

 

1-ci kadr: Qəhrəman doğma dədə-baba ocağında- Cəbrayıl rayonunun  Böyük Mərcanlı kəndində “evlərinə doğru addımlayır, həyətdən adlayıb sürahiyə söykənir və bir hovur toxtayır... Adam doqqazın ağzındakı yarmaça kötüyün üstünə çökür. Ağlından nələr keçir? Kim bilir”...

 

Kadrlar dəyişir.

 

2-ci kadr: “Yağı əlində qalmış oylaqların” ahı ilə “şahbaz atların kişnərtisi” bir-birinə qarışıb. Uzaqlardan bir ilahi səs qəhrəmanın qanını qaynadır. “Qarabağ şikəstəsi” onun qəlbini oynadır...

 

3-cü kadr: Boynu zəncirdə qalan Bozdar gəlir qəhrəmanın gözləri önünə. Ancaq özü eşidə biləcəyi səslə pıçıldayır: “Ac qalardı, yad adamın atdığı tikəyə yaxın durmazdı”. Hətta itlərimiz nəfsinə uduzan  düşmənlərimizdən qürurludur. Bozdar da zəncirini qırıb bir ilahi səsə balaca İsgəndərin Qarabağ harayına doğru qaçır.

 

“Səsiylə silahlanmış, bircə qarış boyu ilə yerə-göyə meydan oxuyan” balaca İsgəndərin səsi ilə düşmənə nifrəti həmahəng səslənir: “alacam qisasımı!”“Nifrətini canından səsiylə çıxarırdı; yoxsa ortadan iki bölünərdi, çatlayardı. Bir qarış sinədən ox kimi sıyrılan bu səs göy üzünü qana boyamışdı”...

 

Burada bir haşiyə çıxmadan  yazıma davam edə bilmədim. Abşeronda doğulub boya-başa çatan, yaşayan, özü kimi qələmi, təxəyyülü də püxtələşən Kənan Hacının təhkiyəsinin ana dilimizin zənginliyinə və şirinliyinə əlavə naxışlar vurması çox yazarlara örnək olmalıdır. Ana dilini mükəmməl bilməyən söz adamının uğur əldə etməsi mümkün deyil. O, düşündüklərini mükəmməl təqdim edə bilməz, onun yazılarından milli ruh qaçaq düşər. Kənan bəyin bir-neçə cümləsini nümunə kimi göstərirəm:

 

“Çinarlar müdrik qocalar kimi xəyala dalmışdı... Didik-didik olmuş boz duman sıra dağların böyür-başından hürküb çəkinmədən arsız-arsız bu xəyal heykəllərinin ətəyi boyu sürünməkdə idi... Kənd başını dağın ətəyinə söykəmişdi... Dağlar Qarabağın yuxa kimi yayılmış düzlərində ucalırdılar... Təcavüzə məruz qalan insanın humanizmi gülünc görünər... Elə hey qara bəxtin danlaq üzünə tüpürürdü. Son vaxtlar tüpürcəyi qurumuşdu...  Ayrılıq həyət iti kimi dişlərini qıcayıb onu sevginin cənnətinə buraxmamışdı... Qulaqları səs dəyirmanı kimi mərmilərin səsini üyüdürdü...  Güllə erməninin ayağı altındakı torpağı sovurub sifətinə çırpdı. Sanki torpaq onun üzünə tüpürürdü”...

 

Bundan başqa yazıçının cümlələrindəki yarmaça, hovur, yayın sümükqızdıran çağı, çarğat, dağlov, günəvər, tutaş meşə, gün teştə qalxan çağ, titim-titim titrəmək kimi söz və söz birləşmələri dilimizin dadı-duzu kimi tamlıdır, şipşirindir.

 

Ulu Nizami Gəncəvi ədalətli şah axtarırdı. Kənan Hacının ədalətli və humanist məhkəmə sədri isə xəyali şəxs deyildi, real şəxsiyyət idi, Azərbaycan igidiydi, dövlət məmuruydu. Məmur və humanizm, məmur və ədalət  sözləri çoxunun kinayəsinə səbəb ola bilər. Düşünərlər ki, məmur hara, haqq-ədalət hara? Unutmayaq ki, dünya xali deyil, məmurların da vicdanlısı az deyil. Əksər məmurlardan fərqli olaraq bu mənəvi dəyərlər Məhərrəm Məmmədovda cəmləşmişdi, onun iç dünyasınının işığı həmişəyanar idi.

