Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - Bəyaz qalanın əlçatmazlığı

Kənan Hacı - Bəyaz qalanın əlçatmazlığı

Kənan Hacı - Bəyaz qalanın əlçatmazlığı
Ədəbi tənqid
admin
Müəllif:
12:28, 09 oktyabr 2021
197
0
Kənan Hacı - Bəyaz qalanın əlçatmazlığı




 
Orxan Pamukun “Bəyaz qala” romanı üzərinə qeydlər
 
Orxan Pamuk bütün romanlarında həyatın sənətə, sənətin həyata necə nüfuz etdiyini incə ştrixlərlə göstərməyi bacarır. Bir dəfə Pamuk haqqında yazı yazmışdım və həmin yazıda qeyd etmişdim ki, “Bəyaz qala” romanında Şərqlə Qərb tamam başqa mədəniyyət olaraq qarşı-qarşıya qoyulur, bu mədəniyyətlərin oxşar və fərqli cəhətləri müzakirə olunur. Üz-üzə oturub günlərcə mübahisə edərək bir-birlərinin mədəniyyətini anlamağa çalışan iki insan, iki ayrı dünyanın insanı sonda bir-birinin içində əriyirlər. 
Bu günlərdə “Bəyaz qala”nı yenidən oxudum və növbəti mütaliə prosesində əvvəl nəzərdən qaçırdığım bir çox nüanslara diqqət etdim. “Bəyaz qala”da xəyalla gerçəklik bir-birinə qarışır. Yazıçı bu romanda xəyalların bir növ, dadını çıxarır, həm də yeni anlatma texnikasından yararlanaraq türk romanına forma və məzmun yeniliyi gətirir. Nəzərə alaq ki, yazıçı bu romanı 1984-85-ci illərdə, yaradıcılığının ilkin dönəmlərində yazıb. “Bəyaz qala” Pamukun sayca üçüncü romanıdır. Obrazlar başlanğıcda sadəcə, müxtəlif məqamlarda və məkanlarda başqa birisi olmaq, yeknəsək yaşam sıxıntısından xilas olmaq üçün fantaziyalar dünyasına dalan bir insanın xəyalıdır. Tədricən bu obrazlar iki fərqli dünyaları – Şərq və Qərbi təmsil edirlər. Bu qarşıdurma öz başlanğıcını məhz “Bəyaz qala” romanından götürür və Pamukun digər romanlarında davam etdirilir. Romanda Venesiyalı kölə ilə Şərqli qəhrəmanın bir-birlərinin yerinə keçmək istəyi sonda bir-birinin içində əriməsiylə nəticələnir. Kölə və ağanın timsalında bu tendensiya ustalıqla çözülür. Kölə köləlikdən çıxır, ağa isə ağalıqdan. Bir-birlərinin altereqosuna bürünürlər. Gələcəyə doğru addım atdıqlarını zənn edən bu iki şəxs əslində keçmişə qayıdırlar, gerçəklik addım-addım irəliləyib mistikanın içinə girir. 
Hocanın Qərbin fəlsəfəsinə və yaşam tərzinə olan marağı təməl mövzudur. Onlar eyni zamanda öz iç dünyalarına baş vururlar, itirilmiş “mən”i axtarırlar. Mən niyə mənəm, deyə özlərindən soruşurlar. İllüziyalar içində vurnuxurlar və hər ikisi padşah sarayına can atır, onun etibarını qazanmağa çalışır və bu yolla mənsəbə yüksəlmək niyyəti güdürlər. Onlar sanki əkiz qardaşlardır və bu əkizlik bir-birinin yerinə keçmə məsələsinin uc nöqtəsidir. Və şəxsiyyətin ikiləşməsi problemi bu məqamda Hessenin “Yalquzaq”ını xatırladır. 
Orxan Pamuk “Bəyaz qala”da Qərbin “Min bir gecə”si hesab olunan “Dekameron”a göndərmələr edir. Şəhəri vəba bürüyüb, Hoca ilə Venesiyalı bir hücrəyə sığınıb hekayətlər uydururlar. Onların həyatı o qədər bir-birinə bənzəyir ki, biri digərinin güzgüsünə çevrilir. Zahiri oxşarlıqdan şaşırmış qəhrəmanlar tale bənzərliyi baxımından da bir-birinin həyatını təkrarlayırlar. Başqa bir adam olmaq xəyalıyla yaşayan qəhrəmanlar hamı kimi böyük sıxıntının içindədirlər və bu sıxıntı Şərqin bir özəlliyi kimi təqdim olunsa da, daha çox dünyəvi, bütün yaranmışlara xas bir əndişədir. 