 

Məhərrəm müəllim Vətənin əsgəriydi. Hər həftə Zərdabdan cəbhə bölgəsinə, müharibənin qaynar yerlərinə, səngərlərə gedirdi.Əsgərlərə yardım, ərzaqla bərabər mənəvi qida - ruh yüksəkliyi, inam, cəsarət, Vətən sevgisi aparırdı. O vaxtlar elə günlər idi ki, “yollarda ləpirlər güllələnirdi. Alnımıza yazılanları  başımıza yağan mərmilər pozurdu”...

 

Məhərrəm Məmmədov kim idi? İnsanların taleyinə laqeyd olmayan ədalət qoruyucusu, günahsızların himayəçisi, “güclünün deyil, zəifin yanında dayanan, cinayəti törədənə islah olunmaq üçün şans verən, insanda insanı oyatmaq cəhdi” ilə seçilən xalq adamı. Bircə an dincəlməyə vaxt tapanda da ağırbatman suallar və fikirlər ondan əl çəkmirdi:

 

“Xocalı qətliamını törədənlər cəhənnəmə də gedə bilməz. Bilmirəm o dünyada belələrinə ulu Tanrı yer hazırlayıbmı?..  Xocalıdan qayıda bilmiş, ordan sağ çıxmış azərbaycanlıların üzündəki ifadə qətl gününün şəklidir, dəhşət sözünün rəsmidir...  Hər hüceyrəsi ağrı olan ətdən və sümükdən ibarət insan bunca vəhşi ola bilərdimi?”. 

 

O, hətta təbiətin əhvalını düşünməyə də vaxt tapırdı:

 

“Qış öz vaxtında köçünü sürür, yazın gözəlliyini yayın qısqanclığı yandırıb külə döndərir. Payız gözünün qorasını axıtmalıdır, çünki onun qəlbinə sirribilinməz gözü yaşlı mələk hakimdir. Dərdini özü çəkməli, özü öz içindən sovulub talanmalıdır”.

 

Məhərrəm müəllim yorulmaq nədi bilmirdi. “Bilirdi ki, həyatın əlifbası çarpışmaqla başlayır”. Kənan Hacı qəhrəmanın hisslərini, həyəcanını, qəlbinin təlatümlərini  özünün qəlbinin çırpıntıları kimi duyaraq təsvir etmişdir.

 

Müəllif romanda  tariximizin ən azı, 200 illik tarixini vərəqləyir, Rusiyanın, İranın başımıza açdığı müsibətləri, siyasi oyunları, “Rusiyanın  maşa kimi istifadə etdiyi ermənilər”ə “ağu” vermələrini, quduz erməni küçüklərinin köpək havadarlarının işarəsi ilə üstümüzə tez-tez cummasını bir daha xatırladır, 1828-ci ildən  bu günə qədərki tarixə ekskurs edir. Mənfur və nankor qonşularımızın fürsətgirliyindən, ikiüzlülüyündən, qorxaqlığından, çətinə düşəndə buqələmun kimi xasiyyətlərini dəyişməsindən yazıb yaddaşımızı təzələyir. L.İ.Brejnevin ermənilərin sərsəmləmələrindən bezərək, “xvatit armyanskomu şovinizmu!” inkarından erməni havadarlarının Kremldən ayaqlarının kəsilməsindən sonra Qorbaçovun qərəzli hakimiyyəti dövründə Baş katibin və onun tamahkar arvadının qiymətli hədiyyələr müqabilində ermənilərə Qarabağı hədiyyə etməsi tariximizin ürəkgöynədən, ağrılı anlarıdır. 

 

Kənan bəy doğru olaraq bu hadisələri tez-tez yada salır ki, unutmayaq. Bunlar acı, utancverici olsa da Vətən tarixidir. Hər xalqın həyatında belə dönəmlər olur və yəqin ki, yenə olacaq.Əsas odur ki, nəticə çıxaraq, özümüzə qayıdaq, özünəqayıdışımız yaralarımıza məlhəm olacaq.

 

“Bəşər həyatı miqyasında həqiqət axtarışı, onu tapmaq, dərk etmək  sonsuz, nəhayətsiz bir prosesdir”. Həqiqət, ədalət, azadlıq aşiqləri doğulandan bu şirin nəsnələrə doğru yola çıxırlar. Elə hakim Məhərrəm Məmmədov kimi...

 

Hakim Məmmədov “iki cəbhədə döyüşürdü, həm ön cəbhədə, həm də hüquq keşikçisiydi” O, iş otağından daha çox cəbhə bölgəsində, əsgərlərin yanında olurdu. “Məhərrəmi iş otağında rahat oturmağa qoymayan da vətəndaşlıq duyğusu  idi”. Bu, bəşər övladına Tanrının verdiyi ən ali duyğuydu...

 

“Hakimə açılan atəş” romanında Zərdab rayonunda nəşr olunan “Əkinçi” qəzetinin (ruhun şad olsun, böyük Həsən bəy Zərdabi!) baş redaktoru, Məhərrəm müəllimin yaxın dostu və silahdaşı İsaməddin Əhmədovun (Cavadoğlu) hakim Məmmədov, birinci Qarabağ müharibəsi, Zərdab batalyonunun könüllülərinin döyüş rəşadəti, Sırxavənddə batalyonun beş əsgərinin itkin düşməsi, Məhərrəm müəllimlə bilikdə Qubadlıya, Agdama, Cəbrayıla səfərlər, əsgərlərlə görüşlər, məhkəmə sədrinin əsgərlərə ruh yüksəkliyi, inam aşılayan söhbətləri, A.Volski nümayəndəliyinin ermənilərə qahmar çıxması, münaqişəni daha da alovlandırması haqqında xatirələri Azərbaycan hərb memuar ədəbiyyatının unudulmaz anlarıdır. Baş redaktor tələbə dostunun mənəvi dünyası ilə zahirinin  bütövlüyündən fəxrlə söhbət açır:

 

“Bir məqam diqqətimdən yayınmadı, Məhərrəm kişi olmağına baxmayaraq, mən bircə dəfə də onun ağzından söyüş çıxdığını görmədim. Elə sözlər tapıb deyirdi ki, söyüşdən də kəskin olurdu. Bu, onun aldığı tərbiyədən, təhsildən, ziyalılığından irəli gəlirdi. Söyüşdən daha təsirli vasitələrdən istifadə edirdi, söz ehtiyatı olduqca zəngin idi”.

 

Yenə gözlərim önündən kinokadr keçir. 

 

4-cü kadr: “Döyüşçülərə yardım aparan Məhərrəm Məmmədovun və onunla birgə olanların qarşısını döyüşçülər kəsir, irəli buraxmırdılar. Hakimin səbri tükənir, mübahisə edir. Həmin silahlı adam avtomatı qaldırıb qışqırır: “hamınızı güllələyəcəyəm!”. Bu gərgin vəziyyətdə Məhərrəm müəllim sinəsini irəli verir: “vur, vur məni! Niyə dayanmısan?” Əli avtomatlı oğlan yerində quruyub qalıb. Yavaş-yavaş əlləri boşalır, avtomatı aşağı sallayır:  “mən sizin təhlükəsizliyinizə başımla cavabdehəm”.  Hakimin də əsəbi soyuyur, əsgərin çiyninə əlini qoyub mehribanlıqla deyir: “Biz hər şeyi göz altına almışıq”.

 

5-ci kadr: Bulvarda it gəzdirən qadın. “İnsanlarda  bu it qədər sədaqət yoxdur” gileyli qadına  “Tanrı hər şeyi bəxş etmişdi, bəxtinə də gün doğsaydı, o, xoşbəxt ola bilərdi”. “Sevgisinə qəsd edilən” qadınnın gözlərindəki hüznü Məhərrəm görməyə bilməzdi. O, qadının gözəlliyinə biganə olmasa da, “qadınların taleyi ilə oynamaq xarakterinə yad idi”. Sevmədiyi birinə ərə gedən qadın sevdiyi oğlanın yazdığı məktubları yaşadığı evin divarları arasında saxlayır, ev satılır, qadının sevgisi də, özü də yetim qalır. 

 

Məhərrəm bu görüşdən sonra dəfələrlə bulvara gedir, ancaq o qadına bir daha rast gəlmir... 

 

Və birdən - birə kadr dəyişir. 