Orxan Pamuk bu romanı təsəvvüf və ekzistensial iplərlə xalça kimi toxuyub, ona irfan ilməsi vurub, sufi xislətli qəhrəmanlarının daxilinə nüfuz edərək onların xəyal dünyasını müxtəlif rənglərlə bəzəyib. Hoca ilə Venesiyalı bir az da Mövlana ilə Şəmsi xatırladır. Biri mürşiddir, o birisi müriddir. Hansı ustadır, hansı şagirddir? Sanki zaman bu əlaqələri tənzimləyir. Onlar uşaqcasına padşahı müxtəlif oyunlarla əyləndirirlər, silah icad edir, karnaval təşkil edir, ona münəccimlik edirlər. Padşah isə onların hoqqalarından son dərəcə məmnundur. Paradoksal məqam nədir? Padşah mətnin içində aramla gəzişən balaca qarışqaya bənzəyir. Bu balaca “qarışqa” Hocanın icad etdiyi saatın göstərdiyi vaxtın əsiridir. (!) Orxan Pamukun “Gizli üz”ündəki saatsazı xatırlayın. Orda saatsaz deyir ki, “insanlara saatları anlatmaq istəyirəm, mexanizmlərin incəliyini, yayların qorxuncluğunu, çarxların qaranlığını...” 
Həmin saatsaz “Bəyaz qala”dan çıxıb gəlmiş Hoca deyilmi?! Gənc fotoqrafın çəkdiyi şəkillərdə sevdiyi insanı axtaran qadın və ona aşiq olan fotoqraf. Qadının fotoqraf üçün buraxdığı mesaj: “Durma, səfər et diyari-qəlbə”. Bütün talesizlərin üzünü bir-birinə bənzədən tilsimi çözməyincə biz bu rəsmlərin enerji mənbəyini tapa bilməyəcəyik.Sonda fotoqraf axtardığı qadını qəlblər şəhərində tapır və həmişəlik itirir. Ömrünü üzlər və saatlar arasında keçirən qadın ona “axtardığın üz mən deyiləm” deyir. Rəsminə aşiq olduğumuz üzləri ürəklərimizin şəhərində axtarırıq və bəzən itirdiyimizi taparkən həqiqət şillə kimi üzümüzə dəyir: o deyilmiş!..
Müəllif özünün də etiraf etdiyi kimi, Övliya Çələbidən də əsinlənib. Əsərdə oxucu sanki işarələr aləminə düşür, əlamətlər hadisələrin təsadüf yaxud zərurət olmasıyla bağlı suallar doğurur. Osmanlının modernləşməsi prosesində şərqli ilə qərblini ayıran və birləşdirən xüsusiyyətlər sanki bir lakmus kağızıdır. Bu iki insan sanki cəza otağında bir masa arxasına zəncirləniblər. Kitabın az qala, bütün səhifələrindən sızan qorxu (vəbaya yoluxma qorxusu, padşahın qəzəbinə gəlmə qorxusu, əsirlikdən qaçarkən ələ keçmə qorxusu və s.) sonda qaçışla nəticələnir. Əsir padşahın yuxularını yozmaq, gələcəkdən yalan xəbərlər vermək əzabından qurtulur.
Yaradıcılığın qaynağı olan şüuraltı hər zaman qaranlıq olur və arzular, xəyallar o qaranlığın bir küncündə insanı gözləməkdədir. Ona yaxınlaşdıqca geri çəkilən bu amansız oyunçular sahibini daha da çıxılmaz labirintlərə sürükləyir. Portik düşüncə mətnin interyeri haqda dumanlı təsəvvürlər yaradır və irəlilədikcə bu duman çəkilir. Hoca ilə italyan kölə də bir-birinin içində əriyib bir bütöv olan obrazdır və onların bu labirintdən çıxa biləcəyi məlum deyil. Pamuk bu romanda ustalıqla oxucunu da həmin labirintə salır. “...insanlar özü kimi olmağa heç cür qatlana bilmir, bu səbəbdən həmişə başqa biri olmağa can atırlar”. 
Pamuk sonra yazır: “Həyatın ən xoş cəhəti xoş hekayələr uydurub onları dinləmək deyilmi?” Ən əsası, bu hekayələrə inanmaqdır. Hoca sidq-ürəkdən uydurduğu hekayətlərə inanırdı. Yüksək bir təpənin başında işıq saçan bəyaz qalaya yetişmək mümkünsüzdür. Amma insan yenə də inadla o əlçatmaz qalaya can atır, onu fəth etməyə çalışır...
Və beləcə, bu dəyişməz arzu insanı son gününəcən müşayiət edir... 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)