 

6-cı kadr:  Yaralı əsgərlə qadın məsciddə. Qadın məscidin arxasındakı çaya enir. Bir azdan yaralı əsgər də taytıya-taytıya çayın sahilinə enir. Çox yorğundurlar. Qadın fikirləşir: “çiynində avtomatla yaralı əsgərlərə tibbi yardım etmək çətindir”... “İkinci bomba bu dəfə onların yaxınlığına düşdü... Saqqallılar məscidin içindədirlər. Əhvalatı  Məhərrəmə Kəlbəcər döyüşlərində tanış olduğu Əsgər danışır. Bəs qadın kimdir? Bu qanlı-qadalı səhnələrin sonu nəylə qurtarır? Qoy maraqlananları intizarda saxlayım...

 

Kənan Hacı sadəlövh, saf kənd uşağının  xarakterinin “zəif” cəhətini bir cümlə ilə yaddaşımıza həkk edir: “Kaş Universitet kəndimizə yaxın olaydı, hər gün anama baş çəkə biləydim”. Kənan bəy analı dünyasını əsərlərində, xüsusən də “Sonuncu dərviş” romanında  kövrək duyğularla qələmə alıb. Mən də analı günlərimə qayıtdım, anamın şəfqətli əllərinin sığalını saçlarımda hiss etdim...

 

Ölüm-itim, faciə, hüznlə ürəklərə dağ çəkən 7-ci kadr: “Əhmədbəyli yolu bağlanmışdı, ermənilər kəndi mühasirəyə almaq istəyirdilər. Həmin yolun bağlanması isə Zəngilanın, Qubadlının və Cəbrayılın mühasirəyə düşməsi demək idi. Məhərrəmgilin maşını da o səmtə doğru irəliləyir... Səfurə ana eşitmişdi ki, oğlu Əbil Zəngilanda mühasirəyə düşüb. Məhərrəmlə Tofiq cəbhə bölgəsindədir”. Ana ürəyi dözmür. Oğlanlarını görmək üçün Məhərrəmlə cəbhəyə yola düşür... Şiddətli döyüş gedən ərazilər qan qoxuyurdu. “Kültəpə səmtindən güllələr dolu kimi yağırdı. Yolu sağa burulub təxminən yüz metr getmişdilər ki, Kültəpədən atılan tank mərmisi maşının yaxınlığında torpağı göyə sovurdu. Bir andaca maşını alov bürüdü. Eyni anda ana ilə oğulun ruhu əbədiyyətə qovuşdu”...

 

8-ci kadr: Gözlərimin önündə “Ana və oğul heykəli canlanır. Ana oğlunu oddan-alovdan qorumaq üçün onu bərk-bərk sinəsinə sıxıb...

 

Belə kadrların sayı romanda  çoxdur. Mən ssenari yazmaq, kino sənətçilərinin çörəyinə şərik olmaq iddiasından uzağam. Bu işə ürəklə başlayan kino mütəxəssisləri olsaydı, Kənan Hacının “Hakimə açılan atəş” romanının motivləri əsasında yaddaqalan batal film çəkmək olardı...

 

Onda hələ Məhərrəm müəllimin övladları Adəm, Xəyyam, Ulduz və Nərgiz qayğısız uşaqlıq illərini yaşayırdılar, Yeksarə ana övladlarının gələcəyinə xəyalları ilə körpü salırdı. Bu qayğısızlığı və şirin xəyalları  uşaqların və ananın əlindən müharibə adlı quduz it qapazladı. İndi onların təsəllisi məğrur və qorxmaz bir nəslin nümayəndəsi Məhərrəm atanın əsl Vətən oğluna layiq şərəfli ömrü, şücaəti, vətənsevərliyi idi. Atanın müqəddəs ruhu onların qoruyucu mələyiydi...

 

Haqq, ədalət tərəzisini  şərəfli estafet kimi atası Məhərrəm Məmmədovdan qəbul edən Adəm indi hüquqşünas, Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. Vəkillik fəaliyyəti dövründə qırxdan artıq bəraət qərarının qəbul olunmasına  nail olub. Atası kimi həmişə haqqın tərəfində olub, humanizmi ilə seçilib. Adəm müəllim yaxşı bilir ki, “bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir” (Aristotel). Atasının yolu Adəmin həyat proqramıydı...

 

Ataların yolu övladlar üçün bir mayakdır, uğulara yol göstərən əbədi işıq... 

 


13.11.2021.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)